"Təbliğat-təşviqat sahəsini zəbt etmiş kaftar sürüsü zibilliyə atılmalıdır" — Aslan İsmayılovdan ÇAĞIRIŞ

GÜNDƏM 06 iyul 2021, 20:12
Tanınmış hüquqşünas Aslan İsmayılov sabiq deputat Etibar Hüseynovun Müsavat TV-nin efirində Prezidentin köməkçisi Hikmət Hacıyev haqda səsləndirdiyi qeyri-etik fikirlərə sərt reaksiya verib.

Aslan İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün Ramiz Mehdiyev və Əli Həsənovun köhnə komandası amansız mübarizəyə start veriblər:

"Mən ad çəkmədən "islahatçı komanda", "yeni komanda" deyəndə, nəzərdə tutduğum uğurlu şəxslərdən biri də məhz Hikmət Hacıyev idi. Bu gün də fikrimdə qalıram. Hesab edirəm ki, bugünkü hakimiyyətdə çox az olsa da, həqiqətən də, Vətənini, dövlətini, xalqını sevən cavan əməkdaşlar var. Onlardan biri də məhz Hikmət Hacıyevdir. Əvvəlki çıxışlarımda qeyd etmişdim ki, Ramiz Mehdiyevin, Əli Həsənovun tör-töküntüləri o qədər mütəşəkkil cinayətkar dəstə şəklini alıblar ki, onlar öz yerlərini elə-belə təhvil verməyəcəklər. Onlar amansız mübarizəyə qalxacaqlar. Ona görə ki, Etibar Hüseynovlar, Muradxanlılar, Rauf Arifoğlular, Aynur Camalqızılar, Vüsalə Mahirqızılar bu illər ərzində oliqarxlara çevrildilər. Bunların hərəsi "Jurnalistlər evi"ndə bir neçə mənzil alıblar. Bunlar biznes şəbəkələrinə malikdirlər, 100 minlik, 200 minlik, yarım milyonluq maşın sürürlər, milyonluq villaları var. Bunlar sadaladıqlarımı elə-belə əldən verməyəcəklər. Onların Hikmət Hacıyevin üstünə getmələri də təsadüfi deyil. Ona görə ki, müharibə dövründə kimin kim olduğu göründü. Bu, özündənrazılıq kimi çıxmasın. Müharibə dövründə Aslan İsmayılov olaraq, kimin müharibəyə necə yanaşdığını, torpaqlar uğrunda gedən savaşda necə iştirak etdiyini bəlkə də ölkədə bir neçə adamdan az bilərəm. Amma əksəriyyətdən çox bilirəm. Ona görə ki, gündə 20 saat bu məsələ ilə məşğul idim, kimlərin nə fəaliyyət göstərdiyini görürdüm. Həmin məqamda ön cəbhədə olan Ali Baş Komandanın yanında məhz Hikmət Hacıyev və bir neçə yeni kadrlar idilər. Efirdən əxlaqsızlıq püskürən Etibar Hüseynovun dediyi Hikmət Hacıyevin  şəkilləri tirajlananda, başa düşdüm ki, köhnə komanda Hikmət Hacıyevi vurur. Hikmət Hacıyev, təbiət etibarilə çox sakit mülayim adamdı, əvvəlkilər kimi bər-bəzəkli, ütülü deyil. Yəni, o köhnə nomenklaturaya məxsus olmayan, hamımızın arzuladığı məmur idi, hamıya əlçatan idi. Köhnə və yırtıcı komanda bunu bildiyinə görə, bu cavan kadrları vurmaq üçün iki yolu seçdilər. Birincisi, imkan düşən kimi özlərini bunların yanına soxub cəmiyyətə "biz yenə varıq" dedilər. Bunu da onlar çox gözəl bacarırlar və ustalıqla həyata keçirirlər. Ara-sıra başqalarının da üstünə getdilər və indi onların adını çəkmirəm, onları da nişangaha gətirməmək üçün. Hikmət Hacıyev kimi həqiqətən bu Vətənini, xalqını, dövlətini, millətini sevən bir neçə nəfər bu dəstə üçün düşməndir. Bu, mənim əvvəldən proqnozlaşdırdığım, sonradan gördüyüm və bundan sonra davam edəcək bir mübarizədir. Mənim də Hikmət Hacıyevə  bir iradım var. O da ondan ibarətdir ki, həqiqətən islahat aparmaq istəyən komanda o döyüşə hazır olmalıdır. Hamı ilə dil tapmağa çalışmaq lazım deyil, mən onu Ağdama gedəndə də gördüm. O səfərdə gördüm ki, o adamlar bir nəfəri belə Hikmət Hacıyevin yaxınına düşməyə qoymurlar. Yadınızdadırsa, həmin səfərdə mən gənc jurnalistlərdən bir neçəsinə o cümlədən Sizə də dedim. Həmin səfərdə Mir Şahin, Rauf Arifoğlu, Vüsalə Mahirqızı, Aynur Camalqızı kimilər Hikmət Hacıyevin ətrafına başqalarının yaxınlaşmasına imkan vermirdilər. Hörmətli Hikmət Hacıyev, nə qədər gec deyil, bunları görməlisiniz və onları yanınızdan qovmalısınız. Çünki bunlarla dil tapmaq mümkün olmayacaq. Ya bunlarla mübarizə aparıb onları qovmalı, gəlir yerlərini, onlara hər ay ayrılan paketləri kəsməli, ya da Ramiz Mehdiyevin, Əli Həsənovun getdiyi yolu getməlisiniz. Ona görə ki, bu dəstə başqa yolu qəbul etməyəcək" - deyə hüquqşünas qeyd edib. 

A.İsmayılov Azərbaycanın vicdanlı və yeni mediasını Hikmət Hacıyevə və onun kimi səmimi olmaq istəyən məmurlara qarşı qarayaxma kampaniyası təşkil edənlərə qarşı mübarizə aparmağa çağırıb: 

"Mən buradan Azərbaycanın həqiqətən jurnalistikasına, qələminə sadiq olanlara müraciət edirəm. Siz, bu mübarizədə kənarda qalmayın. Bu gün qələminə hörmət edən, kölgədə qalıb "tanınmayan", amma vicdanlı və peşəkar jurnalistlər Ramiz Mehdiyevin, Əli Həsənovun dəstəsini ifşa etsinlər. Onlara hər ay hansı məmur oliqarxların paket ayırdığını, kimlərin biznes yaratdığını, bu illər ərzində reketliklə qazandıqlarını cəmiyyətə çatdırsınlar. Bunlar zibilliyə atılmamış bu ölkədə heç nə düzələn deyil. Bunu sizə əminliklə deyirəm. Ölkəni düzəltmək üçün ilk növbədə təbliğat-təşviqat sahəsini zəbt etmiş kaftar sürüsünü aralayıb, zibil yeşiyinə atmaq lazımdır. Başqa yolu yoxdur. Bu gün sakit duran jurnalistlər bilsinlər ki, Aynur Camalqızı "kül başına" sözünü heç də şüursuz şəkildə deməmişdi. O, sizlərlə özünü bir cərgədə görmək istəmir, bunu özünə eyib bilir. Çünki Aynur kimilər Əli Həsənovun dövründə onlar üçün əlahiddə bir şəraitin yaradıldığını görüblər. Bunun da davam etməsini istəyirlər, yeni və potensialı olan gəncləri qəbul etmək istəmirlər. Səxavət Məmməd, Nail Kəmərli, Vidadi Məmmədov və mediada haqqı olan digərləri önə çıxmalıdırlar. Onlar bunların istedadını, təmizliyini bilib nifrət edirlər. Ona görə də, Aynur Camalqızı "kül başına" jurnalistlərə deyir. Bu ifadəni qəbul etməməlisiniz, onların cavabını verib, ifşa edərək cəmiyyətə tanıtmalısınız ki, bu cür yırtıcılar kimdir... 10-15 ildir, Azərbaycan xalqının əxlaqını, mənəviyyatını korlayan kimlərdir...". 
Aygül
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top