Xarici media nümayəndələri Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində oldular


MEDİA 05 iyl 2021, 15:13
Azərbaycanda səfərdə olan xarici ölkələrin media nümayəndələri işğaldan azad edilən Ağdam şəhərində olublar.

Demokrat.az xəbər verir ki, onlara Ağdam rayonunda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti barədə geniş məlumat verilib.

Qeyd edək ki, Rusiya və Türkiyə müdafiə nazirlərinin imzaladığı memoranduma əsasən yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi cari il yanvarın 30-da fəaliyyətə başlayıb. İşğaldan azad edilən Ağdam rayonunun ərazisində inşa edilmiş Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidmətin inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlarla – su, elektrik və istiliklə təmin olunub. Ondan əlavə, hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var. Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada 2 ədəd idman şəhərciyi, eləcə də 2 ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarları yerləşir. Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədad müşahidə-nəzarət qülləsi quraşdırılıb, sutkalıq müşahidə təşkil olunub. Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla təmin edilmiş istirahət otaqları da hazırlanıb.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top