Milli Məclisdə "Azərsu" tənqid edildi: “Yay fəslinin gəldiyi cəmi 10 gündür, amma...”

GÜNDƏM 02 iyl 2021, 11:55
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Gəncədəki su qıtlığı ilə bağlı Hesablama Palatası və Baş Prokurorluğa müraciət edib.

Demokrat.az xəbər verir ki, Musa Quliyev parlamentin bu gün keçirilən iclasında bildirib ki, yay fəslinin gəldiyi cəmi 10 gündür, amma Gəncədə artıq ağacların payızıdır:

“Susuzluqdan yanan ağacların yarpaqları tökülür, xəzəli küçələrdən yığışdırıb qurtarmaq olmur. Körpə fidanlarla yanaşı 100- 150 il yaşı olan Gəncə çinarları da quruyub məhv olur. Bir çox məhəllələrdə evlərə gündə cəmi 2 saat su verilir. Gəncənin qədim kəhrizlərini və arxlarını sıradan çıxartdılar ki, şəhərin su- kanalizasiya sistemi yenidən qurulur”.

Komitə sədri bildirib ki, 2011- ci ildə "Azərsu" ASC- nin başladığı layihənin indiyədək cəmi 42%-i icra olunub:

“200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq nəticə yoxdur. Əslində nəticə var: bu qazıq-qazıq küçələr, gündə bir küçədən partlayıb dağılan keyfiyyətsiz qurulan kanalizasiya xətləri, su qıtlığı və əhalinin narazılığıdır. Ən acınacaqlı nəticə isə odur ki, həmin layihə vəsait çatışmazlığı səbəbindən bu ilin 1 yanvar tarixindən dayandırılıb. Bu cinayətdir, xalqa və dövlətə qarşı cinayətdir. Mən Hesablama Palatasına səslənirəm: araşdırın, bu layihənin maliyyə təminatının məqsədyönlülüyünü, mən Respublika Prokurorluğuna müraciət edirəm: yoxlayın bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub? Gəncədə yaşıllıqlar məhv olur, insanlar əziyyət çəkir.

Son 10 ildə Gəncənin ətrafındakı Cavad xan, Məhsəti, Şıxzamanlı, Natavan qəsəbələrində 6000-ə yaxın fərdi yaşayış evləri tikilib. Heç birinin də su-kanalizasiya təchizatı yoxdur. Təcili şəkildə bu problemlər öz həllini tapmalıdır. Hazırda Gəncənin su probleminin həlli üçün 30 yeni artezian quyusu qazılmasına ehtiyac olduğu halda bu il cəmi 1 artezian quyusu qazılması nəzərdə tutulur. Mən hökumətə müraciət edirəm: cənab baş nazir, Gəncənin su qıtlığı problemini nəzarətinizə götürün və qısa müddətdə həlli üçün müvafiq qurumlara tapşırıq verin”.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top