YAP Pirallahı rayon təşkilatının III hesabat konfransı keçirildi — FOTOLAR


DAXİLİ SİYASƏT 01 iyl 2021, 15:30
İyulun 1-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının videoformatda III hesabat konfransı keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəlik təsdiq edildikdən sonra YAP Pirallahı rayon təşkilatının sədr əvəzi Əli Kərimov hesabat məruzəsi ilə çıxış edib.

Hesabat məruzəsində bildirilib ki, YAP Pirallahı rayon təşkilatı fəaliyyətində Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin ideyalarının və partiyamızın Sədri, Prezident İlham Əliyevin uğurlu siyasətinin əhali arasında geniş şəkildə təbliğ olunması əsas yer tutur.

Qeyd olunub ki, hazırda YAP Pirallahı rayon təşkilatı üzvlərinin sayı 6 201 nəfərdən ibarətdir ki, bu da əhalisinin sayı 20 mindən bir qədər çox olan rayon üçün böyük göstəricidir. 2017-ci ilin  mayında keçirilmiş  II konfransdan bu günədək ötən müddətdə təşkilatın fəaliyyəti məhsuldar olub, partiya rəhbərliyi tərəfindən verilən tapşırıqlar və qarşıya qoyulan vəzifələr yerinə yetirilib. 2017-2021-ci illəri əhatə edən hesabat dövrü ərzində rayon təşkilatı tərəfindən partiya sıralarına 1795 nəfər qəbul edilib.

Daha sonra YAP Pirallahı rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Anar Babayevin hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı YAP Pirallahı rayon təşkilatının Şura üzvü, Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Aysel Qəribli, “Abşeronneft” NQÇİ ərazi ilk partiya təşkilatının sədri, YAP Pirallahı rayon təşkilatının Şura üzvü Şamil Kazımov və YAP Pirallahı rayon təşkilatının Şura üzvü, 168 saylı orta məktəbin müəllimi Sevda Alxasova çıxış edərək YAP Pirallahı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ötən illər ərzində böyük inkişaf yolu keçdiyini bildirib. O qeyd edib ki, fəaliyyət göstərdiyi 29 il ərzində partiyamız möhtəşəm uğurlara imza atıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib.

Əhliman Tağıyev Pirallahı rayon təşkilatının ən fəal yerli strukturlardan biri olduğunu deyib,  həmçinin  yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən də ətraflı şəkildə bəhs edib.

Qeyd edək ki, YAP Pirallahı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sen 2021, 17:27
26 sen 2021, 17:00
Top