Tarif Şurasının son qərarının kökündə əhalinin həssas təbəqəsinin vəziyyətinin yaxşılaşması faktoru dayanır

GÜNDƏM 30 iyn 2021, 17:46
Tarif Şurasının son qərarının əhalinin sosial baxımdan həssas təbəqələrinə hər hansı ciddi təsiri gözlənilmir. Qərar verilərkən bu amil xüsusi olaraq nəzərə alınıb. Sadə dildə desək, qərarın daha çox böyük evlərin, mülklərin sahiblərinə təsiri ehtimal olunandır. 

Ümumiləşdirsək, qərarın kökündə əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin ağırlaşmaması faktoru dayanır. 

Qərarda diqqət çəkən önəmli məqam "Azəristiliktəchizat" ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə tarifin 20 qəpikdən 13 qəpiyə düşməsidir (35 faiz azalma). Burada əsas məqsəd təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin daha da optimallaşdırılmasıdır.
Bundan başqa,  qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 7 qəpik və yaxud 35% azaldılaraq 20 qəpikdən 13 qəpiyə endirilib. Bu addım atılarkən başlıca məqsəd kimi ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq götürülüb. 

Qərarın sənayə və kənd təsərrüfatı sahələrinə də heç bir təsiri olmayacaq.  Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırkı 20 qəpik səviyyəsində saxlanılıb. Beləliklə, bu sahədə tariflər eyni qalır və bu o deməkdır ki, hər hansı bahalaşma mümkün görünmür.

Qərarla elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb və 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

Ümumilikdə Tarif Şurasının qəbul etdiyi son qərarda sadalananlarla yanaşı, aşağıdakı digər əsas məsələlər yer alıb: 

- Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb;

- İllik istehlak həcminin 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib;

- Ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq məqsədilə sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Qərarın 1 iyul 2021-ci il tarixindən qüvvəyə minməsi nəzərdə tutulub.

COVİD-19 pandemiyası dövründə əhalinin gəlirlərinin azalması nəzərə alınaraq, əhali üzrə istehlak həcmi artırılıb və bir əhali abonenti üzrə 1,3 min kub metrdən 1,6 min kub metrə yüksəldilib. Bu, zərərin daha da artması ilə nəticələnib və həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanıb.

Təbii qaz üzrə son tarif tənzimlənməsi 2016-cı ilin noyabr ayının 28-də aparıllıb və ötən müddət ərzində Azərbaycanda təbii qazın qiymətində dəyişiklik edilməyib. Son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 528,5 manat təşkil edib. Ötən müddət ərzində orta aylıq əmək haqqı 35% artaraq 2021-ci ilin aprel ayı üzrə 713,2 manat olub.

Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top