“Media haqqında” Qanun layihəsi müzakirə olundu — VİDEO

DAXİLİ SİYASƏT 29 iyn 2021, 18:59
İyunun 29-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi keçirilib.
Müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi, AZƏRTAC-ın İdarə Heyətinin üzvləri və struktur rəhbərləri iştirak edirdilər.


Əvvəlcə, ulu öndər Heydər Əliyevin AZƏRTAC-ın binasının foyesindəki büstü önünə güllər düzüldü, xatirəsi ehtiramla yad olundu. AZƏRTAC-ın və AzTV-nin Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistləri Məhərrəm İbrahimovun və Sirac Abışovun xatirə guşəsindəki portretləri önünə də güllər qoyuldu.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov tədbirdə çıxış edərək, qanun layihəsinin mətbuat orqanları arasında ilk müzakirəsinin AZƏRTAC-da keçirilməsinə görə Medianın İnkişafı Agentliyinin rəhbərliyinə minnətdarlığını bildirdi. Ulu öndər Heydər Əliyevin mətbuata böyük önəm verdiyini, jurnalistlərə və mediaya xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladan A.Aslanov qeyd etdi ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkəmizdə senzura ləğv olundu, mətbuatın fəaliyyətini nizamlayan qanunvericilik bazası yaradıldı. Sonrakı illərdə Ulu Öndərin KİV sahəsində siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə milli mediamızın müasir dövrün tələbləri səviyyəsinə yüksəldilməsi istiqamətində mühüm islahatlar aparıldı.

“Hazırda media məkanında sürətli qloballaşma gedir, mətbuatın cəmiyyətdə rolu görünməmiş dərəcədə artır. Buna müvafiq olaraq informasiya mühiti gündən-günə modernləşir. Qabaqcıl texnologiyalar həyatımıza sürətlə daxil olur, aparıcı trendlər meydana gəlir. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkarlıqla məlumatlandırmaq vəzifəsi dayanır. Bu baxımdan qanunvericiliyin təkmilləşdirilməsi günün ən vacib tələbidir. Əminəm ki, Medianın İnkişafı Agentliyi bu sahədə üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcək”, - deyə İdarə Heyətinin sədri bildirdi.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Media haqqında” Qanun layihəsinin müzakirəsinə yaratdığı şəraitə görə AZƏRTAC-ın rəhbərliyinə minnətdarlığını ifadə etdi.

Yeni qanun layihəsi haqqında məlumat verən icraçı direktor bununla bağlı müzakirələrin aparılmasının əhəmiyyətindən söz açdı. O, Azərbaycanın ilk informasiya agentliyi olan AZƏRTAC-ın təcrübəli jurnalistlərinin fikirlərinin ümumi işin xeyrinə ola biləcəyini vurğulayaraq, onları işgüzar fikir mübadiləsinə çağırdı.

Sonra Medianın İnkişafı Agentliyinin Hüquq departamentinin direktoru Rəqsanə Kərimova qanun layihəsinin təqdimatını etdi. Bildirildi ki, layihənin müddəaları Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, ölkə hüdudlarından kənarda olan və fəaliyyəti respublikamızın ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün media subyektlərinə, habelə xaricdə yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə və jurnalistlərə şamil olunur. Departament direktoru tədbir iştirakçılarını media subyektləri (audiovizual, çap və onlayn media subyektləri, informasiya agentlikləri), səlahiyyətli orqanlar, mediada yayımlanan informasiyalara dair tələblər, media subyektinin informasiyasından istifadə, media reyestri, jurnalistlərin akkreditasiyası və qanun layihəsinin digər müddəaları barədə ətraflı məlumatlandırdı.

Tədbir qanun layihəsinin diskussiya şəraitində aparılan müzakirəsi və fikir mübadiləsi ilə davam etdi, iştirakçıları maraqlandıran bir sıra suallar cavablandırıldı.

.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top