Politoloq: "Ermənistan artıq Rusiyanın deyil, Azərbaycan və Türkiyənin diqtəsi ilə hərəkət etməyə məcbur olacaq"

GÜNDƏM 28 iyn 2021, 15:42
“Ermənistan üçün yeni bir dövr başlayır. Paşinyan artıq seçkilərin nəticəsinə görə hakimiyyətə gəldi. Onun məqsədi bizə məlumdur, o, hətta seçilməmişdən əvvəl də bunlar məlum idi. Paşinyan siyasətində Qərbə doğru istiqamətlənmək istəyir. Bunun üçün onun qarşısındakı ilk vasitə Azərbaycan və Türkiyədir. Yəni o, bu istəyinə çatmaq üçün bu iki dövlətlə arasında olan maneələri aradan qaldırmalıdır. Paşinyan da yaxşı anlayır ki, birbaşa Qərbə çıxış onun üçün çətin ola bilər. Ona görə də, o, Azərbaycan və Türkiyənin vasitəsilə iqtisadi imkanları bərpa edib, həmçinin Qərbin də dəstəyini alıb siyasətini reallaşdıra bilər”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, Ermənistan üçün vacib dövrün başlaya biləcəyini qeyd edib:

“Prezident İlham Əliyevin irəli sürdüyü şərtlər əslində Ermənistanın özü üçün də çox əhəmiyyətlidir. Nəzərə alaq ki, Rusiyanın bundan sonra Ermənistana əvvəli kimi hərbi dəstək verəcəyi gözlənilmir. Rusiya Ermənistanda Qərbyönümlü hakimiyyətin olmasını qəbul etmir və heç cür ciddi dəstək verməz. Ermənistan isə 44 günlük müharibədə ordusunun 70 faizini itirdi. Ermənistannın hərbi cəhətdən toparlanması üçün 40-50 il vaxt lazımdır. Başqa sözlə desək, Rusiya da əvvəlki kimi dəstək verməyəcəyi üçün Ermənistanın hazırda ordu quruculuğu həyata keçirməsi real görünmür. Bunları nəzərə alan Paşinyan müəyyən zaman çərçivəsində Azərbaycanla sülh danışıqlarına gedəcək. Yəni Ermənistan rəhbərliyi istəsə də, istəməsə də, Azərbaycan prezidentinin irəli sürdüyü şərtləri qəbul etməlidir”. 

Politoloqun fikrincə, Ermənistan rəhbərliyi də anlayır ki, Azərbaycan prezidentinin irəli sürdüyü şərtləri qəbul etməsə, onları çox ağır dövr gözləyir:

“Ermənistan bu şərtləri qəbul etməsə, bundan da betər vəziyyətə düşə bilər. Ölkə hazırda blokada vəziyyətindədir. Zəngəzur dəhlizi açılmasa, bu blokada vəziyyəti daha da sərtləşəcək. Qonşu ölkələri ilə sərhədləri bağlı olduğu üçün Ermənistanı daha ağır vəziyyət gözləyə bilər. Azərbaycan və Türkiyə hava məkanını bağlasa, Ermənistana daha çox ziyan dəyər. Paşinyan bütün bunları başa düşür və bu ehtimalları nəzərə alır. Paşinyan seçkilərdən əvvəl də xalqının mövcud vəziyyətini yaxşılaşdırmaq üçün addımlar atacağının mesajını verib. Köçəryandan fərqli olaraq o, müharibənin deyil, əməkdaşlığın, iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır. Buna görə də o, ən qısa zamanda bu istiqamətdə addımlar atacaq. Bununla da, Ermənistanda yeni mərhələ başlayacaq. Yeni dövrdə Ermənistan artıq Rusiyanın deyil, Azərbaycan və Türkiyənin diqtəsi ilə hərəkət etməyə məcbur olacaq. Bununla da, Paşinyan həm proseslərdə Azərbaycanın icazəsini almış olacaq, həm də ölkəsinin vəziyyətini “ölü nöqtə”dən çıxaracaq”. 

Politoloqun fikrincə, sərhəddə olan təxribatlar diqqəti yayındırmaq məqsədi daşıyır və bu addımlar iki dövlət arasında münasibətlərin normallaşması prosesinə mane ola bilməyəcək:

“Düşünürəm ki, yaxın dövr üçün bu proseslər başlayacaq. Bu, Ermənistanın özü üçün vacib perspektivdir. Prezidentin səsləndirdiyi fikirlərin arxasında da bu yolda onlarla əməkdaşlıq, dəstək dururdu. Prezidentin də dediyi kimi, Azərbaycanın onlara deyil, onların Azərbaycana və onun dəstəyinə ehtiyacları var.

İndi sərhəddə müəyyən təxribatlar olur, əslində bu, normaldır. Çünki ordu içərisində Köçəryanın, Rusiyanın tərəfdarı olan qüvvələr çoxdur. Onlar bununla başlamaqda olan sülh proseslərini, delimitasiya və demarkasiya işlərini gecikdirmək istəyirlər. Paşinyan hakimiyyəti tam olaraq öz nəzarətinə götürdükdən sonra bu vəziyyəti düzəldəcək. Onun işi hazırda o qədər də asan deyil, hazırda dövlət xidmətlərində Rusiyanın təsirini azaltmağa çalışır”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top