Bəhruz Məhərrəmovdan Aslan İsmayılova cavab: “Bu problemdə deputatı o zaman ittiham etmək olar ki...”

GÜNDƏM 28 iyn 2021, 15:26
Hüquqşünas Aslan İsmayılov Biləsuvar rayonunun su təminatı ilə bağlı tənqidi video paylaşaraq, aiddiyati qurumların və deputatın məsələyə biganəliyini ifadə edib.

Məsələ ilə bağlı Biləsuvar rayonunun deputatı Bəhruz Məhərrəmov Pravda.az-a açıqlama verib.

B.Məhərrəmov bildirib ki, Aslan İsmayılovun bu məsələni, həqiqətən də, ürək yanğısı ilə bir nəticəyə nail olmaq üçün ictimailəşdirdiyinə inanmaq istəyir: “Həmçinin ictimai fəal olaraq, bundan sonra Biləsuvarın su təminatı ilə bağlı problemlərinin ictimailəşdirilməsi təşəbbüslərimizə dəstəyini davam edəcəyinə də inanıram. İçməli və suvarma suyunun təminatında ciddi problemlərin olması ilə bağlı mən istər Milli Məclisin plenar iclaslarında, həmçinin, cənab Baş nazirin özünün iştirakı ilə Hökumətin hesabarlarında dəfələrlə məsələ qaldırmışam. Habelə, mərkəzi icra hakimiyyəti orqanları ilə Biləsuvar rayonun su təminatı sahəsində ciddi müzakirələrim, rəsmi yazışmalarımız var. Əvvəl də demişəm, bu gün də deyirəm, Biləsuvarın təməl problemi su məsələsidir. Su probleminin həlli, bizim rayonda həm məşğulluq probleminin, həm də yay aylarında sosial gərginliyin köklü həlli demək olacaq. Bunun üçün, rayonda Bolqarçay su anbarı bərpa olunmalıdır, ikincisi, rayona əlavə içməli su xətti çəkilməlidir. Yəni deputat olaraq bu problem Parlamentdə ilk dəfə mənim tərəfimdən ictimailəşdirilib, bu gün də təmaslarımız davam edir, fürsətdən istifadə edib bir daha aidiyyatı hökumət strukturlarına da problemin dözülməz həddə çatması ilə bağlı çağırış edirəm. Bu problemdə deputatı o zaman ittiham etmək olar ki, millət vəkili məsələyə laqeyd qalsın, amma Milli Məclisin stenoqramları ortada, mediada kifayət qədər sərt çağırışlarımız ortada, rəsmi yazışmalarımız ortada. O ki, qaldı Aslan İsmayılovun paylaşımına, inanıram ki, o, həqiqətən, ürək yanğısı ilə, bir nəticəyə nail olmaq üçün ictimailəşdirib. İstənilən halda, medianın və ictimaiyyətin diqqətini bir daha məsələyə yönəldə bildisə, Aslan müəllimə təşəkkür edirəm. İnanıram ki, ictimai fəal olaraq, bundan sonra Biləsuvarın su təminatı ilə bağlı problemlərinin ictimailəşdirilməsi təşəbbüslərimizə dəstəyini davam edəcək. Konkret adı keçən kəndə gəlincə, Təzəkənd Biləsuvarda artezian quyusu vurulması mümkün azsaylı ərazilərimizdəndir, digər kəndlərdə yerdən şirin su çıxmır, bu kəndə isə belə bir imkan var. Cənab Prezidentin də Sərəncamına əsasən, Təzəkənddə bir neçə ay öncə artıq artezian quyusu vurulub, texniki məsələlərə görə proses geciksə də, bu yaxınlarda quyu tam istifadəyə veriləcək. Yəni həmin kənddə su problemi həllini tapmaq üzrədir. Lakin hələ də su təminatında ciddi çətinlikləri olan vəziyyətin daha acınacaqlı olduğu digər kəndlərimiz var ki, orada problemə son qoyulması üçün mərkəzi səviyyədə müdaxilə olunmalıdır”.

Hüquqşünas Aslan İsmayılovun Feysbukda paylaşdığı video ilə buradan tanış ola bilərsiz.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top