Hərbi ekspert: "Prezident hər zaman hərbçilərə yüksək qiymət verir, onların problemlərini diqqətdə saxlayır"

GÜNDƏM 26 iyn 2021, 14:34
“Bu il artıq ikinci dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə xidmət keçən hərbçilərin əmək haqqlarına əlavələrin müəyyən edilməsi ilə bağlı qərar verildi. Daha əvvəl ilin əvvəlində hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilmişdi. Bu, olduqca əhəmiyyətli və ciddi addımdır”.

Bu sözləri Demokrat.az-a hərbi ekspert Emin Həsənli işğaldan azad olunmuş ərazilərdə xidmət göstərən hərbçilərin məvaciblərinə əlavələrin müəyyən edilməsi ilə bağlı danışarkən deyib.

O, hərbçilərlə bağlı verilən son qərarların dövlətin diqqətinin nəticəsi olduğunu bildirib:



“Bu ərazilərdə xidmət edən hərbçilər üçün daha çətin şəraitdir. Həm ərazilərin minalanmış olması, həm infrastrukturun yaxşı olmaması nəzərə alınır. Bu ərazilərdə bərpa işləri başlayıb, ümid edirik ki, qısa zamanda infrastruktur tam bərpa olunar. Prezident hər zaman hərbçilərə yüksək qiymət verir, onların problemlərini diqqətdə saxlayır. İndi də bu proses davam edir. Hərbçilərimizin ard-arda həm medallarla təltif olunması, həm də azad edilmiş ərazilərdə olan hərbçilərimizin qiymətləndirilməsi bu diqqətin nəticəsidir. Bu, dövlətin ordumuza olan yüksək ehtiramının göstəricisidir”.

Hərbi ekspert təkcə ordunun şəxsi heyətinin deyil, şəhid ailələrinin və qazilərin də diqqət saxlanılmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb:

“Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin mənzil-məişət şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət sistemli və ardıcıl işlər görür. Şübhə yoxdur ki, bu işlər bundan sonra da davam etdiriləcək. Şəhid ailələrinə və qazilərə də diqqət yüksək səviyyədədir. Şəhid ailələrinə mənzillərin, əlillərə maşınların verilməsi prosesi davam etdirilir. Prezident təqaüdləri təyin edilir. Bu addımların ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlməsinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından əhəmiyyəti böyükdür. Xalqımız bu sərəncam və addımları yüksək qiymətləndirir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top