Politoloq: “Ermənistan əhalisi Paşinyanı seçməklə, həm də Azərbaycanla birgə əməkdaşlığı seçdi”

GÜNDƏM 22 iyn 2021, 12:40
“Azərbaycanın müharibədəki qələbəsi Ermənistanın siyasi müstəvisində də hiss edilir. Regionda ciddi siyasi dəyişikliklər baş verir. Azərbaycanın qələbəsi də bu siyasi proseslərə böyük təkan verib. Artıq regionda aparıcı rolu Azərbaycan və Türkiyə, həmçinin bu iki ölkənin münasibətləri oynayır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ermənistdanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın partiyasının qələbəsəni şərh edən İlqar Vəlizadə bu nəticədə Azərbaycanın təsirinə toxunub:

“Ermənistandakı seçkilərin nəticəsi bilavasitə Azərbaycanın müharibədəki qələbəsinin təzahürüdür. Paşinyanın qələbəsi Ermənistan üçün yeni reallıqlar vəd edirdi. Çünki Köçəryan köhnə gündəlikləri açıb, əvvəlki məsələləri gündəmə gətirmək istəyirdi. O, seçkidən əvvəl də revanşist iddialarla çıxış edirdi, lakin Ermənistan əhalisi də anladı ki, bu, mümkün deyil. Erməni cəmiyyəti ikinci müharibənin Ermənistanın belinin qırılması demək olduğunu qəbul etdi. Onlar bunu anlayaraq seçim etdilər. Paşinyan bu məsələdən məharətlə istifadə etdi, rəqiblərinə qarşı bu nüansdan istifadə etdi”. 



Politoloq artıq Ermənistanın Azərbaycanla əməkdaşlıq üçün ciddi və real addımlar atacağını düşündüyünü bildirib:

“Paşinyanın seçilməsi ilə Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıq perspektivləri görünür. Burada üçtərəfli bəyanatın şərtlərinin reallaşdırılması da rol oynayır. Ermənistan artıq imzalanan hər iki bəyannamədəki şərtləri yerinə yetirərək, Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına çalışacaq. Bunu hansı formada və hansı sürətlə edəcəklər, bunu hələ bilmirik. Üçtərəfli bəyanatın yerinə yetirilməsi yol xəritəsidir. Ermənistan hələ ki, bu yolun əvvəlindədir, amma bu yolda irəliləyərək, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağa məcbur olacaqlar. Bunun başlanğıcı da Ermənistanın Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanıması olacaq. Azərbaycan müharibədəki qələbəsi ilə regionda yeni reallıq yaratdı. Ermənistan əhalisi də seçkilərdə Paşinyanı seçməklə, həm də bu reallığa uyğunlaşmağı, Azərbaycanla birgə əməkdaşlığı seçdi”.


Aygül Qarayeva
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top