Qərb qazandı, Rusiya itirdi: Ermənistanda seçkilər və ermənilər üçün perspektiv imkanlar

TƏHLİL 21 iyn 2021, 19:00
Ermənilər müharibə vəd edən Koçaryanı yox, müharibədə məğlub olmuş və yeni müharibə istəməyən Nikol Paşinyanı seçdi. Bu, 30 illik işğal dövründə Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdə xalqın bezməsi və 44 günlük müharibədən sonra yaranmış qorxularının nəticəsidir.

Burada ən mühüm məqam Azərbaycan Prezidenti İlham Əliyevin illərdir apardığı strategiyadır.

Prezident İlham Əliyev Azərbaycanı regionun əsas ölkəsinə və beynəlxalq münasibətlərdə həlledici oyunçusuna çevirdi.

Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrildi, iqtisadi potensialı gücləndi, hərbi qüdrəti artdı, beynəlxalq münasibətlərdə nüfuzlu ölkələrdən biri oldu.

Azərbaycan torpaqları işğal altında olsa da, regionun ən qüdrətli ölkəsi idi. Ermənistan torpaqlarımızı işğal altında saxlasa da, bütün sahələr üzrə geridə qaldı. 

Bu, Prezident İlham Əliyevin işğalçı ölkəyə qarşı təcrid siyasətinin bəhrəsi idi, Ermənistan blokadaya salındı, regionun siyasi və iqtisadi həyatından kənarda qaldı, ölkənin iqtisadiyyatı çökdü, əhalinin sosial durumu ağırlaşdı, Ermənistan xarici yardımdan asılı vəziyyətə düşdü. Buna paralel olaraq, beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində əvvəlki dövrdə əldə etdiyi üstünlükləri itirdi.

Ermənistan xalqı işğal siyasətinin onların həyatı bahasına başa gəldiyini anladı. 2016-cı ilin “aprel müharibəsi” və Azərbaycanın qazandığı təkcə Serj Sarkisyanın hakimiyyətdən getməsinə səbəb olmadı, həm də erməni cəmiyyətinin işğal siyasətinin onlara gətirdiyi bəlalara ilk etirazı idi. 

2020-ci ildə 44 günlük Vətən müharibəsi Ermənistanı tamamilə çökdürdü və erməni xalqı çıxış yolunun müharibə olmadığını anladı. Nikol Paşinyanın qalib gəlməsinin əsas səbəbi də budur. 

Koçaryan-Sarkisyan cütlüyünün məğlubiyyəti isə göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Bir daha aydın oldu ki, Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil.

Seçkinin nəticələri sübut etdi ki, erməni xalqı revanşist meyllərə yox deyir, məğlubiyyətdən sonra demoralizə olunub və artıq müharibədən bezib. Revanşistlər bütün qüvvələrini səfərbər etsələr də, xaricdən ciddi dəstək alsalar da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar. Artıq onların heç bir siyasi perspektivi yoxdur.

Bu seçki Ermənistanda Qərb və Rusiyanın da mübarizəsi olaraq qiymətləndirilir.

Nəticə məlumdur, Qərb qazanan tərəfdir. Sirr deyil ki, Paşinyanın Qərblə ciddi bağlantıları var və hakimiyyətə gəldiyi gündən Soros Fondunun diktəsi ilə hərəkət edir.

Məğlub olan tərəf Rusiyadır. Rusiya R.Koçaryana hərtərəfli dəstək verdi. Seçki ərəfəsində Rusiya mediası qapılarını “Ermənistan” blokuna geniş açılmışdı. Həmin dövrdə Rusiya mediasında anti-Azərbaycan ritorikasının güclənməsi də  məhz bunun nəticəsi idi. Lakin bütün cəhdlərə baxmayaraq, nəticə vermədi.

Paşinyanın timsalında Qərb qazandı, Koçaryanın timsalında Rusiya məğlub oldu.

Bundan sonra Ermənistanın çıxış yolu regionda yaranmış reallığa uyğun olaraq əməkdaşlıq platformalarından yararlanmaq, konstruktiv mövqedən çıxış etməkdir. Seçkilər erməni xalqının da bunu istədiyini təsdiqləyir. Belə olarsa, əsas qazanan tərəflərdən biri Ermənistan olacaq.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top