Deputat: “Prezident atasının vəsiyyətini yerinə yetirərək siyasi xəttə sadiqliyini nümayiş etdirdi”

GÜNDƏM 15 iyn 2021, 14:47
“15 iyun Azərbaycan xalqı üçün adi təqvim günü deyil. Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, bu gün Azərbaycan xalqı üçün əsl qurtuluş tarixidir: “Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir. Ulu öndərin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi. Xalqını sevən ümummilli liderin Böyük Qayıdışı ilə ölkədə həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyət böhranı kuliminasiya həddinə çatmışdı, xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə alırdı. Xalqımızı belə bir çətin vəziyyətdən xilas edən lider Heydər Əliyev oldu. Məhz onun qayıdışı Azərbaycan xalqını və dövlətini məhv olmaqdan qorudu.  Bütün fəaliyyətini Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr edən ümummilli lider buna nail oldu”.

Deputat qeyd edib ki, bu gün müstəqil respublika davamlı inkişaf edir, dünyada Azərbaycanın nüfuzu daha da artır: “Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətini davam etdirən cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bütün bunlar Qarabağın azad olunmasında şərait yaratdı. Xarici siyasətdə bütün dövlətlərlə qurulan möhkəm bağlar və düzgün anlaşmalar Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında əsas amil oldu. Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Ümummilli liderin bütün istək və arzularını həyata keçirən prezident İlham Əliyev buna nail oldu. Cənab prezident atasının vəsiyyətini yerinə yetirərək bir daha milli ideologiyalara, Heydər Əliyevin siyasi xəttinə sadiqliyini nümayiş etdirdi. Ürəyi Qarabağla döyünən, onun işğalı ilə barışmayan liderin vəsiyyəti yerinə yetirildi. Azərbaycan müstəqil, demokratik və ərazi bütövlüyü təmin olunmuş bir dövlətə çevrildi”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top