Bələdiyyənin balansında olan ziyarətgahlarımız: İanələr hara köçür?

GÜNDƏM 14 iyn 2021, 18:05
Hazırda qəbrstanlıqların ərazisi, qəbrstanlıqlardakı ziyarətgahlar və mövcud tikililər bələdiyyələrin balansına verilmə prosesi davam etməkdədir.

Xatırladım ki, Nazirlər Kabinetinin 04 dekabr 2018-ci il tarixli 522 saylı qərarıyla həyata keçirilən bu proses hələ tam başa çatmasa da bütün hallarda bələdiyyələr öz növbəsində qəbrstanlıqlardakı səliqə-səhman və təmizlik işlərini davam etdirməkdədirlər. Həmçinin bir çox hallarda ərazilərdəki ziyarətgahlarda cari təmir işlərini aparmağı da unutmur və bələdiyyə iclasının qərarıyla bu layihələr də icra olunmaqdadır.

Ancaq bu yazı da diqqətimizi çəkən bir məqama toxunmaq istərdim. Biz də ziyarətgahlardan toplanan ianələrin hara və kimə xərcləndiyi barədə məlumat yoxdur. Açığı bu məlumatın əldə edilməsinə elə də maraqlı deyilik. Bizi maraqlandıran məqam bu istiqamətdə hesabatlılığın və şəffaflığın təmin edilməsi məsələsidir.

Çox maraqlıdır, yükü və əziyyəti çəkən bələdiyyələr, lakin ianələri toplayanlar isə başqaları. Hər halda bütün hallarda və atılan hər bir addımda halallıq məsələsini unutmamalıyıq.

Maraqlıdır, ziyarətgah sahibləri bu halallığı qoruya bilirlərmi?

***
Demək, bununla bağlı bizə daxil olan bir məqamı oxucuların diqqətinə çatdırmaq istərdim. Lənkəran rayonu Xolmilli-Şixakəran bələdiyyəsindən daxil olan məlumatda qeyd edilir ki, kənddəki qəbrstanlıq, o cümlədən qəbrstanlıqdakı tikilillər və “Şeyx Zahid” ziyarətgahı 11 sentyabr 2020-ci ildə beş nəfər məsul şəxsin imzaladığı Aktla Xolmlli-Şıxakəran bələdiyyəsinin balansına verilib. Akta imza atanların ikisi Lənkəran ŞİH-in məsul işçiləri, biri kənd icra nümayəndəsi, digər ikisi isə bələdiyyənin sədri və sədr müavini olub. Əlavə edim ki, qədim tarixə malik qəbrstanlığın təmizlik və səliqə-səhman işlərində əvvəlki illərdən başlayaraq bələdiyyənin bilavasitə dəstəyi ilə həyata keçirilib.  

Qəbrstanlıqdakı ziyarətgah orta əsr şərqində tanınmış alim, filosof və din xadimi olan Şeyx Zahid ibn Şeyx Əmir Rövşənın adıyla bağlı olub. Yəni ziyarətdahda bu filosof dəfn olunub.

1215-1300 illərdə yaşayan Şeyx Zahid dövrünün tanınmış şəxsiyyətlərindən olduğu üçün onun təkcə bu ərazidə yox, Orta Şərqin hər yerində böyük hörməti olduğu deyilir. Şeyx Zahid dünyasını dəyişədndən sonra vəsiyyətinə əsasən, o, Lənkəranın Siyavurd kəndində (indiki Siyavar kəndi) dəfn edilir. Sonralar onun dəfn olunduğu yerdə Şeyx Heydər Səfəvi tərəfindən türbə ucaldılır. Abidə dəniz səviyyəsinin qalxması nəticəsində dəfələrlə suyun altında qaldığı üçün I Şah Abbas tərəfindən indiki Şıxəkəran kəndinə köçürülür.

Bu gün tanınmış filosofun məzarı ziyarətgah yerinə çevrilmişdir.

***

Məsələ ondadır ki, bu ziyarətgahda və o cümlədən digər ziyarətgahların hər birində müəyyən ianələr toplanılır. Söhbət isə ondan gedir ki, bir ziyarətgah ki bələdiyyənin balansına verilibsə, ordan toplanan maliyyə vəsaitindən nəyə görə bələdiyyənin büdcəsinə vəsait köçürülməsin. Nəzərə alaq ki, həm ziyarətgahın saxlanılması, həm də qəbrstanlığın saxlanılması məhz yerli bələdiyyənin maliyyəsiylə həyata keçirilir. Belə hal deməliyik ki, ölkəmizdə mövcud olan bütün ziyarətgahlarda rast gəlinir.

Bununla bağlı müəyən araşdırma apardıqda “Dini etiqad azadlığı” haqqında Qanun qarşımıza çıxdı. Qanunda müəyyən məqamları təkrar-təkrar oxuduq. Və beə qənaətə gəldik ki, qanuna dəyişikliyin edilməsinin vaxtı çatıb...

***

Ölkəmizdə saysız-hesabsız ziyarətgahların hər birində ay ərzində müyyən ianələr toplanılır, yığılır. Mənə maraqlı olan o vəsaitin hara və kimə getməsi yox, əslində hesabatlılığın verilməməsi də yox, nəyə görə bələdiyyənin büdcəsinə də müəyyən vəsaitin köçürülməməsi məsələsidir. Axı bu ziyarətgahların yerləşdiyi ərazi rəsmi şəkildə bələdiyyənin balansına verilib. Belədirsə nəyi gözləyirik?

***

Onu da əlavə edim ki, artıq buna bənzər təcrübə qanunla müəyyən edilmiş formada qəbul edilib. Yəni bələdiyyə mülkiyyətində olan ərazilərdəki reklamla bağlı rüsumları müvafiq mərkəzi icra orqanı yığaraq 10 faizini bələdiyyə büdcəsinə köçürməlidir. Mən bu prosesin icrasıyla bağlı məqama toxunmuram. Çünki bələdiyyə mülkiyyətində olan reklamlardan yığılan vəsaitin 10 faizini köçürmək özü də bir haqsızlıqdır. Əslində bu rəqəmin ən azı 50 faiz olması daha münasib ola bilərdi.

Beləliklə, son söz Milli Məclis üzvlərinindir.

Düşünmək olar ki, Milli Məclisin xüsusəndə Regional məsələlər Komitəsinin üzvlərinin bununla bağlı təşəbbüslə çıxış edəcək və bələdiyyə büdcəsinə əlavə maliyyə vəsaitinin daxil olması üçün maraqlı təkliflərlə çıxış edəcəklər.

Hər halda komitə üzvlərinin hər biri bu məsələyə münasibət bildirsələr maraqlı olardı.

***

Son olaraq onu da əlavə etməyi özümə borc bilirəm ki, əsas məqsədimiz bələdiyyə büdcəsinə əlavə maliyyə vəsaitinin daxil olmasına şəraitin yaradılmasına çalışmaqdır. Yerli büdcə gəlirlərinin artması nəticə etibariylə sakinlərin problemlərinin sürətli həllinə təkan vermiş olacaq. Bu barədə isə hər kəs düşünməli və öz töhvəsini verməlidir.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top