Hansısa futbol komandasına rəğbətin arxasında siyasi sifariş axtarmaq...

GÜNDƏM 14 iyn 2021, 16:57
Azərbaycan İctimai Televiziyasının (İTV) adı ətrafında növbəti şou davam edir. İddia edilir ki, Rusiya-Belçika oyunu zamanı İTV şərhçiləri Rusiya millisi haqqında “bizimkilər” sözü işlədib.  Ardınca sosial şəbəkələrdə bunun nə dərəcədə həqiqət olub-olmadığı araşdırılmadan, kanalın, aparıcının ünvanına hər cür sərt ifadələr səslənməkdədir. İttihamların ardı-arası kəsilmir...
 
Bir sıra istisnalarla, hətta xəritədə Rusiya ilə Belçikanın yerini bilməyənlərin vətənpərvərlik damarları tutub. Bir qədər irəliyə gedib guya İTV-nin, onun aparıcısının bunu tapşırıqla icra etməsi kimi cəfəng iddialar ortaya atılır... 

Kim verib bu tapşırığı? Niyə verib? Bəzi “politoloqlar” isə  Rusiyaya idman yarışında “bizimkilər” dedizdirəni də tapıblar-hakimiyyət! Rusiya ilə Azərbaycan arasında hansı problem var ki, İTV canlı efirdə, özü də futbol şərhində “bizimkilər” deməklə onu həll etmək istəyir???

İTV-nin bu gün verdiyi açıqlamadan sonra bir daha aydın olur ki, belə bir söz işlədilməyib. Kanal, üstəlik açıqlamasında məsələyə bir qədər də yumor hissi qatıb: “Rusiya-Belçika matçından sonra sosial şəbəkələrdə İTV şərhçilərinin Rusiya millisi haqda “Bizimkilər” ifadəsi işlətdiyi barədə müzakirələr aparılır. Biz axtardıq, tapmadıq. Bu ifadənin istifadə edildiyi hissəni kim tapıb göndərsə, onun hədiyyəsi bizimkilərdə”.

Məsələyə bununla nöqtə qoymaq olardı. Amma durmaq, dayanmaq yoxdu... 

Oyunu bir neçə nəfər şərh edib. Lap tutaq ki, iddia edildiyi kimi efir zamanı kimsə öz aralarında şərti bölgü aparıb “kimimiz var hücumçulardan?” və ya “yarımmüdafiədə kimlərimiz var ehtiyatda?” qəbildən fikirlərə yer verib. Bu “bizimkilər” demək deyil. Hansısa bir idman şərhçisi Rusiyadan olan bir oyunçuya “bizimki” deyirsə, bunun simpatiya, azarkeşlikdən başqa, heç nə ilə əlaqəsi ola bilməz.  Əgər başqa cür qavranılıbsa, bunun hakimiyyətin siyasətinə nə dəxli? Normal yanaşma yoxdur əslində! 
 
Digər tərəfdən, oyunu şərh edən İlqar Mikayıloğlu və Asif Bağırov kimi şəxslərin Vətənə bağlı adam olduqlarını ən azı jurnalistikada çalışanların hər biri bilməmiş deyil. Bu insanların üzərinə bu şəkildə getmək, olmayan bir məsələni günlərlə gündəmdə saxlamaq nəyə xidmət edir? 

İctimai qınaq lazımdı və vacibdir! Amma bu şəkildə yox, bu dərəcədə manipulyasiya olmaz! Kimsə tez-tez İTV-nin efirində görsənə bilməməsinin qisasını alırsa və ya bu kanalın baxımlı kanallardan birinə çevrilməsini qısqanırsa, bunu başqa yolla edə bilər...

Yeri gəlmişəkən, Hollandiya ilə Ukraynanın oyunu öncəsi sosial şəbəkələrdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu oyunda Ukraynaya azarkeşlik edəcəyi barədə özünün paylaşımı olan şəkil yayılmışdı. Bunun nə dərəcədə həqiqəti əks etdirməsini deyə bilmərik. Amma bizdəki qaragüruhun məntiqi ilə yanaşsaq, nə dəxli var?..

Sosial şəbəkədəki anormal yanaşmanı görəndə, adamın Zaxarovaya xitab etməyi gəlir: Zalımın qızı, adam belə də iş tutar? Oturmusan baş xarici siyasət idarəsində, Rusiyanın Ukrayna ilə münasibətlərini nəzərə almadan belə bir addım atırsan. Yaxşı, bunu nəzərə almırsan, sosial şəbəkəni düşün. Düşərsən bizdəki  sosial şəbəkə pələnglərinin dilinə, ağlın gələr başına. Bilərsən, futbolu siyasətə, siyasəti futbola qatanda, adamı necə “qara”layırlar...

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top