Rəsul Quliyev: “Erməni xalqı Azərbaycanla düşmənçilik etməkdən yorulub və buna son qoymaq istəyir”

GÜNDƏM 10 iyn 2021, 08:56
“Azərbaycan hələki, keçmiş Sovet respublikaları arasında işğal edilmiş torpaqlarını azad edən yeganə ölkədir. Əlbəttə, bu, 44 günlük vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq. 

Heç kim, o cümlədən özüm də 2020-ci ilin axırına qədər torpaqların azad ediləcəyinə inanmırdım. Azərbaycanın az itki ilə belə ildırım sürətli müharibəsi həm beynəlxalq aləmdə, həmdə keçmiş sovet məkanında, o cümlədən Ermənistanda şok effekti yaradıb”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin keçmiş spikeri Rəsul Quliyeev deyib.

Spiker qeyd edib ki, ən əsası problemlərin olmasını istəməyən qərb ölkələri hadisələrin belə nəticələnməsindən çox məmnun olublar: “Əslində Azərbaycanı dəstəkləyirlər. Təəssüf ki, işğal olunmuş ərazilərdən həmişə hökumətin əleyhinə istifadə edən bəzi müxalifəçilər də Ermənistan səviyyədə şoka düşdülər, ancaq köhnə xasiyyətlərindən əl çəkə bilmədilər. İndi müharibə bitib. Ancaq Azərbaycanın qarşısında daha mürəkkəb, daha əzəmətli vəzifələr dayanıb. Bu problemli məsələlər həllini gözləyir. Ən əsas məsələ Ermənistanla bütün sahələri - sərhəddən tutmuş, bir daha müharibə etməməyi əhatə edən müqavilənin bağlanmasıdır. Bu müqavilənin içərisində Azərbaycan – Naxçıvan - İrəvan dəmir və asfalt yolu razılaşması da olmalıdır. Həmçinin bu yollar Türkiyə asfalt və dəmir yolları transport əlaqələri ilə birləşməlidir. Rus sülhməramlı qüvvələrinin regiondan çıxması məsələsi də razılaşdırılmalıdır. Azərbaycanın prezidenti Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına heç bir əlavə statusun verilməyəcəyini bir neçə dəfə elan edib. Ermənistan Azərbaycanla dostluq əlaqələri yaratmaq istəyirsə (bu onlara hava və su kimi lazımdır) bunu qəbul etməlidirlər. Qarabağda yaşamış ermənilər fərdi şəkildə Azərbaycanın müvafiq orqanlarına müraciət edib vətəndaşlıqlarını təsdiqləyən sənədlər almalıdır”.

R.Quliyev vurğulayıb ki, Ermənistanda parlament seçkilərini udmaq uğrunda mübarizə gedir: “Keçmiş prezidenlər Köçəryan, Sərkisyan və baş nazir Paşinyan arasında kreslo uğrunda küçə söyüşləri səviyyəsində təhqirlər baş alıb gedir. Hakimiyyətə istənilən variantda Azərbaycan və Türkiyəni özünə düşmən hesab edən erməni gələcək. Rəy sorğusu bu adamın Paşinyan və ya Köçəryan olacağını göstərir. Bu məsəlini analiz etmək istəyənlərin “ikisi də bir bezin qırağıdır” teoriyası düzgün deyil və zərərlidir. Bu insanlar fərqlidir. Köçəryan Moskvanın adamıdır, həm həbsxanadan azad edilməsi, həm seçki kampaniyasının maliyyələşdirilməsi Putin tərəfindən həyata keçirilir və o Köçəryanı dəstəklədiyini açıq aşkar ermənilərə çatdırmaq istəyir. Köçəryan özünü Rusiyanın bir əyalətinin qubernatoru kimi aparacaq. Paşinyan isə Rusiyanın əsarətindən canını qurtarmaq istəyir. Zəngəzur dəhlizinin açılması, sərhədlər barədə müqavilənin bağlanması, Qarabağ ermənilərinin statusu barədə bütün məsələlər İrəvanda yox, Moskvada həll olunacaq. Bir sözlə, Azərbaycan Moskvadan asılı vəziyyətə düşəcək. Türkiyə ilə münasibətə də Moskva müdaxilə edəcək. Paşinyanla isə dil tapmaq mümkündür. Bu insanların ikisi də eyni bezin qırağı deyildir. Erməni xalqı Azərbaycanla düşmənçilik etməkdən yorulub və buna son qoymaq istəyir. Ermənilərin əksəriyyəti azı 70 faizi türklərlə düşmənçilik etmək istəmir. Köçəryan kimi yaramaz hakimiyyətə gəlsə, bu məsələləri ermənilər yox, Moskva həll edəcək”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top