“Siracla Məhərrəm öndəki “Kamaz”da idi” — Kəlbəcərə ezam olunan fotoqraf


HADİSƏ 04 iyn 2021, 22:02
Xüsusi çəkiliş qrupu olaraq səhər saatlarında Kəlbəcərin Susuzluq kəndinə yollandıq. Biz iki maşınla gedirdik. Siracla Məhərrəm öndəki "Kamaz"da idi. Mən digər həmkarımla arxadan gəlirdik. Dağ yolu olduğundan aramızda məsafə var idi. Birdən partlayış səsi eşitdik. Güman etməzdik ki, maşın minaya düşər. Tez yanlarına getdik. Hadisə yerinə çatanda artıq gec idi. Siracla Məhərrəm rəhmətə getmişdi.

Bunu Azvision.az -a açıqlamasında Kəlbəcərə ezam edilmiş çəkiliş qrupunda olan fotoqraf Rəşad Mehdiyev deyib.

O bildirib ki, hadisə barədə aidiyyatı qurumlara məlumat verildikdən sonra yaralılar ərazidən təxliyə olunub:

"Əvvəl elə bildik ki, iki nəfər rəhmətə gedib, sonra 3 nəfər oldu. Ora çox yaxınlaşa bilmirdik. Çünki digər minalar da ola bilərdi. Həmin an hadisənin təsirində idik. Bir saat əvvəl çörək yediyimiz həmkarlarımız artıq həyatda yox idi. Dünən axşam çəkilişdən gec qayıtdıq. Yemək yedik, deyib güldük, söhbətləşdik. Səhər nəzərdə tuturuq ki, yolumuzun üstündə İstisuya da baş çəkək, lakin qismət olmadı".

Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin olduğu “Kamaz” markalı avtomobil Susuzluq kəndi istiqamətində tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı) və digər bir mülki şəxs həlak olub.
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top