Elman Nəsirov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir”

GÜNDƏM 03 iyn 2021, 17:36
"Yeni strateji tərəfdaşlıq sənədlərinin imzalanması Bakı-Brüssel münasibətlərinin inkişaf dinamikasını sürətləndirir. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir".

Bunu Pravda.az-a açıqlamasında Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycan və Avropa İttifaqı münasibətlərinin geniş perspektivi var və bu imkanlardan maksimum faydalanmaq lazımdır: "Məlum olduğu kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyunun 2-də cənab İlham Əliyevlə telefon danışığı baş tutub. Telefon danışığı zamanı ikitərəfli münasibətlərin geniş spektrinə dair məsələlər müzakirə olunub, eyni zamanda regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Burada, təbii ki, diqqətdə saxlanılan əsas məsələ regionda sülhün və təhlükəsizliyin qorunub saxlanılması olub. Bildiyimiz kimi, Ermənistan təbliğat maşını daim beynəlxalq, o cümlədən Avropa ictimai fikrini çaşdırmaq istəyir ki, guya Azərbaycanda hərbi əsirlər saxlanılır. Halbuki, həmin erməni mənşəli insanlar diversiya, təxribat və terror əməllərinə görə saxlanılıblar. Onların bu qanuna-zidd hərəkətləri müharibə başa çatdıqdan sonra baş verib, ona görə də heç bir halda hərbi əsir hesab edilə bilməzlər. Prezident də dəfələrlə Azərbaycanda hərbi əsirin olmadığını qeyd edib. Həmçinin danışıqlar prosesi zamanı Ermənistanın Azərbaycana qarşı apardığı mina müharibəsi mövzusuna da toxunulub. Prezident İlham Əliyevin bununla bağlı konkret mövqeyi var ki, Ermənistan minaladığı ərazilərin xəritəsini Azərbaycana verməli və mina müharibəsinə son qoymalıdır".

E.Nəsirovun sözlərinə görə, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının mərkəzi məsələlərindən biri də Avropanın enerji təhlükəsizliyi ilə təmin edilməsidir: "Azərbaycan üçün enerji təhlükəsizliyi ilk növbədə enerji marşrutlarının, Avropa üçün isə enerji mənbələrinin şaxələndirilməsi deməkdir. Yəni Avropa yeni mənbələrin olmasında maraqlıdır və bu gün ölkəmiz Avropa üçün yeni alternativ enerji mənbəyi rolunu oynayır. Bu məsələlər ətrafında fikir mübadiləsi aparılan zaman cənab Prezident vurğulayıb ki, Cənub Qaz Dəhlizi artıq reallaşıb və Azərbaycan Avropa enerji təhlükəsizliyinə çox böyük töhfələr verir. Eyni zamanda, danışıqlar zamanı münasibətlərin Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində də inkişaf dinamikasının müşahidə edildiyi vurğulanıb və bu istiqamətdə Avropa İttifaqı ilə imzalanacaq sənədlə bağlı əsas fundamental məsələlər razılaşdırılıb. Beləliklə, yeni strateji tərəfdaşlıq sənədinin imzalanması Bakı-Brüssel münasibətlərinin bundan sonra da inkişaf etməsi üçün mühüm şərait formalaşdıracaq".

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq terrorizm və qanunsuz miqrasiya ilə mübarizəyə töhfə verən dövlətlərdəndir: "Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən biri də qlobal təhlükə mənbəyi olan terrorizmə qarşı mübarizə məsələsidir. Təbii ki, müasir dünyamızın ən ağrılı problemlərindən biri də miqrasiya məsələsidir ki, bu, Avropa üçün olduqca ciddi təhlükədir. Azərbaycanın bu məsələlər ətrafında prinsipial və qəti mövqeyi var, dövlətimiz terrorizmə qarşı mübarizədə öndə gedən dövlətlərdən biridir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Beynəlxalq antiterror koalisiyasının üzv ölkəsi olması, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin İraqda və Əfqanıstandakı fəaliyyəti bunu sübut edir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top