Regionda yeni əməkdaşlıq modelləri

GÜNDƏM 03 iyn 2021, 16:10
Qlobal güc mərkəzləri Azərbaycanı vacib tərəfdaş qismində dəyərləndirir.

Bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayan, dünyaya öz inkişaf modellərini təqdim edən Azərbaycanın regionun lider dövləti kimi beynəlxalq aləmdə rolu, əhəmiyyəti daha da artıb. 

Azərbaycanın həyata vəsiqə qazandırdığı qlobal iqtisadi layihələr və bilavasitə ölkəmizin təşəbbüsü, yaxından iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionın iqtisadi inkişafına, qarşılıqlı səmərəli əməkdaşlığa, təhlükəsizliyə verdiyi mühüm töhfələr ölkəmizin nüfuzunun, qlobal siyasətdə rolunun artmasına gətirib çıxarıb. 

Qlobal güc mərkəzləri Azərbaycanın rolunu yaxşı anlayır və ölkəmizlə əməkdaşlığın daha da inkişafında, əlaqələrin yeni müstəvilərdə davam etdirilməsində maraqlıdırlar. Bu baxımdan ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında olan telefon danışığı heç də sadə məsələ deyil. Eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə təmasa girməsi, mühüm əməkdaşlıq layihələrinə toxunması ölkəmizin regiondakı lider mövqeyinə, qlobal siyasətdəki əhəmiyyətinə verilən dəyər olmaqla, artan nüfuzunun göstəricisdir.

Məhz Azərbaycanın təşəbbüsləri və müəllifliyi ilə gerçəkləşən layihələr bugünkü mənzərəni yaradıb. Azərbaycan 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında mühüm nəqliyyat-loqistika mərkəzinə çevrilib və ölkəmiz iki qlobal güc arasında əlaqələrin inkişafı üçün əhəmiyyətli mövqedə dayanır. Deməli, mühüm layihələrin icrası Azərbaycansız mümkün deyil. 

Diqqət ediləsi məqam odur ki, bütün bunlar həm də çətin pandemiya dönəmində Azərbaycanın yürütdüyü çevik siyasət sayəsində mümkünləşib. Ölkəmiz post-COVID dövründə yeni dünya düzənində aparıcı qüvvələrdən biri olacağı şübhə doğurmayan, dünyanın qlobal güc mərkəzi  olan Çinlə əlaqələrini daha da inkişaf etdirməyə nail olub. Həm pandemiya ilə mübarizə, həm də iqtisadi sahədə uğurlu əməkdaşlıq  aparılıb.

Azərbaycanla Çinin münasibətlərinin indiki səviyyəsi asan başa gəlməyib. Dövlət müstəqilliyi əldə etdikdən sonra Çin Xalq Respublikası ilə əlaqələrin təməli qoyulub: Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində başlayan əməkdaşlıq İlham Əliyevin prezidentliyi ilə yeni, aktiv mərhələyə keçib.   

Azərbaycan Prezidentinin ÇXR-ə 2015-ci il dekabrın 8-11-də dövlət səfərinin, 2019-cu il aprelin 24-27-də “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün işgüzar səfərinin ikitətəfli  əlaqələrin inkişafında rolu böyük idi. 

Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətinə, qlobal siyasətdə yerinə və roluna verilən önəmli qiymət, dövlət başçımıza ona olan inam və etimad Çinlə münasibətlərdə başlıca faktor kimi çıxış edir.  2019-ci ildə Çinə səfəri zamanı Si Cinpinlə görüşdə Çin rəhbərinin səsləndirdiyi fikirlər bunu bir daha təsdiq edir: “Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram”.

Bu gün Azərbaycan və Çin beynəlxalq platformalarda bir-birinin milli maraqları üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirir. Azərbaycan Çinin “Vahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir.

ÇXR sədri Si Cinpin Azərbaycan Prezidenti ilə telefon söhbəti zamanı Çin-Azərbaycan münasibətlərini yeni tarixi mərhələnin astanasında hesab edib; hər iki ölkənin ənənəvi dostluğunun inkişaf etdirilməsini, əməkdaşlığın dərinləşdirilməsini və qarşılıqlı dəstəyin artırılmasını, habelə Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu dilə gətirməsi Azərbaycana verilən önəm baxımından əhəmiyyətlidir.  

Məlumdur ki, Azərbaycan “Bir Kəmər Bir Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olaraq, reallaşdırdığı irimiqyasylı nəqliyyat-infrastruktur layihələri ilə bu təşəbbüsün həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verib. Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, hazırda isə yeni yaradılacaq Zəngəzur dəhlizinin Avrasiya və Trans-Xəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırması və bununla da Çindən Qərbə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut təqdim etməsi, bütün region ölkələrinin maraqlarına və onların iqtisadi əlaqələrinin inkişafına xidmət edir. 

Diqqət edək: Çin şirkətləri Azərbaycana investisiya qoymağa təşviq edilir. İşğaldan azad olunan torpaqlara tikinti, quruculuq işləri üçün Çin şirkətləri də gəlir. Konkret olaraq  “Huawey” şirkəti. Bundan başqa, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi artır. Çin Azərbaycandan yüksək keyfiyyətli xüsusi məhsullar idxal etmək niyyətindədir. Dünyanın böyük və güclü dövlətinin ölkəmizə olan marağı aydın şəkildə ortadadır. Bunun başlıca səbəbi Azərbaycanın iqtisadi inkişafı və buradakı sağlam investisiya mühitidir. 

COVID-19 pandemiyası dövrünə nəzər yetirsək, Çinin Azərbaycana dəstəyini aydın görə bilərik. Məlumdur ki, dünyada vaksin çatışmazlığı mövcud idi və indi də var, amma Azərbaycan ölkəyə Çindən vaksin idxal etməyi, ölkələr sırasında vaksinasiya həyata keçirən ilk ölkələrdən olmağı bacardı. Üstəlik, çinli mütəxəssislər Azərbaycana gəldi və pandemiya ilə mübarizə təcrübələrini burada bölüşdü.
 
Azərbaycan təkcə Çin üçün cazib deyil, Avropa İttifaqı da (Aİ) ölkəmizi vacib tərəfdaş qismində dəyərləndirir. 

Azərbaycan Aİ-yə üzv dövlətlərin üçdəbir hissəsi ilə Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalayıb. Ölkəmizin ticarət dövriyyəsinin yarısından çoxu Aİ-nin payına düşür.

Bizim üçün önəmlidir ki, Avropa İttifaqı daim balanslı siyasət həyata keçirməyi bacarır və bunu 44 günlük vətən müharibəsində hiss edə bildik. Təbii ki, erməni lobbisinin diktəsi ilə hərəkət edən Fransanı istisna etməklə. 

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə danışığı zamanı bu qurumun Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi pozitiv yestdir və xüsusi əhəmiyyət daşıyır. Bilirik ki, Avropa İttifaqının münaqişələrin tənzimlənməsi və sülh yaradılmasında (Balkanlar), xüsusilə minadan təmizləmə sahəsində böyük təcrübəsi var və bu təcrübənin Azərbaycanın bölgədə yaratdığı yeni vəziyyətə dəstəyi ola bilər. Minalar məsələsi bizim üçün ciddi problem səviyyəsindədir və yaxşı təcrübəyə malik tərəfdaşla əməkdaşlıq bu istiqamətdəki qayğıları xeyli dərəcədə yüngülləşdirməyə qabildir. Çünki tərəfdaşlıq etibara söykənir və bu etibar iqtisadi layihələrlə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi ilə, TAP layihəsindəki əhəmiyyətli rolu ilə möhkəmlənir. 

Təkcə bu da deyil. Narkotranzit, ekstremizm, terrorizm, qanunsuz miqrasiya kimi məsələlər Aİ-nin həssas yanaşdığı məsələlərdir və bölgədə ona bu problemlərlə mübarizədə bərabər işləyə biləcəyi tərəfdaş lazımdır. Azərbaycan təbii ki, məhz belə bir tərəfdaşdır.  Azərbaycan öz torpaqlarını işğaldan azad  etməklə bu bölgədən keçən narkotrafik marşrutunu nəzarətə götürüb.  

Həmçinin, Mərkəzi Asiya ölkələri ilə əlaqələri inkişaf etdirmək planları aktuallığını saxlayır ki, burada da Azərbaycan özünün nəqliyyat-logistika imkanları ilə Aİ-yə gərəkli tərəfdaş rolunda çıxış edir.   

Beləliklə, inamla demək olar ki, yaxın gələcəkdə Cənubi Qafqaz-Avropa İttifaqı və Cənubi Qafqaz-Çin əməkdaşlıq modellərinin daha gözəl sonucları ortada olacaq...

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top