Aİ-92 markalı benzin də bahalaşır?

SƏNAYE VƏ ENERGETİKA 03 iyn 2021, 09:22
Azərbaycanda Aİ-95 və Aİ-98 markalı avtomobil benzininin qiymətində ciddi bahalaşma baş verib. Ölkəyə 2014-cü ildən idxal olunan Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlib.

Avtomobil sahibləri arasında ciddi narazılıqla qarşılanan bu hadisəni şərh edən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun dediyinə görə, bahalaşma həmin benzinlərin istehsal ölkəsindən gələn prosesdir: “Bu benzin növləri ölkəmizə xaricdən idxal olunur. Buna görə də qiymətləri dünya bazarından asılıdır. Məsələn, pandemiyadan əvvəl Aİ-95 markalı benzinin qiyməti 1 manat 50 qəpik idi. Sonra pandemiya dövründə neftə və neft məhsullarına tələbat kəskin azaldı, qiymətlər düşdü. Onda bu benzin də 1.10 manata qədər ucuzlaşdı, sonra yenidən bir qədər qalxdı. İndi də dünya  bazarlarında neftin qiyməti demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə qalxdığı üçün bunu satan şirkətlər də qiymətləri artırıblar. Əgər gələcəkdə yenə neft və neftin məhsullarının qiyməti düşərsə, bu növ benzinlərin də qiyməti düşə bilər".

SOCAR rəsmisi bildirir ki, Azərbaycanda Aİ-95 və Aİ-98 benzin növləri nisbətən az  istehlak edilir: “Bizdə ən çox  istehlak olunan yanacaq növləri dizel və Aİ-92 markalı benzindir. Ümumi istehlakın bəlkə də 90 faizini  bu markalı benzinlərin istehlakı təşkil edir”.

Aİ-92 benzini və dizelin qiymətinin artması ehtimalını dəyərləndirən İ.Əhmədov qeyd edib ki, hazırda ölkədə istehsal olunan benzinin qiyməti sabitdir: “SOCAR istehsalçı şirkətdir, həm də satıcılardan biridir. Bizim işimizi dövlətin müvafiq qurumları tənzimləyir və qiyməti də onlar müəyyən edirlər.  Bəzi ölkələrdə tənzimləməni bazarın öhdəsinə buraxıblar. Azərbaycanda isə qiymətləri Tarif Şurası müəyyən edir”.

Azərbaycanın Aİ-95 idxalının çox mühüm hissəsi Rusiyadan reallaşır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevralında ölkəyə gətirilən 26 min 277,71 ton tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzinlərinin  23 min 721,48 tonu Rusiyadan alınıb, 1996,91 ton isə İrandan gətirilib.

Ötən il isə 96 min 998,93 ton məhsulun 56 min 743,48 tonunu Rusiyadan almışıq.  Beləliklə, Rusiyadan biz 95 oktanlı benzinin 1 tonunu 590,7 dollara alırıqsa, ən yaxın qonşumuz olan İrandan aldığımız məhsulun qiyməti 1 ton üçün 632,4 dollar təşkil edir. Bolqarıstan və Rumıniyadan alınan isə bundan da baha başa gəlir.

Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzinlərinin idxalı isə birinci rübdə hamısı Rumıniyadan olmaqla 718,75 min ton təşkil edib.

Qeyd edək ki, Rusiyada ötən ilin payızından etibarən bütün növ benzinlərin qiymətində bahalaşma gedir. Bu ilin aprelində Rusiyada benzin istehsalı mart ayı ilə müqayisədə 4,7 faiz azalmaqla 3,3 milyon ton təşkil edib. Yanvar-apreldə isə ümumi istehsal 13,2 milyon ton olub. Eyni vəziyyət dizel yanacağının istehsalında da qeydə alınıb, apreldə marta nisbətən 6,9 faiz azalmaqla 6,5 milyon ton. İstehsaldakı azalma ölkənin iri neftayırma zavodlarının bir neçəsində eyni vaxtda dövrü təmir işlərinin aparılması ilə izah olunur.

Rusiyada benzinin qiyməti yanvar-apreldə 3,53 faiz, 2020-ci ilin dekabrı ilə müqayisədə isə 21,8 faiz bahalaşmışdı. Lakin mayın sonuncu ongünlüyündə bu proses sürətlənib. Belə ki, oradan aldığımız Aİ-95 markalı benzinin qiyməti hərraclarda 1 ton üçün 58 min rubla qədər artıb. Rusiya Yanacaq İttifaqı mayın 21-də hökumətə müraciət edərək istehlakın artdığı mövsümün başlanması ilə bağlı olaraq benzinin bahalaşdığını əsas gətirməklə bu məhsulun ixracının məhdudlaşdırılmasını təklif edib. Xüsusilə Aİ-95 markalı benzinin ixracının 1 oktyabra qədər dayandırılması xahiş edilir. Rusiya baş nazirinin müavini Aleksandr Novak bu həftə ərzində məktubdakı təklifə baxılacağını bildirib.

Xatırladaq ki, Rusiya hökuməti daxildə benzinin qiymətlərini stabil saxlamaq üçün mayın 1-dən bu məhsula dempinq tətbiq edir. Bunun nəticəsində istehsalçılar daxili bazardakı alıcılara benzini dövlətin müəyyənləşdirdiyi qiymətə satır, ixrac qiyməti ilə yaranan fərqə görə dövlət onlara dotasiya ödəyir.
 
Rusiyada benzinin qiymətlərini körükləyən əsas səbəblərdən biri daxildə hərəkətliliyin artmasıdır. Nəticədə ölkə daxilində gündəlik Aİ-92 satışı 40 faiz, Aİ-95 satışı isə 34 faiz artıb. İlkin məlumatlara görə, may ayında birincinin gündəlik istehsalı 67 min ton, ikincinin istehsalı isə 40 min ton civarında olub. İstehsalın artması artan istehlakı qarşılamağa imkan verər, lakin istehsalçılar xaricə daha çox məhsul göndərməyə çalışırlar. Buna görə də hökumət aprel ayından bütün növ benzinlərin ixracının məhdudlaşdırılması planları hazırlayıb.

Benzin yalnız Rusiyada deyil, Qazaxıstanda da bahalaşıb. Buna görə də Xəzər qonşumuz mayın 9-dan ölkədən bütün növ benzinlərin ixracına qadağa tətbiq edib.

Azərbaycana gəlincə, ölkəmizdə benzin istehsalında azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 198,8 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 1,4 faiz azalıb. Neft məhsullarından sürtkü yağlarının istehsalı 91,3 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 35,0 faiz, neft koksunun istehsalı 13,8 faiz, dizel yanacağının istehsalı 6,0 faiz artıb, neft bitumunun istehsalı 14,8 faiz, avtomobil benzininin istehsalı 10,0 faiz, ağ neftin istehsalı 20,3 faiz, yanacaq mazutunun istehsalı 27,1 faiz azalıb.

Konkret rəqəmlərlə ifadə etsək, dörd ayda ölkədə 365,5 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azdır. Mayın 1-i vəziyyətinə ölkədə 59,5 min ton hazır məhsul ehtiyatı olub. Bu dövrdə 776,8 min ton dizel yanacağı istehsalı qeydə alınıb, bu isə 2020-ci ilin eyni dövründəki həcmlərdən 6 faiz çoxdur. Mayın 1-nə anbarlarda 81,8 min ton dizel yanacağı ehtiyatı olub.

Onu da qeyd edək ki, uzun illər boyu ekspertlər Azərbaycanda yüksək keyfiyyətli benzin istehsal edəcək emal müəssisəsinin tikilməsini təklif edirlər. Lakin Azərbaycan hökuməti bu təklifləri qəbul etməyərək, köhnə zavodu modernləşdirmək qərarına gəlib. SOCAR rəsmisi İ.Əhmədovun dediyinə görə, sovet dövründən miras qalmış və bu gün də istismar olunan Cənubi Qafqazın yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına Neft Emalı Zavodunda avadanlıqlar Aİ-95 və Aİ-98 markalı benzinlərin istehsalı üçün uyğun deyil: “Hazırda orada modernizasiya işləri həyata keçirilməkdə davam edir. Gələn ildən etibarən modernizasiyanın hazırkı mərhələsi başa çatdıqda artıq Aİ-95 markalı benzinin istehsalı Azərbaycanda mümkün olmalıdır. Belə halda biz benzinin təchizatı baxımından artıq idxaldan asılılığımızı azaldacağıq”.

Az qala 10 ilə yaxındır H.Əliyev adına NEZ-in modernləşdirilməsinə başlanıb. Bu müddətdə dövlət büdcəsindən milyardlarla dollar vəsait modernləşməyə sərf olunub, bundan sonra hələ 3-4 il ərzində əlavə vəsaitlərin ayrılması da nəzərdə tutulur. Halbuki həmin vəsaitlər hesabına ölkədə yeni bir emal müəssisəsi yaratmaqla neft ölkəsinin benzin idxalından asılılığını aradan qaldırmaq mümkün idi.

Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, Azərbaycanda müasir neft emalı zavodunun inşası məsələsinə hökumətin mövqeyi təəssüf doğrur: “2015-ci ilə qədər plan beləydi ki, yeni emal zavodu tikilir. Mən gözlərimlə görmüşdüm ki, SOCAR zavodun tikiləcəyi ərazidə hazırlıqlara da başlamışdı. Lakin 2014-2015-ci illərdə neftin qiyməti kəskin ucuzlaşdı və hökumət planı dəyişdi, qənaət etmək üçün köhnə zavodun modernlışdirilməsi qərarına gəlindi. Amma hökumət başa düşmür ki, neftin qiyməti stabil deyil, gah bahalaşır, gah düşür.

Hesab edirdilər ki, 850 milyon dollara zavodu modernləşdirəcəklər. Lakin sonradan bu qiymət 1,5 milyard dollara, daha sonra 2 milyarda qalxdı. İndi neçə olduğu bilinmir, çünki hökumət açıqlamır. Məlum olan budur ki, oradakı qurğuların hamısı çox köhnəlib və yenilənməlidir. 17 qurğu sıfırdan yenidən tikiləcək. Şəhərin ortasında neft emalı müəssisəsinin olmasına dünyada demək olar ki, rast gəlinmir. Bizdə isə belə vəziyyət var və modernlşdirmə ilə o zavodun ömrünü 30 ilədək uzadırlar. Bəs bu insanlar, ekologiya? Avro-10 standartında olsa belə, neft emalı zavodu insanlardan kənarda olmalıdır - ekoloji təhlükəsizlik baxımından. Əksinə olsaydı, Avropada hamı daşıma xərclərindən qaçmaqla zavodları şəhərlərin ortasında tikərdilər də. Bu zavodun yerləşdiyi 200 hektardan çox ərazidə çox böyük işlər görmək olardı. Heç kim cavab verə bilməz ki, 1953-cü ildən işləyən, 1980-ci ildə modernləşdirilmiş zavodu yenidən necə modernləşdirmək olar? Bizim məmurlar niyə avtomobillərini 3-4 ildən bir yeniləyirlər, amma bu zavodu 30 il də yaşatmaq istəyirlər? Özləri gəzsinlər də köhnə QAZ-31-lərdə, niyə gəzmirlər? Məntiq deyilən bir şey var ki, onu çox təəssüf ki, bizim Bakımıza tətbiq etmədilər".

Ekspert bildirir ki, 2015-ci ilin əvvəlində planlaşdırılırdı ki, zavodun modernləşməsi 2018-ci ildə başa çatacaq, Aİ-95 və Aİ-98-in istehsalına başlanacaq: “Lakin bu, baş vermədi, müddəti 2020-ci ilə, daha sonra 2022-ci ilə, 2023-cü ilə çəkdilər. İndi isə tam modernləşmənin 2025-ci ildə başa çatacağı gözlənilir. Modernləşmə nəticəsində zavodun illik neft emalı gücünün 7,5 milyon tona çatdırılması nəzərdə tutulur”.

Maraqlıdır ki, bu ilin 2 ayında xaricdən Aİ-92 markalı benzin idxal olunmasa da, mart ayında Gürcüstandan Azərbaycana 2 milyon 387,04 dollar dəyərində 4 min 995,64 ton belə benzin idxal edilib.  İ.Əhmədovun “Yeni Müsavat”a dediyinə görə, bir müddət əvvəl Azərbaycanda Aİ-92 markalı benzinə tələbat aşağı düşdüyünə görə Gürcüstana bir neçə partiya benzin ixrac olunub: “Lakin sonradan daxildə tələbat kəskin artdı deyə, biz həmin benzinin bir partiyasını geri çəkdik. Bu proses statistikaya idxal kimi düşüb, amma reallıqda öz benzinimizdir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top