Deputat: “Bu, Azərbaycanın dünyada gedən proseslərə töhfə verdiyini sübut edir”

GÜNDƏM 02 iyn 2021, 10:53
"Bu gün bir çox ölkələr yalnız öz dövlətlərini pandemiya bəlasından qurtarmağa çalışdıqları halda, Azərbaycan təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də pamdemiyaya qarşı mübarizə tədbirlərinin aktiv iştirakçısıdır. Bu, Azərbaycan Prezidentinin humanist və uzaqgörən siyasətinin nəticəsi kimi də qəbul edilə bilər".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatının Baş Assambleyasının sessiyasındakı çıxışı barədə danışarkən deyib.

Deputat bildirib ki, əvvəlki görüşlərdə olduğu kimi, Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasındakı çıxışı zamanı da Prezident İlham Əliyev çox vacib məqamlara toxunub: "Cənab Prezident, ümumiyyətlə, bir sıra beynəlxalq tədbirlərdə, xüsusən BMT-nin müxtəlif formatlı konfransları zamanı hər zaman Azərbaycanın mövqeyini dünya ictimaiyyətinə çatdırıb. Görünən odur ki, Azərbaycanın yanaşması dünya dövlətləri tərəfindən də diqqətlə qarşılanır. Sessiyada çıxışı zamanı dövlət başçısı ölkəmizin pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində gördüyü işlər, atdığı addımlar barədə məlumat verdi. Bildiyimiz kimi, Azərbaycan bu məsələdə dünyada nümunə göstərilən ölkələrdən biridir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı da dəfələrlə Azərbaycan haqda müsbət fikirlərini bildirib".

C.Məmmədov əlavə edib ki, sessiya zamanı Prezident Azərbaycanda davam edən vaksinasiya prosesi barədə geniş məlumat verib: "Ölkəmizdə artıq iki milyondan çox şəxsin vaksin olunduğunu deyən Prezident İlham Əliyev ədalətlilik prinsipi barədə bir daha söz açdı. Vaksin milliyətçiliyi, vaksinlərin ədalətli bölüşdürülməməsi istiqamətində mövqeyini bildirdi. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün vaksinlərin 82 faizi zəngin ölkələr tərəfindən alınıb. Bundan başqa, burada əsas məqamlardan biri də odur ki, Azərbaycan təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də bu prosesə öz töhfəsini verir. Azərbaycanın dəfələrlə ayrı-ayrı ölkələrə müxtəlif yardımlar göstərilməsi, müxtəlif qlobal çağırışlarda iştirakı xüsusi önəm daşıyır. Üstəgəl, ölkəmizin ÜST ilə sıx əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir. Beləliklə, Azərbaycan ÜST-ə 10 milyon dollar həcmində, 30-dan çox ölkəyə isə himanitar və maliyyə yardımı göstərib. Bu, Azərbaycanın dünyada gedən proseslərə öz töhfəsini verdiyini sübut edir. Həmçinin bu, Azərbaycan Prezidentinin humanist və uzaqgörən siyasətinin nəticəsi kimi də qəbul edilə bilər".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top