Balakəndə dəhşətli hadisə: Ər işdən gec gələn arvadını amansızcasına döydü — Təfərrüat

KRİMİNAL 01 iyn 2021, 16:05
Balakən rayonunda 1986-cı il təvəllüdlü Faiq Sabirov arvadı Güneli döyərək ona xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Faiq Sabirov 6 fevral 2021-ci il tarixdə, saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı Balakən rayonu Tülü kəndində yerləşən evdə arvadı Günel ilə aralarında yaranmış mübahisə zamanı onu döyüb. Günel əri tərəfindən döyülməsi nəticəsində xəsarət alıb.

İstintaq orqanı tərəfindən Faiq Sabirovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Balakən rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Zamin Tahirovun icraatına verilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq Sabirov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Günel ilə 2006-cı ildə ailə qurub: “Günel Balakən şəhəri, H.Əliyev prospektində yerləşən 5+1 şirniyyat evində şirniyyat bişirən işləyib. Hadisə baş verən günü səhər Günel Balakən şəhərinə şirniyyat sexinə işləmək üçün getdi, axşam saat 19 radələrində evə gəldi. Həmin gün qonşuluqda araq içdim və evə gəldim. Evdə arvadım Güneldən nəyə görə evə gec gəlməsini və telefona cavab verməməsini soruşdum. Həmin vaxt Günellə aramızda mübahisə yarandı. Mübahisə zamanı Güneli yumruq və təpiklə döydüm”.

Faiq Sabirov qeyd edib ki, o, fərdi əməklə məşğul olur, aylıq qazancı vardır. O, əməlindən peşmandır. Qeyd edib ki, himayəsində iki azyaşlı uşağı var. Ona yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə Faiq Sabirov aylıq qazancından 20 faiz pul dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top