Seymur Elsəvərin VAY-ŞÜVƏNLİYİ

TƏHLİL 29 may 2021, 10:33
Jurnalist binaları ilə bağlı yeni iddialar gündəmə atılıb. Xeyr, bu dəfə ev bölgüsündən kənarda qalanlar deyil, jurnalist olmadığı halda Prezidentin jurnalistlər üçün inşa etdirdiyi binadan mənzil alan Seymur Elsəvərin "Jurnalist" MMC-yə rəhbərlik etmək davasıdır.

Son günlər müxtəlif iddialar irəli sürən, "Youtube" kanallarında çıxışlar edən Seymur Elsəvər deyir ki, binada yaşayış olmayan mənzillər var, bunlar kimlərdir, əgər ehtiyacları yoxdursa, niyə həmin şəxslərə mənzil verilib? 

Məqsədimiz bu deyil, lakin burada sual yaranır ki, parodiyaçı-sənətşünas olan Seymur Elsəvər həmin binadan necə mənzil ala bilib?

Bu sualı öz iddiaları üçün qonşularını güdaza verməyə hazır olan Seymur Elsəvərin cavablandırması üçün bir kənara qoyuruq, keçirik mətləbə.

Son günlər Seymur Elsəvər "Jurnalist" MMC-nin fəaliyyətindən narazılıq edir və müxtəlif iddialar irəli sürür:

- Xidmət haqqı göstərilən xidmətə uyğun deyil.

- Binada yaşayanlar xidmət haqqını ödəmirlər.

- Xidmət haqqını yığmaq və uyğun xidmət göstərmək üçün "Jurnalist" MMC binada yaşayan jurnalistlərə verilməlidir.

- Çıxarış (kupça) pulsuz verilməlidir və sairə.

Əli Həsənovun dövründə yüzlərlə haqqı olan peşəkar media nümayəndələri qala-qala Jurnalistlərin binasında ev alan Seymur Elsəvər köhnədən qalan problemləri yeni rəhbərliyin mirası kimi təqdim etməyə çalışır. 

Prezident İlham Əliyev Jurnalistlər binasını mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa etdirdi. Keçmiş köməkçi Əli Həsənovun dövründə haqlı narazılıqlar, problemlər mövcud idi və indi də baş verənlər keçmişdən qalan mirasdır. 

Binada yaşayan həmkarlarımızdan əldə etiyimiz məlumatlara görə, "Jurnalist" MMC-nin yeni rəhbərliyi bu problemi həll etmək üçün münasib yollar axtarır və məqsəd bina sakinlərinin də çətin vəziyyətə düşməməsidir.

Misal üçün, yığılıb qalan borcun hissə-hissə ödənməsi, yaxud gələcəkdə ödənməsi üçün dondurulması və sairə kimi təşəbbüslər, real addımlar mövcuddur. 

Hətta, Əli Həsənovun dövründə binada bir dənə belə market yox idi, amma yeni rəhbərlik sakinlərin bu problemini artıq həll edib.  

Seymur Elsəvər isə iddia edir ki, "Jurnalist" MMC bina sakinlərinə verilsə, bu problem aradan qalxacaq. 

Məsələni araşdırdıq və gerçəyin əslində nə olduğu haqda məlumatlar topladıq.

Sakinlərin dediyinə görə, Seymur Elsəvər binaya 2018-ci ildə köçüb və 3 ilə yaxındır ki, xidmət haqqını vermir. 
O cümlədən, çıxarış (kupça) almaq üçün dövlət rüsumu olaraq tələb olunan ödənişdən də boyun qaçırır. İddia edir ki, 1-ci binada çıxarışlar pulsuz, yaxud çox az qiymətə verilib. Bunun da əslini öyrəndik və məlum oldu ki, 1-ci binada çıxarış pulsuz verilməyib, ümumiyyətlə çıxarışı verən dövlət qurumu “bu, jurnalistdir, buna ödənişsiz sənəd verin” prinsipi ilə işləmir. 

Qanunvericliyə uyğun olaraq müəyyən edilən dövlət rüsumu var və rəsmi şəkildə ödənilən bu məbləğ kiminsə cibinə yox, dövlət büdcəsinə gedir. O büdcə ki, Prezident pul ayıraraq, jurnalistlərin mənzil probleminin böyük qismini həll etdi, elə sənətşünas olmasına baxmayaraq, Seymur Elsəvərin də.



1-ci bina istismara verilərkən, çıxarışla bağlı dövlət rüsumu indikindən fərqlənirdi və bu da "Jurnalist" MMC-nin müəyyən etdiyi qiymət yox, qanunla müəyyən edilən rəsmi rüsumdur. 

2-ci binanın sakinlərindən əldə etdiyimiz məlumatlara görə, əksəriyyət tələb olunan rüsumu ödəyərək, çıxarışını əldə edib.

Dövlət jurnalistə ev verir, amma dövlət özünün qoyduğu qanunları jurnalistə görə pozmalıdırmı?

Burada deyiblər, “məscidin qapısı açıqdır, bəs...”.

Seymur Elsəvər istəyir ki, ona pulsuz ev verən dövlət xidmət haqqını, çıxarış üçün tələb olunan dövlət rüsumunu da ödəsin. Axı niyə?!

Seymur Elsəvər sənətşünas ola-ola, mediada dövlətin və millətin qayəsi üçün normal bir yazı yazmaya-yazmaya dövlətin yaratdığı imtiyazdan yararlanıb və görünür ki, məscidin qapısının açıq olmasından yenə istifadə etmək istəyir.

3 ilə yaxındır xidmət haqqını ödəməyən Seymur Elsəvər çıxarışı da məhz dövlət rüsumunu ödəməmək üçün almır və buna görə narazılıq edir, qondarma iddialarla dövləti də, onun qurumlarını da gözdən salmağa çalışır. 

Bütün iddialarının hədəfi isə başqadır. Əldə etdiyimiz məlumata görə, Seymur Elsəvər "Jurnalist" MMC-nin direktoru olmaq istəyir. Məqsədi də binanın idarəçiliyinə rəhbərlik etməklə, ödəmədiyi xidmət haqqını silmək, bundan sonrakı borclardan xilas olmaqdır. Hətta absurd olsa da, MMC-yə rəhbərlik edəcəyi təqdirdə, çıxarış üçün dövlət rüsumundan azad olacağını da düşünür.

Bununla bağlı Medianın İnkişafı Agentliyinə müraciət edən Seymur Elsəvər "Jurnalist" MMC-nin başına gətirilməsini tələb edib və bununla bütün problemləri həll edə biləcəyini deyib. Ona bildirilib ki, binanı idarə etmək istəyirsə, sakinlərin rəsmi razılığı ilə yeni bir MMC yaratsın. Əgər belə bir MMC yarada bilərsə, "Jurnalist" MMC ləğv edilərək, idarəçilik həmin MMC-yə verilə bilər. Lakin bunun üçün bina sakinlərinin ən azı 100 nəfərinin rəsmi razılığı olmalıdır. 

Bina sakinlərinin razılığını ala bilməyən Seymur Elsəvər yenidən "Jurnalist" MMC-nin direktoru olmaq iddiasına qayıdıb və başladığı kampaniyanın məqsədi də buna nail olmaqdır.

Bu gün sözügedən binada illərdir ki, borcları yığılıb qalan sakin təkcə Seymur Elsəvər deyil. Sözügedən binada yaşayanlar arasında xidmət haqqını illərdir verməyənlər, yaxud ümumiyyətlə ödəmək istəməyənlər var. 

Əziz həmkarlar, yararlandığınız xidmətlərin pulunu sizin yerinizə kimsə ödəməli deyil, digər jurnalistlər kimi siz də gedin yararlandığınız xidmətlərin haqqını ödəyin!


Zaur Hacılı
Demokrat.az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top