"Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış siyasət ABŞ tərəfindən müsbət qəbul edilir"

GÜNDƏM 25 may 2021, 11:21
"Azərbaycan ordusunun yalnız öz gücü hesabına regionda yeni reallıqlar yaratdığını nəzərə alsaq, hesab edirəm ki, ABŞ Cənubi Qafqazda Azərbaycan kimi güclü dövlətlə əməkdaşlığa maraqlıdır”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Nəsib Məhəməliyev ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Respublika günü ilə bağlı ünvanladığı təbrik məktubunu şərh edərkən deyib.

Deputat bildirib ki, NATO çərçivəsində ABŞ-Azərbaycan əməkdaşlığı yüksək qiymətləndirilir.

N.Məhəməliyevin sözlərinə görə, Co Baydenin Azərbaycan Prezidentini 28 May – Respublika günü münasibətilə təbrik etməsi ABŞ-ın ölkəmizin regiondakı önəmini anladığını bir daha təsdiq edir: "Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış siyasət ABŞ tərəfindən müsbət qəbul edilir. Yeni rəhbər Baydenin ilk dövrlərində, o cümlədən ondan əvvəlki dövrlərdə də ermənipərəst mövqeyi ilə diqqət çəkməsinə baxmayaraq, iki ölkə arasındakı əməkdaşlığı vacib hesab edirəm. Müsbət hal kimi ABŞ-ın yeni administrasiyasının Azərbaycana silah satışı ilə bağlı qadağanı aradan qaldırması ("Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş müvəqqəti dayandırılıb – red) nümunə göstərilə bilər. Bu qərarı ABŞ-Azərbaycan münasibətlərinin vacib elementlərindən biri kimi qəbul etmək mümkündür".

İşçi qrupun üzvü vurğulayıb ki, ABŞ Qarabağ münaqişəsinin olmadığını və Azərbaycanın beynəlxalq hüquq normalarına əsasən, BMT qətnamələrini icra etdiyini nəzərə almalıdır: "Cənab Prezident son çıxışlarında da bildirirdi ki, biz ATƏT-in Minsk Qrupunun həmsədrlərindən yeni təşəbbüslər gözləyirik. Bu mənada, təbii ki, ABŞ da həmsədr dövlət olaraq müsbət fəaliyyətini davam etdirə bilər. Yəni istənilən halda, Minsk Qrupu Azərbaycanın maraqlarını nəzərə almalıdır. Əksinə, fəaliyyətə əvvəlki formada davam edərsə, bu, tərəfimizdən qəbul oluna bilməz".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top