Operativ Qərargah Bakıda keçiriləcək beynəlxalq yarışla bağlı qərar verdi


İDMAN 24 may 2021, 12:42
25-26 may tarixlərində Bakıda keçiriləcək paracüdo üzrə Qran Pridə tamaşaçılarla yanaşı, media nümayəndələri də iştirak edə bilməyəcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, səbəb Nazirlər Kabineti yanında Operativ Qərargahın buna icazə verməməsidir.

Operativ Qərargah qapalı zalda – Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək yarış zamanı minimal sayda insanın olmasını istəyir. Bu səbəbdən də idman zalında əsasən idmançılar və federasiya rəsmiləri olacaq.

Qeyd edək ki, bu yarış Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları verir. Azərbaycan millisi bu yarışda tam heyətlə – 18 idmançı (9 kişi və 9 qadın) ilə təmsil olunacaq.

Onu da bildirək ki, bu, Azərbaycanda ilk belə hal deyil. Bu il futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Slovakiya (29 yanvar), Moldova (4 mart) və Yunanıstanla (14 aprel) Bakı İdman Sarayında keçirdiyi yarışlara da tamaşaçılarla yanaşı, media nümayəndələri buraxılmayıb. Yalnız bu ay Milli Gimnastika Arenasında keçirilən beynəlxalq yarışlara məhdud sayda media nümayəndələri buraxılıb.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top