Natiq Cəfərli: “Arutunyanı dərhal Bakıya dəvət edib onun tezislərindən yararlanmalıyıq”

GÜNDƏM 22 may 2021, 17:49
Ermənistanın ən tirajlı KİV-lərindən biri olan “Hayastani Anrapetutyun” qəzeti Ermənistanlı alim, Elmi Təqiqat İnstitutunun direktoru Avetik Arutunyanla geniş müsahibə dərc edib. Bu alim sərhədlərin dəqiqləşdirilməsi məsələsinə qarşı çıxaraq “güclü” bir arqument irəli sürüb.

Demokrat.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

REAL-çı erməni alimin müsahibəsindən maraqlı məqamlara toxunub: "Deyir ki, indiki Azərbaycan Respublikası Azərbaycan SSRi-yə aidiyyatı yoxdur, sovet Azərbaycanının hüquqi varisi deyil – çünki, 18 oktyabr Azərbaycan Respublikasının müstəqilliyinin bərpası haqındakı Konstitutsiya sənədinə görə Azərbaycan 1918-ci il mayın 28-dən, 1920-ci il aprelin 28-nə qədər mövcud olmuş ADR-in hüquqi varisidir, deməli Sovet Azərbaycanının sərhədləri indiki Azərbaycana aid deyil, biz (Ermənistan) bu sərhədləri tanımamalıyıq!

Avetik müəllimi dərhal Bakıya dəvət etməliyik, onun tezislərindən yararlanmalıyıq, adam, guya, bizim əlehimizə təbliğat aparır, amma tezisləri əladı: Azərbaycanın Cümhuriyyət dönəmindəki rəsmi ərazisi 113900 km2 olub, tərkibində Zəngəzur mahalı olub, Qərb sərhəddi Göyçə gölünün tam ortasından keçib - əgər Azərbaycan SSRİ-nin sərhədlərini tanımırlarsa, ADR-in sərhədləri üzərindən danışıqlara başlaya bilərik".

"Bu müsahibə, belə tezislər bir daha sübut edir ki, Ermənistanda ciddi, dərin emosional və intellektual böhran var, özləri öz tezislərinin əsrinə çevrilərək dolaşığa düşüblər. Biz isə sülh istəyirik, əməkdaşlıq istəyirik, sərhədlərin toxunulmazlığını, qarşılıqlı ərazi bütüvlüyünün tanınmasını istəyirik. Sülh quruculuğu regionumuz üçün vacibdir, önəmlidir, həm Ermənistan, həm də Azərbaycan üçün inkişaf və rifaha gedən yoldur. Sülh quruculuğu həm də Şimal qonşumuzun regiona təsirlərinin azadılması mexanizmidir...", - deyə Natiq Cəfərli qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top