Deputat: "Ermənistan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

GÜNDƏM 22 may 2021, 16:50
"44 günlük müharibədəki qələbəmizdən sonra Azərbaycan dövləti cənab Prezidentin rəhbərliyi ilə bölgədə yeni reallıqlar yaratdı. Bu yeni reallığa uyğun yeni əməkdaşlıq platformaları təqdim edildi. Təqdim edilən bu müxtəlif platformalar təkcə bizi deyil, bir çox ölkələri əhatə edir. Burada daha çox Azərbaycan və Ermənistan arasında olan münasibətlərdən söhbət gedir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Prezidentin çıxışı və sülh sazişi ilə bağlı verdiyi mesajları barədə danışarkən bildirib:

Deputat deyib ki, Azərbaycan bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasını istəyir:

"Ermənilərin torpaqlarımızı işğalından sonra əhalimizə, şəhərlərimizə, abidələrimizə qarşı soyqırımlar törədiblər, vəhşilik nümunəsi göstəriblər, tarixi və dini abidələrimizi dağıdıblar. Bu faktların fonunda 30 illik münaqişədən sonra qısa müddət ərzində iki tərəfin, iki xalqın da barışıq əldə etməsi heç də asan məsələ deyil. Bütün dünyaya məlumdur ki, Azərbaycan xalqı multikultural xalqdır, öz dəyərlərinə sadiqdir və biz bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasını istəyirik. Prezidentin qərarı ilə nəinki Ermənistanla, digər bölgə ölkələri ilə iqtisadi və regional əməkdaşlıq, qarşılıqlı sülh yolunda addımlar atılıb. Ermənistanla münasibətlərdə isə vacib bir məsələ var: Ermənistan bu prosesə hazırdırmı? 

Azərbaycan dövləti cənab Prezidentin rəhbərliyi altında bu istiqamətdə addımlar atıb və bunu həm Ermənistana, həm də beynəlxalq təşkilatlara, xarici ölkələrə bildirib. Bu istiqamətdə əsas təşəbbüsləri də Azərbaycan tərəfi edib".

Deputatın sözlərinə görə, Ermənistan bölgədəki ölkələrlə sıx əməkdaşlıq etmək istəyirsə, artıq əməli və ciddi addımlar atmalıdır:

"Bu gün Ermənistanın daxili siyasətinə, oradakı mövcud vəziyyətə nəzər yetirəndə görürük ki, Ermənistan tərəfinin hələ də revanşist qüvvələri qalmaqdadır. Onlar hələ də revanşist düşüncə, revanşist ritorika ilə çıxışlar edirlər. Yaxın gələcəkdə - iyunda keçirilməsi planlaşdırılan seçki öncəsi bu düşüncələr daha da geniş vüsət alıb. Həm hazırlanan əməkdaşlıq platformaları çərçivəsində, həm də 10 noyabrda imzalanan üçtərəfli bəyanatda yeni dəhlizlərin, digər əlaqələrin qurulması əks olunub və Ermənistan buna hazır olmalıdır. Ermənistan mahiyyətcə terror ölkəsindən sivil dövlətə çevrilmək, digər bölgə ölkələri kimi inkişaf etmək istəyirsə, soyuqqanlılıqla, sağlam düşüncə ilə qərar verməlidir. Onun bu istəkləri Azərbaycandan, Azərbaycanla sülh müqaviləsi imzalamasından keçir. Əməkdaşlıq etmək istəyirsə, o zaman Ermənistan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu baxımdan Azərbaycan öz üzərində düşən işi görüb, lazım olan addımları atıb, indi isə növbə Ermənistandadır".


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top