Avropa Məhkəməsi Azərbaycanı Lapşinə görə niyə cərimələdi?


GÜNDƏM 22 may 2021, 09:45
Avropa İnsan Haqları Məhkəməsi yəhudi kökənli bloger Aleksandr Lapşinin işi ilə bağlı Azərbaycan əleyhinə qərar çıxarıb. Azərbaycan ona 30 min avro təzminat ödəməlidir. Bu barədə Lapşin öz facebook səhifəsində yazıb.

Aleksandr Lapşin Azərbaycana qarşı işdə AİHM ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusuna (həm substantiv, həm də prosedural) qərar verib. Bu iş İsrail, Rusiya və Ukrayna vətəndaşlığı olan ərizəçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz daxil olması səbəbindən saxlanılması, həbs edilməsi, azadlıqdan məhrum olunması zamanı baş verən olaylarla bağlıdır. Ərizəçi yaşamaq və azadlıq-toxunulmazlıq hüququna müdaxilə baş verdiyini iddia edirdi.

Yada salaq ki, Aleksandr Lapşin 2016-cı ildə Belarusda tutularaq Azərbaycana ekstradisiya edilmişdi. Dağlıq Qarabağa qanunsuz səfərlər elədiyi (sərhədi qanunsuz keçdiyi), oyuncaq “dövləti” təbliğ elədiyi və Azərbaycan dövləti əleyhinə hədyan çıxışlar etdiyi üçün barəsində cinayət işi başlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsində Lapşin hərəkətlərindən peşman olduğunu, Azərbaycan və onun xalqına zərər vurduğunu etiraf etmişdi.

Lapşin çıxışına bunları əlavə edib: “Ümid edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü tez bir zamanda bərpa edər. Qarabağ münaqişəsi tezliklə Azərbaycanın xeyrinə başa çatar”. Məhkəmə onun barəsində 3 il müddətinə həbs qərarı çıxarmışdı. Lakin prezident İlham Əliyev humanistlik göstərərək onun və anasının əfvlə bağlı müraciətini nəzərə almışdı. Azad edilən Lapşin İsrailə yola salınmışdı. Əlavə edək ki, 44 günlük müharibə zamanı da Lapşin erməni mediasına silsilə müsahibələrində öz ənənəvi xəbis mövqeyinə sadiqliyini bir daha nümayiş etdirdi, anti-Azərbaycan ritorikası sərgilədi.

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Aleksandr Lapşinin Azərbaycana qarşı iddiasının təmin olunmasında səriştəsiz hüquq-mühafizə, məhkəmə orqanlarının rolu böyükdür: “Əsas problemimiz odur ki, biz hər şeyi ağ və qara çalarlarla görürük. Avropa Məhkəməsi Lapşinin Azərbaycan qanunlarını pozduğu faktını tanımaqla qeyd edə bilərdi ki, ona qarşı görülən tədbirlər adekvat olmayıb. Bizim hüquq-mühafizə orqanlarımız qanuni, hüquqi cəhətdən korrekt qərar vermək imkanları olduğu halda belə, daha çox qanunların tələblərinə riayət etmədən tapşırılan işi icra edir. Son nəticədə isə Lapşin kimiləri haqsız ola-ola, məhkəməsində səhvlərini etiraf edib peşmanlığını dilə gətirdiyi halda belə əleyhimizə qərar verilməsini şərtləndirirlər. Hüquq-mühafizə orqanlarında savadlı, öz işini bilən kadrlar az deyil, amma bu kadrların sayı da yetərli deyil. Qarşılarında məzlum Azərbaycan vətəndaşı görməyə alışıblar. Məhkəmə-hüquq sistemində ”mənə nə edəcəklər" düşüncəsi də hakimdir. Azərbaycan məhkəmələrinin əksəriyyəti də müstəqil deyil. Məhkəmələr nəinki cinayətkarla, günahı olmayan vətəndaşlar belə qanuna uyğun davranmağı əksər hallarda bacarmır. Unudurlar ki, hətta şeytana daş atmağın da ədəbi var. Yəni Həcc ziyarətinə gedənlərə tapşırırlar ki, özünüzlə şeytana atmağa böyük daş götürməyin. Baxırlar ki, kimsə ayağından ayaqqabısını çıxarıb şeytana atır. Yəni Lapşinə qarşı onun əməlinə adekvat davranış qaydası sərgilənməli idi. Əvəzində ona qarşı uyğun olmayan addımlar atılıb, məktublarına, şikayətlərinə adekvat reaksiya verilməyib. Nəticədə haqlı olduğumuz halda 30 min avro cərimə ödəməli olacağıq".

Hüquqşünas məhkəmə-hüquq sistemində səriştəsizliyin hər addımda nəzərə çarpdığını bildirib: “Məhkəmələrdə dəfələrlə görmüşük ki, müttəhim günahkardır. Amma ona qarşı atılan addımlar, görülən tədbirlər onu haqlı çıxarır. Bu, səriştəsizlikdən irəli gəlir. Bizim məhkəmə sistemi formal tələbləri belə saya salmır və son nəticədə Lapşin kimi cinayət törədənlər belə Azərbaycanı cərimələtdirə, özünü haqlı göstərə bilir”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyn 2021, 20:12
Top