Demişdi ki, 1 manat rüşvət alsaq, həbsxanada oturmağa hazırıq...

SOSİAL 20 may 2021, 21:57
Rüşvət və korrupsiyaya qurşanmış vəzifəli şəxslərə qarşı mübarizə davam edir. İstər DTX, istər Baş Prokurorluq, istərsə də polis orqanları vəzifə səlahiyyətlərindən sui-istifadə edən, vətəndaşları incidən, dövlət qulluğuna varlanmaq üçün vasitə kimi baxan bu adamlarla bağlı sərt tədbirlər görür.

Bu dəfə gömrük orqanlarında “yuva salmış” rüşvətxor şəbəkə ifşa olunub. Belə ki, Baş Prokurorluq Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxslərinin yaramaz əməllərini ifşa edib. Sözügedən istintaq orqanının təqdimatı ilə Binəqədi rayon məhkəməsi tərəfindən Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə Aydın Eylazov 2 ay, Elmar Mirzəyev və Emin Xəlilov barəsində 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, həbs olunan şəxslərdən A.Eylazov neft sənayesi sahəsində istifadə olunmaq məqsədilə xaricdən Azərbaycana gətirilən qayıq üçün verginin ödənilməməsində ittiham edilir. E.Mirzəyev isə 300 manat rüşvət almaqda ittiham olunur. E.Xəlilov da analoji ittihamla hakim qarşısına çıxarılıb. Hazırda A.Eylazov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), E.Mirzəyev və E.Xəlilov isə 311-ci (rüşvət alma) maddələri ilə ittiham edilir.

Bakı Baş Gömrük İdarəsində aparılan bu əməliyyat mətbuatın və cəmiyyətin diqqətini yenidən bu qurumun fəaliyyətinə yönəldib. Hazırda KİV-də və sosial şəbəkələrdə Səfər Mehdiyevin rəhbərlik etdiyi Komitənin fəaliyyəti ciddi təftiş olunur. Bəzi mütəxəssislər istintaq-əməliyyat hərəkətlərinin dairəsinin genişləndirilməsini təklif edirlər. Onların fikrincə, daha təcrübəli rüşvətxorlar DGK-nın üst eşelonunda “yuva salıblar”. Cəmiyyət həmin şəxslərin də ifşa olunaraq, qanun qarşısında cavab verməsini tələb edir.

Qeyd edək ki, gömrük orqanlarının yarıtmaz fəaliyyəti həmişə tənqid obyekti olub. Bu qurumun monopoliya yaradaraq azad rəqabət mühitini pozması beynəlxalq təşkilatların hesabatlarında da dəfələrlə öz əksini tapıb. Amma DGK rəhbərliyi, xüsusilə sədr Səfər Mehdiyev həmişə ciddi-cəhdlə bu xəbərləri təkzib edib. Hələ bu ilin martında keçirdiyi mətbuat konfranslarının birində Səfər Mehdiyev belə demişdi: “Tam məsuliyyətimlə bəyan edirəm ki, əgər burada oturanlardan kimsə, mən özüm də daxil olmaqla, heç olmasa 1 manat rüşvət alsaq, həbsxanada oturmağa hazırıq. Təkcə “Qırmızı körpü”də biz korrupsiya əməli ilə məşğul olan 20-dən çox əməkdaşı tutmuşuq. Əgər sizdə gömrük sferasında korrupsiyaya dair informasiya varsa, gəlin, əməkdaşlıq edək ki, bu neqativ hallar aradan qaldırılsın. Gəlin deyin ki, hansısa yerdə filan gömrükçü 10 manat rüşvət aldı. Əgər biz buna reaksiya verməsək və rüşvətxorları saxlamasaq, deməli, bu bəla ilə mübarizə aparmırıq. Biz şou düzəltmirik, sadəcə olaraq bəyan edirik ki, nə qədər ki, bu postdayıq, ilin 365 gününü gömrük sferasında korrupsiya ilə mübarizə aparacağıq”.

Səfər Mehdiyevin tabeliyində çalışmış şəxsin 1 manat deyil, 300 manat rüşvət aldığını sübut edən istintaq materialları var. Dövlətin ali istintaq orqanı bunu rəsmi şəkildə bəyan edib. Bəs Səfər Mehdiyev necə, 2 il əvvəl verdiyi bəyanatın arxasında dayanırmı? O, general mundirini həbsxana libası ilə dəyişməyə hazırdırmı?

Şükür ki, biz hüquqi dövlətdə yaşayırıq. Hüquqi dövlətlərdə bu məsələ ayrı-ayrı şəxslərin arzusu ilə həll olunmur, qanunun tələbi əsas götürülür. Qanunun Mehdiyevin boyuna hansı “donu” biçdiyi isə Cinayət Məcəlləsinin müvafiq maddələrində aydın şəkildə göstərilib...

Yenisabah.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top