Azərbaycan köçkünlərin geri qayıdışı üçün səylərini artırır

XARİCİ SİYASƏT 19 may 2021, 09:22
Perunun ən nüfuzlu KİV-lərindən olan “La Razon” qəzetində 44 günlük Vətən müharibəsinin yekunları, regionda münaqişə sonrası yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərin erməni vandalizminə məruz qalması, azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtması üçün mövcud maneələr və ölkəmiz tərəfindən burada aparılan yenidənqurma işləri haqda bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi dərc olunub.

Bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.

Müsahibədə 44 günlük müharibənin yekununda Azərbaycanın 30 ilə yaxın erməni işğalında olan ərazilərinin böyük hissəsini azad etdiyi, 10 noyabr tarixli üçtərəfli bəyanatla Ermənistan silahlı qüvvələrinin digər ərazilərimizdən çıxarıldığı, bölgədə Rusiya-Türkiyə birgə montorinq mərkəzinin yaradıldığı və Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi məlumat verilib.

Hazırda Azərbaycanın başlıca hədəfinin işğal dövründə Ermənistan tərəfindən qovulmuş 1 milyona yaxın məcburi köçkünümüzün geri qaytarılması olduğu və bu məqsədlə geniş miqyaslı yenidənqurma işlərinin aparıldığı, ancaq bu məqsədin həyata keçirilməsi üçün bir sıra maneələrin mövcud olduğu, bu xüsusda azad edilmiş şəhər və qəsəbələrdə yaşayış infrastrukturunun ermənilər tərəfindən tamamilə dağıdıldığı, ölkəmizə aid tarixi-mədəni irsin məhvinə cəhd edildiyi, burada geniş sahələrin kütləvi qaydada minalandığı, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi və mülkü vətəndaşların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq ictimaiyyətin bu məsələyə ciddi münasibət bildirməsi gərəkdiyi qeyd olunub.

Bölgədə sabitliyin bərqərar olmasına qarşı digər bir təhlükənin Ermənistanda münaqişənin bitdiyini qəbul etməyən, yeni hərbi qarşıdurmaların yaranmasını təşviq edən qisasçı və radikal milliyətçi qüvvələrin meydana çıxması olduğu bildirilib və regionda davamlı sülhün təmin edilməsi üçün Ermənistanın bu kimi yanaşmalardan, ərazi iddialarından və təcavüzkar siyasətindən əl çəkməli olduğu söylənilib.

Sonda Azərbaycanın onilliklərlə davam edən işğal vəziyyətinə rəğmən əldə etdiyi iqtisadi uğurlar, bölgədə Türkiyə və Gürcüstanın da iştirakı ilə reallaşdırdığı iri miqyaslı enerji və infrastruktur layihələri haqda məlumat verilib, bu günə qədər ölkəmiz tərəfindən bu sahədə həyata keçirilmiş uğurlu təşəbbüslərin regionun münaqişədən sonrakı inkişafına öz töhfəsini verəcəyi bildirilib, habelə pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən tədbirlər və cari ildən etibarən aparılan peyvəndləmə prosesi haqda danışılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top