Deputat: "Gürcüstanda azərbaycanlılarla qarşıdurmanın kökü erməni təxribatına dayanır"


GÜNDƏM 17 may 2021, 16:25
"Gürcüstanda azərbaycanlılarla qarşıdurmanın kökü erməni təxribatına dayanır".

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu cür təxribatlar zamanı erməni faktorunu unutmadan təmkinli və soyuqqanlı münasibət sərgiləmək lazımdır: "Əlbəttə ki, Gürcüstanda baş verənlər xoşagəlməz hadisələrdir. Hesab edirəm ki, biz birmənalı olaraq bilməliyik ki, belə təxribatlarda hər zaman üçüncü əl faktoru istisna deyil. Yəni bunun dəfələrlə müxtəlif hadisələr zamanı şahidi olduğumuz üçün indi də istisna olunmur. Xatırlayırsınızsa, hələ ötən il - Vətən müharibəsindən öncə Azərbaycan-Gürcüstan sərhədində demarkasiya işlərində müəyyən gərginliklər yaşanırdı. Sonradan məlum oldu ki, burada Ermənistanın təxribatçı rolu var imiş. Fikrimcə, bu məsələnin də kökündə erməni təxribatı dayanır".

Qeyd: Gürcüstanın Dmanisi şəhərində yerli azərbaycanlılarla Svanetidən olan eko-miqrantlar arasında toqquşmalar kəskinləşib. Qarşıdurmalar ötən gün Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən azərbaycanlı ailəyə məxsus “Ömər” marketə kütləvi hücumdan sonra başlayıb.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top