Laçın - Vətən deyil, vəzifə savaşı aparanların xəyanətinin qurbanı

GÜNDƏM 16 may 2021, 19:40
Azərbaycan əsgəri, xalqı tariximizdəki daha bir qara ləkəni, xəyanəti silib

30 ilə yaxın idi mayın 18-i Laçın rayonunun işğal günü kimi yad olunurdu. İndi tam başqa əhval-ruhiyyədə xatırlanır və xatırlanacaq bu gün...Laçın rayonu düşmən tapdağında deyil, bu qədim yurd yeri də artıq azaddır və Azərbaycan əsgəri tərəfindən qorunur.

Laçının azadlığa qovuşması heç də asan başa gəlməyib. Bu rayonun boşaldılması Ordumuzun əldə etdiyi Zəfər sayəsində mümkün oldu. Ən yaxın tariximizin gerçəkliyi budur ki,

- Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun Zəfər yürüşü sayəsində Laçın rayonu şəhid vermədən düşmən tapdağından xilas edildi; 

- Cəbhədə Azərbaycan əsgərinin qanı, canı hesabın əldə olunan Böyük Qələbə Ermənistanı Laçın rayonu ilə yanaşı, Kəlbəcər və Ağdam rayonlarını da boşaltmağa məcbur etdi və Prezidentin həyata keçirdiyi qətiyyətli siyasət kifayət qədər mürəkkəb müdafiə sisteminə malik həmin ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsi ilə nəticələndi; 

- Laçının azadlığı 44 günlük Zəfərin məntiqi davamıdır.

30 illik tariximizin başqa bir gerçəkliyi də odur ki, 1992-ci ildə Şuşadan sonra Laçın  rayonu hakimiyyət uğrunda mübarizənin, idarəetmə səriştəsizliyinin, Azərbaycan dövlətinə, xalqına qarşı xəyanətin sayəsində ermənilər tərəfindən işğala məruz qalmışdı. Ermənilər Laçını işğal etməklə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmağa nail olmuşdular. Laçının əldən getməsi ilə Azərbaycan strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətə uğramışdı.

Bu və sonrakı digər faciələrimizə isə daxilimizdəki çəkişmələr, hakimiyyət savaşı, satqınlıq münbit şərait yaratmışdı. Cəbhədə döyüşlərin getdiyi vaxt AXC-Müsavat cütlüyünə məxsus silahlı dəstələr Bakı küçələrində avtomatlarla gəzirdilər və vəzifə bölgüsü uğrunda mübarizə apararaq, paytaxtda xaos yaratmışdılar. Yaranan anarxiya, ölkənin hərtərəfli böhrana sürüklənməsi cəbhədə uğursuzluqların daha da irəliləməsinə aparıb çıxarmışdı. Vətən deyil, vəzifə savaşına girişən siyasi qruplar silahlı birləşmələri döyüş bölgəsindən geri çəkərək onlardan siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə etməyə qədər alçalmışdılar. Vəzifə davası Vətənin ön cəbhəsini müdafiəsiz duruma salmışdı. Nəticə o oldu ki, erməni quldurları Azərbaycanın son dərəcə strateji əhəmiyyətli  Şuşa və Laçın rayonlarını işğal etməyə nail oldular. Həmin vaxt nə qədər qurbanlar verilsə də, ölkədə siyasi qrupların, rəhbərliyin xəyanəti ucbatından Şuşanı, Laçını qoruya bilmədik. Çünki

- Hakimiyyət uğrunda mübarizə aparan qüvvələri torpaqlarımızın düşməndən qorunması düşündürmürdü; 

- Əsas məqsəd hakimiyyətə gəlmək idi və təsadüfi deyil ki, 1992-ci il mayın 15-də AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirdikdən 3 gün sonra - mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğala məruz qaldı;

- Bu qüvvələrin hakimiyyətdə olduğu dövrdə heç bir ərazi, o cümlədən Laçın işğaldan azad edilmədi, 
əksinə digər torpaqlarımız da erməni işğalına məruz qaldı, yeni-yeni faciələr yaşandı;


- Ölkə sosial-iqtisadi fəlakətin astanasına gətirildi və idarəolunmaz vəziyyətə düşdü, xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq gündəlik həyat tərzinə çevrildi;

- Orduya diqqət ayırmaq əvəzinə, vəzifə davası aparanların ayrı-ayrı  batalyonları yarandı və gücləndi.

Bütün bunların məntiqi nəticəsi olaraq Dağlıq Qarabağ və Laçın rayonu ilə yanaşı, 1993-cü ilin aprelində Kəlbəcər kimi strateji əhəmiyyətli rayon da AXC-Müsavat hakimiyyətinin xəyanəti ucbatından düşmənə təslim edildi; Dağlıq Qarabağ ətrafı digər rayonların işğala məruz qalmasına geniş zəmin yarandı və ermənilər ölkəmizin ümumilikdə 20 faiz ərazisini işğal etdilər.

Bütün bunlar yaxın tariximizin utancverici gerçəyidir. Bu tarixi faktları unutmaq olmaz! Yeni formalaşan gənc nəsil bilməlidir ki, indi gecə-gündüz sosial mediada hakimiyyətə hər cür böhtan yaxanlar iqtidarda olanda Azərbaycan hansı xaosu, faciələri yaşayıb. Ölkənin parçalanmaq təhlükəsi ilə üzləşməsi, əsl düşmənin unudularaq daxildə silahlı dəstələrin hakimiyyət uğrunda mübarizəyə girişərək bir-birlərinə atəş açmaları, təsadüfi, savadsız, təcrübəsiz adamların idarəetməni küçə səviyyəsinə endirməsi və s. bu kimi faktlar faciələrimizin kökündə duran əsas səbəblər idi. 
  
Şükür ki, bu gün Laçın rayonu əsl sahiblərinə qovuşub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri, xalqı tariximizdəki daha bir qara ləkəni, xəyanəti təmizləyib. Qarşıda dayanan vəzifə bu Qələbəni qoruyub saxlamaq, işğaldan azad olunan torpaqlara həyatı qaytarmaq, nəfəs verməkdir! Qarabağın yeni - inkişaf, tərəqqi dövrünün bir səhifəsi də şübhəsiz ki Laçındır! 

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top