Hərbi ekspert: “Ordumuzun bir çox yükdaşımaları Naxçıvandakı mülki hava limanı vasitəsilə həyata keçirilirdi”

GÜNDƏM 12 may 2021, 16:12
“Hərbi aerodrom nəqliyyat təyinatlı infrastrukturdur. Azərbaycan Ordusunun bölmələri arasında nəqliyyat təminatının və təchizatının gücləndirilməsi üçün ən vacib məsələlərdən biri də hərbi aerodromların inşasıdır. Naxçıvan ərazisində Əlahidddə Ümumqoşun Ordunun istifadəsində olacaq aerodrom da bu məqsədlidir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib. 

Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılmasının vacibliyindən danışan ekspert bunları deyib:

“Azərbaycan Ordusu öz təminat və təchizatını gücləndirmək və operativliyi artırmaq üçün lazım olan tədbirləri həyata keçirilir ki, bu da həmin tədbirlərdən biridir.

Digər tərəfdən Naxçıvan strateji əhəmiyyət daşıyan ərazidir, hərbi əhəmiyyəti olduqca böyükdür. Bu baxımdan Muxtar Respublikanın ərazisində bu cür aerodromun yaradılması çox vacibdir. İndiyə qədər Azərbaycan Ordusunun bir çox yükdaşımaları Naxçıvandakı mülki hava limanının imkanlarından istifadə edərək həyata keçirilirdi. Lakin mülkü təyinatlı aerodrom təhlükəsizlik, məxfilik baxımından hərbi məqsədlər üçün lazım olan rolu oynaya bilmirdi. Hərbi aerodromun yaradılması ordunun gücləndirilməsi, operativliyin yüksəldilməsi baxımından vacibdir”. 



Hərbi aerodromun və Mərkəzi Hospitalın açılmasının Naxçıvanın hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində aparılan tədbirlərin davamı kimi qiymətləndirən hərbi eskpert Tərlan Eyvazov da sözügedən obyektlərin əhəmiyyətinə toxunub: 

“Bir neçə il öncə Prezidentin qərarı ilə Naxçıvandakı hərbi birləşmənin bazasında Naxçıvan Əlahiddə Qoşunu yaradıldı və rəhbəri də bilavasitə nazirliyin müavini təyin edildi. Naxçıvan blokada şəraitində yaşayır, Azərbaycanla əlaqələri yalnız hava yolu ilədir, müəyyən vaxtlarda İran İslam Respublikası vasitəsilə ancaq mülki yüklərin daşınması həyata keçirilir. Bu addımın əhəmiyyəti 44 günlük müharibə dövründə özünü göstərdi.  Naxçıvanda olan hərbi birləşmənin tam avtonom şəkildə fəaliyyət göstərməsi üçün vacib şərtlər var. Orda olan bütün hərbi obyektlərin lazım olan şəkildə və sürətlə işləməsi üçün şərait yaradılır və bu barədə əsasən son vaxtlar Prezidentin səfəri zamanı məlumat verilib. Aerodromun tikilməsi də məhz bu zərurətdən irəli gəlir. Naxçıvanda beynəlxalq hava limanı fəaliyyət göstərsə də, bu, hərbi aerodromun olmasının vacibliyini azaltmır. Həmçinin yüksək standartlarla yeni hospitalın tikilməsi də zəruriyyətlərdən idi. 

Üçtərəfli bəyanatdan sonra Naxçıvanla quru yolunun açılması gündəmdədir, amma Ermənistanda olan revanşist qüvvələrin, həmçinin tezliklə hakimiyyətə gələcək siyasi qüvvələrin hansı addımı atacağı bəlli deyil. Məhz bu səbəbdən də hər zaman Naxçıvanla əlaqələrin qəflətən kəsilməsinə hazır olmalıyıq. Ordakı təhlükəsizlik tədbirləri məqsədilə sözügedən obyektlərin açılması vacib idi”.


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top