Deputat: “Prezidentin Naxçıvana səfəri rəmzi xarakter daşımaqla yanaşı çox əhəmiyyətlidir”

GÜNDƏM 11 may 2021, 16:18
“Prezident İlham Əliyev şəxsən özünün tapşırığı ilə yaradılan Ümumqoşun Əlahiddə Ordusunun II Qarabağ savaşında həm Naxçıvanın, həm də Azərbaycanın təhlükəsizliyinin təmin edilməsindəki mühüm rolunu qeyd etdi. Prezident həmçinin onu da bildirdi ki, Naxçıvanda olan silah-sursat, hərbi texnika dünyanın bir çox ölkələrinin hərbi potensialında yoxdur”.

Bunu Pravda.az-a Milli Məclisin deputatı Cavid Osmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərindən danışarkən deyib.

Deputat əminliklə qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 44 günlük Vətən Müharibəsindəki iştirakı qələbəyə böyük töhfələr verib: “Mayın 10-da cənab İlham Əliyev Naxçıvana sayca 15-ci tarixi səfərini etdi. Dünənki səfər rəmzi xarakter daşıyırdı, çünki Prezidentin özünün də qeyd etdiyi kimi, Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsindən sonra Ulu öndərin doğulub boya-başa çatdığı Naxçıvana - Heydər Əliyevin birinci Qarabağ savaşında qoruyub saxlaya bildiyi əraziyə səfəri, əlbəttə ki, rəmzi xarakter daşımaqla yanaşı çox əhəmiyyətlidir. Prezident bir sıra infrastruktur layihələrinin, o cümlədən hərbi obyektlərin açılışında iştirak etdi. Cənab İlham Əliyev şəxsən özünün tapşırığı ilə yaradılan Ümumqoşun Əlahiddə Ordusunun II Qarabağ savaşında həm Naxçıvanın, həm də Azərbaycanın təhlükəsizliyinin təmin edilməsindəki mühüm rolunu qeyd etdi və Vətən müharibəsində ordunun potensialında olan bir sıra texnikanın, silah-sursatın məhz ərazi bütövlüyümüzün qorunması üçün Bakıya gətirildiyi vurğuladı. Cənab Prezident həmçinin onu da bildirdi ki, Naxçıvanda olan silah-sursat, hərbi texnologiya, bəlkə də, dünyanın bir çox ölkələrinin hərbi potensialında yoxdur ki, biz bunu Naxçıvanda təmin edə bilmişik. Bugünkü zəfərin təməlinin hələ I Qarabağ savaşı dönəmində Naxçıvanda Heydər Əliyev tərəfindən atıldığını qeyd etmək olar. I Qarabağ müharibəsində Ermənistan ölkəmizin ərazilərini işğala məruz qoyduğu zaman Azərbaycanda bir sıra hadisələr - xaos, anarxiya, vətəndaş qarşıdurması, o cümlədən AXC-Müsavat cütlüyünün xəyanəti baş verib. Əgər onlar xəyanət etməsəydilər, Ermənistan Azərbaycanın bu qədər torpağını işğala məruz qoya bilməzdi. Onlar öz çirkin niyyətlərinə çatmaq üçün o vaxtlar Naxçıvana rəhbərlik edən Heydər Əliyev amilini ümumilikdə aradan qaldırmaq istəyirdilər və bütün gücləri ilə çalışırdılar ki, xəyanətlərini genişləndirib Naxçıvanı da ermənilərə təhvil versinlər. Təkrar edirəm, onlar yalnız Heydər Əliyev amilini ortadan götürmək amalı uğrunda mübarizə aparırdılar. Onların xəyanəti nəticəsində, Şuşa, Laçın, Kəlbəcər və bizim digər ərazilərimiz əlimizdən alındı. Beləliklə, xəyanət missiyalarını yerinə yetirərək siyasi hakimiyyətdə qalmalarını təmin etmək üçün ardınca Naxçıvanı da təhvil verməli idilər. Lakin Ulu öndər Naxçıvanı qoruya bildi. Bu 30 il müddətində Naxçıvanın blokadada olmasına və Azərbaycanın əsas hissəsindən ayrılmasına baxmayaraq, Heydər Əliyevin qətiyyəti, prinsipiallığı, uzaqgörənliyi ona gətirib çıxardı ki, Ermənistan Naxçıvandan bir qarış belə torpaq ala bilmədi. Beləliklə, AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatmadılar”.

Milli Məclisin üzvü Naxçıvan MR-nın sosial inkişafından da söz açıb. O qeyd edib ki, ümumilikdə Naxçıvanı ən inkişaf etmiş bölgə adlandıran Prezidentin Naxçıvanın bu birinciliyi əldən buraxmayacağına dair əminliyinə biz də qoşuluruq.

“Cənab Prezident Naxçıvana səfəri çərçivəsində bir sıra sosial obyektlərin, infrastruktur layilərinin, yeni çəkilmiş yolların açılışında iştirak etdi, həmçinin "ASAN xidmət”in binasının tikintisi ilə tanış oldu. Eyni zamanda, Naxçıvanda bir sıra sosial problemlərin başa çatdığını vurğuladı və yeni hədəflər müəyyənləşdirdi. Cənab Prezident qeyd etdi ki, Naxçıvanda təbii qazın verilişi, artıq 100%, elektrik enerjisinin verilişi isə 70% həyata keçirilir. Həmçinin bölgədə bərpa edilən enerji sistemindən istifadə olunur ki, nəticədə Naxçıvanın təbiəti də qorunub saxlanılır. Digər tərəfdən, Ordubad şəhərində içməli su təminatı başa çatıb və Naxçıvanın digər 3 şəhərində də bu istiqamətdə ciddi addımlar atılacaq. Prezident  DOST Agentliyinin də tikintisi ilə bağlı tapşırıq verdi. Bu da, əlbəttə ki, Naxçıvanda yaşayan vətəndaşların işlərinin asanlaşdırılması istiqamətində olduqca mühüm addımdır”, deyə C.Osmanov əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top