Əhəd Abıyev Daşkəsəndə baş verənlərdən DANIŞDI — "Bütün faktlar öz təsdiqini tapdı"

SOSİAL 06 may 2021, 18:37
Bu gün bəzi media resurslarında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Daşkəsəndə əməliyyat keçirdiyini, hətta rayonun icra başçısı Əhəd Abıyevin ölkədən qaçdığı barədə məlumatlar yayılıb.

Demokrat.az məsələ ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə əlaqə saxlayıb. İcra başçısı saytımıza açıqlamasında bildirib ki, onun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Birincisi, bunlar hamısı cəfəngiyyatdır. Mən otağımdayam, kabinetimdəyəm. Bu barədə heç bir söhbət ola bilməz. İkincisi, Xoşbulaq bələdiyyəsinin 2007-ci ildə Gəncə şəhər sakini arasında alqı-satqı olub. O zaman hələ Torpaq şöbəsi ləğv olunmamışdı. Həmin şöbədə Şahbaz deyilən bir nəfər və bələdiyyə sədri Rasim Allahverdiyev 2007-ci ildə həmin Gəncə şəhər sakinindən guya pul alıblar. Ona torpaq veriblər. İndi də o adam şikayətçidir. Bunu da prokurorluq yoxladı və verdi məhkəməyə. Məhkəmədə də araşdırılır. 2007-ci ildə mən Daşkəsən rayonunun icra başçısı olmamışam, 2011-ci ildən işləyirəm. Bunun mənə heç bir aidiyyatı yoxdur. Mən həmin vaxt deputat olmuşam".

Lakin Ə.Abıyev rayonda olan neqativ hallardan da bəhs edib və belə qanunsuzluqların aradan qaldırılmasından danışıb:

"Bu yaxınlarda Xoşbulaqda icra nümayəndəsi qanunsuzluqlara yol vermişdi. Onun barəsində Korrupsiyaya qarşı mübarizə İdarəsinə müraciət etdim. Korrupsiya İdarəsindən gəlib yoxladılar, mən yazdığım bütün faktlar öz təsdiqini tapdı. Beləcə, o işi məhkəməyə göndərdilər. Hazırda məhkəmədə həmin işə baxılır. 
Belə uydurmaları, böhtan, qərəzli uydurmaları sabiq icra nümayəndəsi Hətəm Əzizov yazdırır. Bunların hamısı əsassızdır. Bütün bu məsələlərə Hətəm Əzizov mətbuata çıxarır. Hazırda onun barəsində üç ağır maddə ilə cinayət işi qaldırılıb. O da beləcə aranı qarışdırmaq istəyir. Heç bir alınan iş deyil. Onun barəsində tədbir görüləcək. O, qatı cinayətkardır" - deyə icra hakimi əlavə edib. 

Qeyd edək ki, bir müddət öncə Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlunun və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyevin saxlanılmasıyla bağlı mediada məlumat yayılmışdı.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top