Elektron xəritələrin yaratdığı suallar: ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNƏ

SOSİAL 06 may 2021, 12:05
Ölkəmizdə formalaşan 1606 bələdiyyənin fəaliyyətiylə bağlı apardığımız müşahidə və araşdırmalardan belə qənaətə gələ bilərik ki, yerli icra strukturlarından, yəni RİH-lərdən də çox bələdiyyələrin fəaliyyətinə süni əngəl yaradan orqan Əmlak Məsələləri Dövlət Xidmətidir (ƏMDX). Açıq etiraf edim ki, özümdə belə qənaətə gəlməyi istəməzdim. Amma məcburam, çünki reallıq budur.

“Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanan həlli vacib suallar” başlıqlı yazımdan sonra  (http://belediyye.info/new/details/emlak-meseleleri-dovlet-xidmetine-unvanlanan-helli-vacib-suallar--6382.htm) çoxsaylı bələdiyyə təmsilçiləri bizimlə əlaqə saxlayaraq onları ciddi şəkildə narahat edən və səmərəli fəaliyyət göstərmələrinə mane olan problemləri qaldırdığıma görə minnətdarlıqlarını bildirmiş, tərəfimizdən qaldırılan problemlərə iqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun tezliklə reaksiya verəcəyinə və həllini nəzarətə götürəcəyinə inandıqlarını qeyd etmişlər. Bununla yanaşı bələdiyyə təmsilçiləri, xüsusən də paytaxt bələdiyyələri mövzu ilə əlaqəli digər məqamların da işıqlandırılmasını xahiş ediblər.

Lakin mətləbə keçməmiş sosial media üzərindən mövzu ilə əlaqəli apardığım müzakirədən bəzi bələdiyyə təmsilçilərinin fikirlərini həm cənab nazir Mikayıl Cabbarovun, həm Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının, həm də oxucuların diqqətinə çatdırmaq istərdim.

***

“Hazırda bələdiyyəmizin ərazisində gənc ailələrə ayrılacaq bir qarış torpaq sahəsi yoxdur. Bir gənc ailə ona ayrılmış torpaq sahəsinin bələdiyyə tərəfindən 2007-ci ildə verilmiş və torpaqayırmaya aid olan bütün sənədlərini torpaq şöbəsi tərəfindən, baş memardan və baş plandan çıxarış (kadastr) olmaqla bizə təqdim etdi. Biz həmin sənədi Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etdik, cavabı o oldu ki, örüş şahəsinə düşür. Halbuki həmin örüş yeri deyilən ərazi cəmi 0.27 ha torpaq sahəsinin əhatəsindədir. Siz deyin belə örüş sahəsi olar? (Gədəbəy bələdiyyəsi)

“Əziz həmkarlar məndə təqdim edilən xəritəni təsdiq etməmişəm. Ona gorə ki, 18 yeri yoxlatdırmışam, müvafiq orqana koordinatda vurdurmuşam. Amma hec birini qəbul etməyiblər.Vətəndaşlarda məndən yuxarı orqanlara şikayət ediblər. Nəticədə vətəndaşlarla problemlərimiz yaranlb. Bu gün dörd kəndi əhatə edən Noda bələdiyyəsinin ərazisində boş yer yoxdur. Gələn xəritədə 40 il bundan əvvəl tikilən evlərin yerlərini perspektiv inkişaf kimi göstəriblər” (Lerik rayonu Noda bələdiyyəsi)

“Məndə xəritəni təsdiq etmədim. Bu gün Saatlı rayon Mollavaizli bələdiyyəsinin ərazisindən 27,83 ha əhalinin pay torpağı təzə xəritədə yoxa çıxıb” (Saatlı rayonu Mollavaizli bələdiyyəsi)

“Özlərinə necə sərf edir, elədə işləyirlər. Vaxtı ilə üçtərəfli imzalanmış xəritələr var idi. İndi isə təqdim edilən ərazilərin böyük əksəriyyəti dövlət torpağı kimi göstərlib” (Şirvan bələdiyyəsi)

“Muxax bələdiyyəsinin xəritələrində də çox ciddi problemlər var. Hər yuxarıdan göndərilən mütəxəssisin hərəsi öz gücünə, savadına görə problemlər yaradıb. Bələdiyyə xəritələrini pis günə qoyublar. Bu gün də həlli istiqamətində heç bir tədbir görülmür. Xəritələri elə günə qoyublar ki, heç özləri də artıq baş acmırlar” (Zakatala rayonu Muxax bələdiyyəsi)

“ƏMDX tövsiyəm odur ki, sənədlərin düz olması üçün yerində gəlib bir-bir payları və həyətyanı sahələri ölçməlidirlər ki narahatlıq yaranmasın.Yoxsa pay torpağı ayrı, həyətyanı ayrı, o heç vaxt düz gəlməz” (Zakatala rayonu Mosul bələdiyyəsi)

“Horadiz bələdiyyəsi olaraq bizə ilkin variantı göstərilən xəritə ilə razı deyilik. Heç bir əsas gətirmədən sakinlərin yaşayış sahələrini, 90-92-ci illərdən tikilmiş evlərinin də olduğu əraziləri bələdiyyə torpağı kimi göstərmirlər. O belə dedi, bu belə dedi, bu belə olmalıdır kimi ifadələrlə yola verməyə çalışırlar.” (Füzuli rayon Horadiz bələdiyyəsi)

***
Beləliklə, göründüyü kimi, bələdiyyələri narahat edən əsas məsələ təqdim edilən xəritələrin ciddi nöqsanlarla müşaiyət olunmasıdır. Hiss olunur ki, xəritələr tələm-tələsik hazırlanıb. Gəlin unutmayaq ki, bu nöqsanlar tezliklə aradan qalxmamış hansısa formada imzalanmasına nail olunacaqsa yaxın gələcəkdə bələdiyyə-vətəndaş qarşıdurması yarana bilər. Vətəndaş bütün günahın bələdiyyədə olduğunu düşünsə də, əslində əsas günah sahibi məhz adıçəkilən qurumdur, yəni Əmlak Məsələləri Dövlət Xidməti.

Bu gün Bakı bələdiyyələrinin heç birinin torpaqlarının real xəritəsi hazırlanmayıb və torpaqlar bələdiyyənin mülkiyyətinə verilməyib. Düzdür uzun çəkən proseslərdən sonra bələdiyyələrin elektron xəritələrinin layihələri hazırlanıb. Lakin elə vəziyyətdə hazırlanıb ki, onlarla heç cür razılaşmaq olmur. Misal üçün, Sabunçu bələdiyyəsinin xəritəsi hazırlanarkən bələdiyyənin bütün qonşu bələdiyyələrlə - Ramana, A.A.Bakıxanov, M.Ə.Rəsulzadə bələdiyyələri ilə ciddi problem yaradılıb. Yəni, 2000-ci ildə təqdim edilən cizgilərlə üst-üstə düşmür. Demək olar ki, xəritələrdə bələdiyyələr üçün torpaq nəzərdə tutulmayıb. Yalnız çoxdan məskunlaşma getmiş, artıq üzərində uzun illərdir yaşayış olan torpaqlar bələdiyyə mülkiyyətinə aid edilib. Qalan torpaqlar dövlət mülkiyyəti kimi göstərilib. İddia olunur ki, bu xəritələri Əmlak Məsələləri Dövlət Xidməti (əvvəllər də Əmlak Məsələləri Dövlət Komitəsi) hazırlayır, həmin qurum da dövlət əmlakının sərəncamçısıdır. Ona görə də maraqlı tərəf kimi çıxış edir. Deməliyik ki, həm də bu zaman qanunun tələbi kobud pozulur. Qanun deyir ki, xüsusi mülkiyyətdə və dövlət mülkiyyətində olan torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyəti hesab olunur. Hələ 1996-cı ildə qəbul edilən, Ulu öndər Heydər Əliyevin imzaladığı “Torpaq islahatı haqqında” Qanunun 1-ci maddəsində belə göstərilib. Torpaq Məcəlləsində hansı torpaqların dövlət torpaqları olması açıq-aydın yazılıb (46-cı maddə). Deməli, ərazidə xüsusi mülkiyyət torpaqları və dövlət torpaqları müəyyənləşməli, qalan torpaqlar bələdiyyənin olmalıdır.

Yeri gəlmişkən bələdiyyələrə narahatlıq yaradan ikinci məqam isə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən tarif dərəcələrinin artırılmasıdır. Ola bilər deyilsin ki, bu məsələnin bizə aiddiyəti yoxdur. Cünki tariflərin artırılmasını Tarif Şurası həyata keçirir. Düzdür, razıyam. Belə olan halda Tarif Şurasına təklifi hansı orqan göndərib?

Hazırda qiymətlər belədir. Yəni 12 sota qədər torpağın layihə koordinatının müəyyən edilməsi (yəni dörd nöqtə üzrə) əvvəl 60 manat ödənildiyi halda, bu gün həmin xidmətin dəyəri 179 manat olub. Bu qiymət artımı hansı əsasla həyata keçirilib? Qiymət dəyişikliyinin kökündə nə dayanır? Üstəlik bələdiyyə mülkiyyətdə olan ümumi torpaq sahəsinin bir hissəsi bələdiyyə tərəfindən hərraca çıxarılarkən satışa çıxarılan torpaq sahəsi üçün ayrıca çıxarışın əldə edilməsi və ondan sonra alqı-satqıya gedilməsini necə başa düşmək olar. Hesab edin ki, bələdiyyə büdcəsinə mədaxil olunan, misal üçün 2000 manat vəsaitin 700 manata yaxın hissəsi ƏMDX müvafiq qurumlarına rüsum şəklində qayıdır. Biz bələdiyyənin inkişafına bu cür dəstəkmi veririk?

Son olaraq qeyd edək ki, cənab Prezident İlham Əliyev hər daim məmurların xalqın xidmətçisi olduğunu dilə gətirir. Belə olan halda hər bir yerli məmur vətəndaş məmnunluğunu təmin etmək üçün çalışmalı və vətəndaşın səs verdiyi bir orqanın fəaliyyətinə təkan verməyə borcludur.    Fikrimcə, düşünməyə dəyər. Odur ki, hörmətli nazir Mikayıl Cabbarovdan bu məsələnin ciddi nəzarətinə götürməsini xahiş edərdim və əalvə edim ki bu həmdə 15 min üzvü olana bələdiyyələrin xahişdir.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top