Xocalıdan 25 il əvvəl: Xankəndidə 3 azərbaycanlı diri-diri necə yandırıldı — Dəhşətli olayın izi ilə


SİYASƏT 04 may 2021, 22:22
1967-ci il iyunun 12-dən iyulun 3-dək ermənilərin təzyiqi altında işi araşdıran məhkəmə iki nəfərin qətllə “birbaşa əlaqəli olduğunu sübut edir". Nəticədə onlardan Ələmşad Xanlar oğlu Məmmədov güllələnməyə, Ərşad Daşdəmir oğlu Məmmədov 15 il müddətinə həbs cəzasına məhkum olunur. Mühakimə olunan Zöhrab Sehrəman oğlu Məmmədov isə bəraət alır. Lakin məhkəmə iclası bitdikdən sonra bir qrup erməni üç mühakimə edilən şəxsin olduğu həbsxana maşınına hücum edir. Konvoya hücum həbs edilmiş şəxslərin linç edilmələri ilə başa çatır: hər üç şəxs vəhşicəsinə öldürülür, onların başlarının dərisi soyulur və meyitləri yandırılır.

Bu işin təhqiqatı üçün Heydər Əliyev polkovnik Firudin Bağırovun başçılığı altında təcrübəli briqada formalaşdırır və işi şəxsi nəzarətinə götürür. Üstəlik, o özü Stepanakertə gedir və 15 gün orada qalır. Bu qisas aktının iştirakçıları müəyyənləşdirilərək həbs edilirlər. Stepanakert hadisələrinin təşkilatçıları üzərində məhkəmə Bakıda keçirilir. Məhkəmə 14 nəfəri müxtəlif müddətlərlə azadlıqdan məhrum edir, 5 nəfəri isə ən yüksək cəzaya – güllələnməyə məhkum edir. Onlardan üçü ilə əlaqəli hökm icra edilir.

Bu hadisənin ermənilərin Xocalıda oxşar ssenari üzrə törətdikləri, lakin bu dəfə miqyasının daha böyük, daha kütləvi olduğu hadisədən 25 il əvvəl baş verməsi diqqət çəkir. Bu vəhşilik sanki yaxın gələcəkdə Xocalıda törədiləcək soyqırımı aktının kiçik məşqi idi.

Üstündən uzun illər keçdikdən sonra, artıq Azərbaycan Prezidenti kimi 10 noyabr 1999-cu ildə yazıçıların bir qrupu ilə görüşən Heydər Əliyev deyirdi:

“1967-ci ildə Stepanakertdə, - indi biz ona Xankəndi deyirik, - üç nəfər azərbaycanlının maşının içində, şəhərin ortasında avtomobili yıxıb üstünə benzin tökərək yandırdılar. Mən onda KQB-nin sədri kimi oraya getmişdim, Nazirlər Sovetinin sədri Əlixanov da qrupa başçılıq edirdi. Mən 15 gün orada qalmışam, o vəziyyəti görmüşəm. Başa düşürsünüzmü? Amma nə oldu? Heç bir şey etmək mümkün olmadı".

Bu vaxt muxtar vilayətin partiya rəhbərliyi buraxılan səhvlərə görə yalnız partiyanın töhməti ilə ötüşsə də, Heydər Əliyevin təşəbbüsü ilə DTK-nın DQMV şöbəsinin rəhbərliyinin möhkəmləndirilməsinə dair qərar qəbul olunur. Heydər Əliyev DTK-nın vilayət şöbəsinin rəisi vəzifəsinə erməni millətinin nümayəndəsinin təyin olunmasına etiraz edir və Moskvanı “Süleyman qərarı”nı qəbul etməyə razı salmağa – ora işləməyə rus millətindən olan şəxsin göndərilməsinə nail olur. Heydər Əliyev DTK-nın DQMV şöbəsinin rəisi vəzifəsinə namizədi uzun müddət onun rəhbərliyi altında çalışmış, sınanmış yerli kadrlar arasından seçir.

1967-ci ildə Dağlıq Qarabağda baş verən hadisələr Azərbaycan rəhbərliyini hələ uzun müddət gərginlik altında saxlayır. Erməni millətçi ünsürlərinin Dağlıq Qarabağdakı təxribatları 1968-1969-cu illərdə də davam edir.

Bu barədə Heydər Əliyev 1969-cu ilin aprelində Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Nəzarət Komitəsinə məruzəsində bildirirdi: “Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində millətçi xarakterli təzahürlər baş verir. Son illərdə vilayətdə yaşayan millətçi elementlər, həmçinin, Ermənistan SSR-in bir sıra sakinləri vilayətin Azərbaycandan çıxıraq Ermənistana birləşdirilməsinə cəhdlər edir və əhali arasında bu tendensiyanı qızışdırırlar... DQMV-də gənclər arasında millətçi təzahürlər 1968-ci ildə də müşahidə olunub”.

Bütövlükdə, Böyük Vətən müharibəsindən sonrakı ilk onillikdə Ermənistan-Azərbaycan münasibətlərində mövcud olan münaqişə potensialı sonrakı illərdə də qalmaqda davam edir. Ancaq indi qarşıdurma onların baş verdiyi yerlərin hüdudlarından kənara yayılmır, çünki erməni ekstremistlərinə əvvəlki qarşılıqlı məhvetmə və ya qovub çıxarma metodlarından istifadə edərək sərhədləri irəli çəkməyin və yeni yaşayış sahələri tutmağın mümkün olmadığı aydın idi.

1969-cu ildə Vəli Axundovun gedişindən sonra respublikaya kimin rəhbərlik edəcəyi məsələsi müzakirə edildikdə Kreml Heydər Əliyevə üstünlük verir. Sözsüz ki, bu, əvvəllər respublika DTK-nın rəhbəri kimi Heydər Əliyevin nümayiş etdirdiyi işgüzar və peşəkar keyfiyyətlərə Moskva tərəfindən verilən yüksək qiymətin nəticəsi idi. Heydər Əliyev yeni postda özünün gələcək fəaliyyətinin əsas prioritetlərini dərhal müəyyənləşdirir.

Hər şeydən əvvəl o, qısa müddətdə kadr dəyişikliyi həyata keçirir. Kadr və sosial-iqtisadi məsələlərlə yanaşı, Heydər Əliyevin birinci katib kimi daimi qayğılarından biri də özünün şəxsən tanış olduğu ermənilərin ərazi iddialarına qarşı fəaliyyət göstərmək idi. Heydər Əliyev bu təzahürlə hələ respublika DTK rəhbəri olduğu illərdə üzləşməli olmuşdu.

1960-cı illərin birinci yarısında Dağlıq Qarabağın ələ keçirilməsinə nail olmaq üçün növbəti uğursuz cəhd göstərən Ermənistan rəhbərliyi Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ərəfəsində iki respublika arasında 1920-ci illərdə qurulan sərhədlərə yenidən baxılması məsələsini qaldırmağa çalışır. 1922-ci ildə Zaqafqaziya Federasiyası və SSRİ-nin qurulmasından sonra Cənubi Qafqaz respublikaları arasındakı sərhədlər dövlətləri ayıran xətlər kimi əhəmiyyətini itirdi və ittifaq-inzibati bölgü funksiyasını yerinə yetirməyə başlayır.

1920-ci illərin ikinci yarısında baş verən sərhəd insidentləri nəticəsində Azərbaycan SSR Qazax qəzasında, Qarabağda və Naxçıvan MSSR-də Ermənistan SSR-in xeyrinə əhəmiyyətli ərazilərindən məhrum olur. Digər tərəfdən, 1920-ci illərin sonlarında artıq razılaşdırılmış və xəritələnmiş sərhədlər çox vaxt reallıqda əksini tapmır. Bütün bu kompleks ziddiyyətlər respublikalar arasındakı sərhədləri olduqca kövrək və qeyri-müəyyən vəziyyətə gətirir, bu da dərhal milli çalar kəsb edən münaqişələrə şərait yaradırdı.

Sonralar 1968-1969-cu illərdə Ermənistanla sərhəd münaqişəsi və Azərbaycan rəhbərliyi tərəfindən qəbul olunan qərarları xatırlayan Heydər Əliyev deyirdi: “Ermənistan Azərbaycanın sərhəd rayonlarındakı bir sıra torpaqları özünə birləşdirmək istəyirdi. Onlar 1928-ci, yaxud da 29-cu ilin köhnə xəritələrini çıxardılar. Danışıqlar iki-üç il davam etdi. Bu danışıqları Vəli Axundovla yanaşı Məmməd İsgəndərov, Ənvər Əlixanov və ikinci katib Yelistratov (Pyotr Yelistratov 1961-1968-ci illərdə AKP MK-nın ikinci katibi olub-S.Həmid) aparırdılar. Təəssüf ki, bu danışıqlar nəticəsində 1969-cu ilin may ayında Azərbaycan Ali Soveti sərhədyanı torpaqların həqiqətən də Ermənistana məxsus olduğu və ona verilməli olduğu barədə qərar qəbul etdi. Mən bu ədalətsiz qərarın o vaxt hansı şəkildə qəbul olunduğunu bilirəm. Bu gün bu barədə danışmağa ehtiyac yoxdur. Ancaq demək istəyirəm ki, Vəli Axundov, əlbəttə, bu torpaqların verilməsini istəmirdi. Lakin yuxarıdan, yəni Moskvadan, sağdan-soldan təzyiqlər belə bir qərarın qəbuluna səbəb oldu. İyul ayında Azərbaycanın rəhbəri olduqdan sonra bir ay ərzində sözügedən məsələni öyrəndim və nəticədə bu qərarı icra etməkdən imtina etdim. Onlar hələ uzun müddət məsələni öz xeyirlərinə həll etməyə cəhd etdilər, amma mən imkan vermədim”.

Ermənistanın növbəti illərdə də bol olan sərhədlərə yenidən baxılması cəhdlərini qiymətləndirən Heydər Əliyev sonralar qeyd edirdi: “Onlar bu barədə açıq danışmadılar, amma rəhbər işçilər vasitəsilə xəritələri dəqiqləşdirməyin lazım olduğunu mənim diqqətimə çatdırdılar. Çünki Azərbaycan və Ermənistanın 20-də 1950-ci illərdə müəyyən səhvlərə yol verilib. Mən hamıya cavab verirdim ki, bizim sərhədlərimiz məlumdur, müəyyənləşdirilib və heç nəyi dəyişməyə ehtiyac yoxdur”.

İrəli baxaraq demək lazımdır ki, Heydər Əliyev 1982-ci ilin dekabrında Moskvaya işləməyə getdikdən sonra iki respublika arasında sərhədin müəyyən hissələrində yenidən problemlər yaranır. Respublikanın yeni partiya rəhbərliyi Heydər Əliyevdən sonra, Dağlıq Qarabağın Azərbaycandan ayrılması ərəfəsində Moskvanın təzyiqlərinə tab gətirə bilmədi və Ermənistana bəzi ərazi güzəştləri edir.

1969-cu ilin iyulunda respublika rəhbərliyinə gəldikdən sonra Heydər Əliyev başqalarından fərqli olaraq gələcəkdə vilayətdə millətçi əhval-ruhiyyənin güclənməsi halında məsuliyyətin heç də az olmayan hissəsinin DQMV-nin partiya nomenklaturasının üzərinə düşəcəyini başa düşür. Buna görə də Heydər Əliyev ilk növbədə muxtar vilayətin rəhbərliyini sınanmış kadrlarla gücləndirməyə qərar verir.

O, 1973-cü ilin payızında Bakının Kirov rayon (indiki Binəqədi rayonu) partiya komitəsinin birinci katibi Boris Gevorkovun Azərbaycan Kommunist Partiyası (AKP) Dağlıq Qarabağ Vilayət Komitəsinin birinci katibi seçilməsini təklif edir. 12 oktyabr 1973-cü ildə AKP Dağlıq Qarabağ Vilayət Komitəsinin plenumu keçirilir. Müvafiq qərara uyğun olaraq Qurgen Melkumyan Dağlıq Qarabağ Vilayət Komitəsinin birinci katibi və büro üzvü vəzifəsindən azad edilir. Onun yerinə Boris Gevorkov seçilir. Beləliklə, DQMV vilayət komitəsinin birinci katibi vəzifəsinə ilk dəfə yerli olmayan erməni təyin olunur. Gevorkov Şamaxıda anadan olub, bütün sələflərindən daha uzun – 15 il DQMV vilayət komitəsinin birinci katibi işləyib və vəzifəsindən yalnız 1988-ci ilin fevralında münaqişə başladıqdan sonra azad edilir.

Heydər Əliyev, həmçinin, Dağlıq Qarabağ rəhbərliyində əvvəllər olmayan bir sıra digər kadr dəyişiklikləri də həyata keçirir: “İlk dəfə rus millətindən olan şəxsi ikinci katib təyin edən mən olmuşam. Vilayət soveti sədrinin birinci müavini vəzifəsinə azərbaycanlını təyin etmişəm. Mən azərbaycanlıları ora işləməyə göndərmişəm”.

Hər zaman barmağını zamanın nəbzində saxlayan erməni millətçiləri ənənəvi olaraq mühüm siyasi dəyişikliklər dövründə, yaxud ölkə və ya respublika tarixində əlamətdar hadisələr ərəfəsində Azərbaycanla sərhədlərə yenidən baxılması məsələsini qaldırırlar. Bütün ölkənin SSRİ-nin yaradılmasının 50 illiyini qeyd etməyə hazırlaşdığı 1972-ci, ölkənin SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş təntənəli tədbirlərindən təzə çıxdığı və Azərbaycan SSR-də Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasının 50 illiyinin qeyd olunmağa hazırlaşıldığı 1973-cü il də bu baxımdan istisnalıq təşkil etmir.

1972-ci ildə İrəvandan Moskvaya, Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi Leonid Brejnevə erməni ziyalılarının nümayəndələri tərəfindən məktub göndərilir. Müəlliflər məktubda Ermənistan SSR-i Dağlıq Qarabağdan ayırmağı məqsədəuyğun hesab etmədiklərini bildirirlər. Onlar məktubda məsələ ilə bağlı qısa tarixi arayış verərək, nədənsə bütün günahı “Bakı Sovetinin 1 dekabr 1920-ci il tarixli “ədalətli” qərarını və Dağlıq Qarabağın Ermənistana verilməsi barədə Azərbaycan SSR və Ermənistan SSR hökumətləri arasında 1921-ci il iyununda əldə edilmiş razılaşma”nı guya ləğv etməkdə ittiham etdikləri Zinovyev, Bağırov və Beriyanın üzərinə qoyurlar.

Eyni zamanda müraciət müəllifləri “respublikaların sərhədlərinə edilən kiçik dəyişiklik”in, yəni Dağlıq Qarabağın Ermənistana verilməsinin qardaşlıq dostluğuna mane olmayacağına əmin olduqlarını bildirirlər. Çünki “sovet hakimiyyətinin əlli ili ərzində bizim xalqlarımız beynəlmiləlçilik ruhunda tərbiyə edilib”. Məktubun sonunda Sovet İttifaqının qurulmasının 50 illiyi ərəfəsində Dağlıq Qarabağın Sovet Ermənistanına birləşməsi məsələsini həll etmək xahiş olunur.

Demək olar ki, eyni vaxtda L.Brejnevin adına DQMV “ictimaiyyət nümayəndələri”nin müraciəti göndərilir. Məktub müəllifləri Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi ilə yanaşı, ermənilərin əsrlərdən bəri böyük rus xalqına sədaqəti, müsəlmanlara inamsızlığı barədə incə simə toxunmağı unutmurlar. Reallığı şişirdərək, arzu olunanı gerçəklik kimi qələmə verərək müraciət müəllifləri vilayətin son 50 ildə əldə etdiyi uğurlara və inkişafa tamamilə məhəl qoymurlar. Məktubun sonunda təqsirin Qarabağdakı vəziyyətlə barışan və susqunluq nümayiş etdirən vilayət rəhbərlərinin üzərinə düşdüyü bildirilir.

Erməni millətçilərinin Dağlıq Qarabağa iddialarını əsaslandırmaq üçün oxşar məzmunlu məktublarda əsas vurğu bölgənin guya iqtisadi geriliyinə və Azərbaycan SSR-in digər bölgələri ilə müqayisədə Dağlıq Qarabağ Muxtar Vilayətinə az kapital qoyulmasına yönəldilir. Erməni əhalisinin siyasi və mədəni hüquqlarının pozulması, Azərbaycan rəhbərliyinin muxtariyyətdə demoqrafik vəziyyəti erməniləri didərgin salmaq və azərbaycanlıları bura yerləşdirmək yolu ilə süni şəkildə dəyişdirmək cəhdləri kimi fikirlərin yer aldığı məktublar Moskvadakı partiya rəhbərliyinə sonralar da göndərilir.

Əlbəttə, bu, sadəcə gerçək hədəfi – respublikanın partiya rəhbərliyini mərkəzin gözündə nüfuzdan salmaq və Dağlıq Qarabağı Azərbaycandan qoparmaq niyyətini gizlətmək üçün asılan örtük idi.

Andrey Karaulova müsahibəsində Dağlıq Qarabağda erməni əhalisinin hüquqlarının pozulmasının və vilayətin sosial-iqtisadi inkişafındakı çatışmazlıqların münaqişənin səbəbləri ilə əlaqələndirilə biləcəyi barədə suala Heydər Əliyev kifayət qədər ətraflı cavab vermişdi: “Təəssüf ki, vilayətdə situasiya kəskinləşəndən sonra münaqişənin səbəbinin Dağlıq Qarabağın sosial-iqtisadi sferada geri qalması və hətta, DQMV-nin problemlərinə, onun əhalisinə guya respublikanın keçmiş rəhbərliyi tərəfindən qeyri-düzgün münasibət bəslənməsi barədə fikirlər peyda oldu”.

(Ardı var)

Məqalə Azərbaycan Milli Elmlər Akademiyasının, Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının, “Heydər Əliyev İrsi” Beynəlxalq Elektron Kitabxananın və bir sıra digər mənbələrin məlumatları əsasında hazırlanıb.
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top