Sevinc Fətəliyeva: “ABŞ bu sənədi tamamilə ləğv etməlidir”

GÜNDƏM 03 may 2021, 13:10
ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı müxtəlif məsələlərlə bağlı müzakirələr aparılıb. Məhz indiki həssas dönəmdə ABŞ dövlət katibinin cənab Prezidentə telefon zəngi ölkəmizin regionda aparıcı rolunun göstəricisidir.

Bunu Milli Məclisin Beynəlaxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, həyata keçirilən balanslaşdırılmış xarici siyasət Azərbaycan ABŞ və digər dövlətlərlə ikitərəfli əməkdaşlığını əhəmiyyətli dərəcədə inkişaf etdirib:

“Azərbaycan etibarlı tərəfdaşdır. Ölkəmiz gündən-günə daha da güclənir. Dövlətimizin daxili və xarici siyasəti daim qlobal çağırışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşir. Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi regionda qarşıdurma deyil, əməkdaşlıqda maraqlıdır. Məhz bu istiqamətdə atılan addımlar edilən səylər ABŞ-ın diqqətini cəlb etməyə bilməzdi. Azərbaycan-ABŞ əlaqələrində enerji təhlükəsizliyi də mühüm rol oynayır. ABŞ dövlət katibinin dövlətimizin başçısına telefon zəngi zamanı bu məsələ xüsusi vurğulanıb. Cənub Qaz Dəhlisi layihəsinin əhəmiyyəti önə çəkilib. Digər bir amil isə Azərbaycanın terrorizmlə mübarizəyə beynəlxalq səviyyədə verdiyi töhfədir. 2001-ci ilin sentyabrında ABŞ-da törədilən terror hadisəsindən sonra Azərbaycan Birləşmiş Ştatlara tam dəstəyini ifadə edib. Bu gün də beynəlxalq anti-terror koalisiyasında Azərbaycan hərbçiləri ABŞ əsgərləri ilə terrorizmə qarşı birgə mübarizə aparır. Azərbaycanın terrorizmə qarşı mübarizədə öz logistik imkanlarını ortaya qoyub. Bunun da ABŞ-a xüsusi dəstək verilməsi amili kimi nəzərə alsaq, münasibətləriin əhəmiyyəti göz önündə canlanmış olar. Eyni zamanda, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin regionda yeni reallıqlar yaratmasını ABŞ administrasiyası da müşahidə edir. Məlumdur ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Dövlət başçısının qeyd etdiyi kimi, münaqişə başa çatdığı üçün həmsədrlər gələcək əməkdaşlıq mühitinin, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün yeni təkliflərlə çıxış etməlidirlər”.

Sevinc Fətəliyeva ABŞ dövlət katibi E.Blinkenin bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını söyləməsinə diqqət çəkib:

“E.Blinke bildirib ki, 907-ci düzəlişin cari ildə tətbiq edilməməsi müsbət haldır. Amma bu düzəliş vaxtilə Azərbaycana qarşı ədalətsiz bir qərarın nəticəsində qəbul olunub”.

Millət vəkili xatırladıb ki, 10 noyabr bəyanatına əsasən regionda kommunikasiyaların, nəqliyyat dəhlizinin açılması nəzərdə tutulur:

“Belə olan halda faktiki olaraq, 907-ci düzəliş öz hüquqi qüvvəsini itirmiş olur. Ona görə də ABŞ bu sənədi tamamilə ləğv etməlidir. Telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ prezidentinin uydurma erməni soyqırımı ilə bağlı bəyanatını etirazla qarşılaması və bu məsələdə Türkiyə ilə həmrəylik ifadə etməsinə gəlincə, bu fakt dövlətimizin başçısının qətiyyətinin və Türkiyə ilə qardaşlıq münasibətlərinə sadiqliyinin ifadəsidir”.(teleqraf.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top