"Zəngəzur dəhlizinin açılması ilə bağlı məsuliyyət Ermənistandan daha çox Rusiyanın üzərindədir"

GÜNDƏM 23 apr 2021, 12:11
"Zəngəzur dəhlizinin açılması ermənilərin həyat şəraitinin, ən əsası isə Ermənistan - Türkiyə münasibətlərinin yaxşılaşmasına kömək edər.  Bu da, əlbəttə ki, Ermənistanın gələcəyinin təminati deməkdir". 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsuliyyət Ermənistandan daha çox Rusiyanın üzərindədir: "Bildiyimiz kimi, Azərbaycan ordusu Xankəndini azad etdi və orada yaşayan erməniləri ərazidən çıxarmamaq üçün belə bir anlaşmaya gəldilər. Yəni Zəngəzur dəhlizi, əslində, Ermənistanın iradəsi olmadan ortaya çıxan məsələdir. Dinc əlahinin orada yaşaması üçün razılaşdırılmış şərtdir. Müharibə artıq başa çatıb və Ermənistan bu şərti unutsa da, Rusiya və Azərbaycan çox yaxşı xatırlayır. Beləliklə, Ermənistan bu həqiqətdən qaça bilməz. Üstəlik, həmin ərazilərdə Ermənistan sərhədini rus sərhədçiləri qoruyur, yəni bu məsələdə məsuliyyət sahibi Rusiyadır".

S.Rüstəmxanlı əlavə edib ki, Ermənistanda da hər kəsin bu məsələyə qarşı çıxdığını düşünmür: "Ağlı başında olan adamlar anlayırlar ki, artıq müharibə başa çatıb və bu 30 illik savaş ölkəyə rəzillikdən, məğlubiyyətdən başqa heç nə gətirməyib. Nəticədə, Ermənistan Qafqazdakı bütün inkişaf fürsətlərini qaçırıb, Rusiyanın zəif, geridəqalmış, idarəçilik mexanizmi belə olmayan vassalına çevrilib. İndi Ermənistan dövlət adlandırılsa da, onlar  normal müstəqil inkişafı bacara bilmirlər. Ona görə də, əgər Ermənistan öz gələcəyini düşünürsə, bilməlidir ki, Zəngəzur dəhlizinin açılması, bizlə yanaşı onlara da xeyir gətirəcək. Bu, regionda sülhün bərqərar olması, Şərqlə Qərbin yaxınlaşması, o cümlədən Cənubi Qafqazın ümumi inkişafı baxımından olduqca zəruridir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top