Deputat: "Metsamor" təkcə Ermənistan üçün deyil, bütün region üçün böyük təhlükə mənbəyidir"

GÜNDƏM 20 apr 2021, 17:55
"Bu gün Ermənistan dünyaya həm terrorizmi, həm də faşizm ideologiyasını yayır, o cümlədən nüvə təhlükəsi kimi çıxış edir. Hər zaman olduğu kimi, bu dövlətə qarşı yenə də heç bir beynəlxalq təkid yoxdur".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Ermənistanın “Metsamor” atom elektrik stansiyası təkcə Ermənistan üçün deyil, bütün region üçün böyük təhlükə mənbəyidir: "Stansiyanın istismar müddəti bitib. Sadəcə olaraq, Ermənistan enerjiyə ehtiyacı olan cırtdan bir dövlət olduğu üçün əhalisini elektrik enerjisi ilə təchiz etmək imkanı yoxdur. Bu səbəbdən stansiyadan istifadə etməyə davam edir. Xatırladım ki, Avropa İttifaqı da məsələ qaldırmışdı ki, Ermənistana müəyyən qədər maliyyə ayrılsın və “Metsamor”un fəaliyyəti dayandırılsın. Ancaq Ermənistan bu məsələyə razı deyil və hətta sonuncu dəfə Nikol Paşinyan Putinlə görüşərkən ondan Ermənistanda yeni atom elektrik stansiyası tikdirməsini xahiş edir. Fikir verirsiz, bu ölkə bütün region üçün təhlükə mənbəyidir. Stansiyada baş verən kiçik bir qəza olduqca böyük fəsadlar verər, eyni zamanda Ermənistanı Yer üzündən silə bilər. Buna baxmayaraq, vaxtı keçmiş bu stansiyadan hələ də istifadə edirlər".

Elman Nəsirov həmçinin bir sıra faktlara da diqqət çəkib. O qeyd edib ki, Ermənistan sözügedən stansiyanın nüvə tullantılarını Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində basdırıb: "Hətta erməni mətbuatı yazırdı ki, həmin tullantıları Qarabağda basdıran, ümumiyyətlə, bu prosesdə iştirak edən erməni əsgərlərinin hər biri dünyasını dəyişib. Bunlar göstərir ki, “Metsamor”un həm mövcudluğu, həm də tullantıları olduqca təhlükəlidir. Bu məsələ dəfələrlə qaldırılsa da, heç bir nəticə verməyib. Elə Türkiyə dövləti də bu məsələ ilə bağlı narazılığını ifadə edib, çünki stansiya qardaş ölkənin sərhədlərinə yaxındır".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top