Rusiya Ermənistana “İsgəndər-M”i 5 il öncə verib — FAKT + FOTOLAR

QARABAĞ 17 apr 2021, 16:09
Azərbaycan ictimaiyyəti günlərdir 44 günlük Vətən müharibəsində Ermənistan tərəfindən Şuşaya atılmış “İsgəndər - M” raketləri barədə məsələni müzakirə edir. Siyasətçilər, hərbi ekspertlər Şuşada tapılan raket qalıqlarının Ermənistan ordusunun hərbi arsenalında olmadığını vurğulayır. Belə olan halda da suallar haqlı olaraq raketlərin istehsalçısı olan Rusiyaya qarşı yönəlir.

Rəsmi Moskvanın səlahiyyətli qurumlarından isə bugünədək tapılmış raket qalığı ilə bağlı Azərbaycana dolğun informasiya verilməyib. Kremlin nümayəndəsi Dmitri Peskov Bakının bəyanatlarını şərh edərək, Qarabağ münaqişəsində “İsgəndər” raket kompleksləri tətbiq edilmədiyini təkrarlasa da, daha sonrakı açıqlamasında bu məsələnin iki ölkənin hərbi qurumları arasında sıx şəkildə müzakirə olunduğunu bildirmişdi.



Bundan öncə isə, yəni 25 fevralda Rusiya Müdafiə Nazirliyi “İsgəndər” OTRK-nın Dağlıq Qarabağdakı hərbi münaqişə zamanı istifadə olunmadığını bildirmişdi. Şöbə nümayəndəsi raketlərin hamısının Ermənistanın hərbi anbarlarında olduğunu qeyd etmişdi. 

Bu yaxınlarda isə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında parkda yerləşdirilən “İsgəndər-M” raketinin qalıqlarını nümayiş etdirərək faktla bağlı bir daha rəsmi açıqlama tələb edib. 

“Qafqazinfo”nun məlumatına görə, bütün bunların fonunda sözügedən raket komplekslərinin Rusiya tərəfindən Ermənistana verilməsi hələ 3 il əvvəl Rusiya mətbuatında öz təsdiqini tapıb. Belə ki, 2018-ci ildə Ermənistanın yenicə Baş naziri olmuş Nikol Paşinyanın Rusiyaya səfəri ərəfəsində “Kommersant" nəşrində dərc olunmuş məqalədə Rusiyanın 2016-cı ildə Ermənistana “İsgəndər - M” raket komplekslərini satdığı qeyd olunub. Məqalədə bildirilib ki, Moskova raket texnologiyalarının yayılmasına dair müqaviləni pozsa da, bu addıma məcburən getməli olub.



Qeyd olunub ki, sözügedən raket kompleksləri Ermənistana daha güclü hücum silahlarına malik olan Azərbaycanla hərbi pariteti qorumaq üçün verilib.

“Məhdudiyyətlər altına düşməyən “İsgəndər-E” raket komplekslərinin ixrac modifikasiyasının yaradılması üçün isə vaxt tələb olunurdu ki, bu da Bakının Dağlıq Qarabağdakı erməni mövqelərinə hücum qərarı verəcəyi təqdirdə mövcud deyildi”, - deyə məqalədə yazılıb.



Bir daha vurğulayaq ki, Ermənistanın Rusiyadan raketi aldığına dair xəbərin rus mediasının ən önəmli nəşrlərindən birində dərc olunması və silahların real fotosunun rəsmi Bakı tərəfindən yayımlanmasından sonra İrəvan və Moskva rəsmilərinin sözügedən faktı təkzib edən açıqlamalar verməsi artıq absurd görünür.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top