QMİ-nin sədr müavini: "İnsanlar iftar süfrəsinə çəkilən xərci ehtiyacı olan ailələrə paylaya bilərlər"


SOSİAL 13 apr 2021, 14:44
“Xəstəliyin yayılması ilə əlaqədar toplu yığışmalar məsləhət görülmür. Bunun əvəzinə insanlar iftar süfrəsinə çəkəcəyi xərci ehtiyacı olan ailələrə ərzaq şəklində və ya pul kimi paylaya bilərlər. Hazırda ehtiyac içində olan çoxlu şəhid ailələri və qazilər var. Misal üçün, şəhid övladlarının təhsilinə dəstək verə, qazilərin müalicəsinə kömək edə bilərlər”.

Bunu Pravda.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

F.Nurullayevin sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi tövsiyyə edir ki, hər kəs yalnız öz ailə üzvləri üçün iftar süfrələri açsın və kütləvi toplaşmalara qoyulan qadağaya əməl etsinlər: “Bu gün artıq niyyət axşamı, aprel 14-ü isə Ramazan ayının birinci günüdür. Hər il biz Allahdan torpaqlarımızı işğaldan azad edərək Ramazan ayını qarşılamağı bizə nəsib etməsini istəyirdik və bu il, şükürlər olsun ki, bizə bunu nəsib etdi. Keçən il olduğu kimi bu il də Ramazan ayını pandemiya şəraitində qarşılayırıq. Bu, dünyada baş verən ümumi bəladır və bu məsələdə olduqca diqqətli olmaq lazımdır. Virus yayılırsa, insanlar ehtiyatlı olmalıdır.

Ramazan ayının gözəlliklərindən bir də bu ayda iftar süfrələrinin açılmasıdır. Lakin bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatının və eyni zamanda, TƏBİB-in kütləvi toplaşma qadağası hələ də qüvvədədir. İftar süfrələri isə 100-200, bəzən isə hətta 500-1000 nəfər üçün açılır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi tövsiyyə edir ki, insanlar yalnız öz evlərində ailə üzvləri üçün iftar süfrələri açsınlar. Çünki xəstəliyin yayılması ilə əlaqədar toplu yığışmalar məsləhət görülmür. Bunun əvəzinə isə insanlar həmin iftar süfrəsinə çəkəcəyi xərci ehtiyacı olan ailələrə ərzaq şəklində və ya pul kimi paylaya bilərlər. Hazırda ehtiyac içində olan şəhid ailələri, qazilər var. Misal üçün, şəhid övladlarının təhsilinə dəstək verə, qazilərin müalicəsinə kömək edə bilərlər. Və yaxud da elə qoca adamlar var ki, tənha yaşayırlar, o cümlədən kommunal xərclərini qarşılaya bilməyənlər də çoxdur. İftar süfrəsi açmaq əvəzinə, həmin adamlara baş çəkib ehtiyaclarını ödəsinlər. Yəni Ramazanda savab qazanmaq üçün insanların bu kimi gözəl fürsətləri var”.

F.Nurullayev qeyd edib ki, Ramazan ayı həmçinin insanların öz sağlamlıqlarını qorumaları ilə bağlı dəyərləri önə çəkir: “Pandemiyanın yayıldığı bu dönəmdə vaksinasiya prosesi gündəmdədir. Bəzi insanlar var ki, Ramazana qədər birinci peyvəndini vurdurub, ikinci peyvəndi isə Ramazan ayına təsadüf edir. Belə olan halda, nəzərə almaq lazımdır ki, vaksin ampula şəklində əzələyə vurulduğu üçün Ramazan orucunu pozmur. Rahat şəkildə oruc halı ilə hər kəs gedib peyvəndini vurdursun. Lakin həkim məsləhəti ilə həblər qəbul edən xəstələr həmin günlər oruc tutmasınlar. Narahat olmağa dəyməz, gələn aylarda tuta bilmədikləri günlərini qəza edərlər. Ümumiyyətlə, oruc tuta bilməyən insanların maddi durumu normaldırsa, bir yoxsul insanı dolandıracaq qədər ehsan verə bilərlər”.

Müsahibimizin sözlərinə görə, bu il də keçən il olduğu kimi Ramazan ayinləri onlayn formada icra ediləcək: “Artıq bir neçə televiziya kanalı, eyni zamanda QMİ də Ramazanla bağlı silsilə verilişlər çəkməyə başlayıb. İnşallah, hər gün iftardan əvvəl və ya sonra müvafiq kanallarla ayinlərin icrası baş tutacaq. QMİ-nin onlayn olaraq "114" adlı layihəsi hər gün yayımlanacaq”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top