ABŞ Dövlət Departamentinin havada qalan hesabatları

GÜNDƏM 03 apr 2021, 13:20
"ABŞ Dövlət Departamenti hər il dünyada insan haqları və demokratiyanın durumuna dair hesabat yayır. Hesabatlarda ayrı-ayrı dövlətlərdə insan haqları və demokratiya sahəsində vəziyyət tənqid edilir, həmin dövlətlərə neqativ halların aradan qaldırılması çağırışı və ya tələbi irəli sürülür. Bu günlərdə Dövlət Departamenti eyni məzmunlu hesabatı yenə yaydı.
 
Bəs belə hesabatların dünyada insan haqları və demokratiya məsələsində problemlərin aradan qalxmasına təsiri olur?
 
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Dövlət Departamentinin məlum hesabatı uzun illərdir həyata keçirilən ənənənin davamıdır: “Bu hesabatların dövlətlərə elə bir ciddi təsiri yoxdur. Amerikanın özündə son illər insan hüquq və azadlıqları sahəsində kifayət qədər neqativ hallar yaşanıb. Bu faktın özü ABŞ-ın başqa dövlətlərin daxilində insan haqlarının necə olması barədə hesabatlarının obyektivliyinə kölgə salır. Dövlətlər haqlı olaraq deyə bilərlər ki, öncə sən özün öz daxilində insan haqlarına əməl elə, sonra başqalarından bunu tələb et.
 
İkincisi, Departamentin hesabatlarına diqqətlə baxanda məlum olur ki, ötənilki hesabatların təkrarıdır. Sanki sadəcə, ənənəni pozmamaq xatirinə yayılır. Odur ki, bu hesabatlar dünya ölkələrində insan haqları və demokratiya məsələsinə təsiri olmayan sənəddən başqa bir şey deyil".
 
Hüquq müdafiəçisinin sözlərinə görə, ABŞ Dövlət Departamentinin sözügedən hesabatlarının müsbət təsirləri o vaxt olacaq ki, hesabatlarda konkret faktlar, pozulmuş hüququn müddəaları öz əksini tapsın və qeyd olunanlar qərəzli olmasın, faktlara əsaslansın: “Ümumi fikirlərə əsaslanan, konkretlikdən kənar, mənbəsiz, dəqiqləşdirilməyən fikirlərin əks olunduğu hesabatların hər hansı hansı təsiri və hüquqi nəticəsi yoxdur. Ona görə də dövlətlər buna müsbət reaksiya verə bilməzlər”.
 
Çingiz Qənizadə onu da dedi ki, Departamentin son hesabatlarında konkret Azərbaycanla bağlı bölümdə mənbələr göstərilmir: “Bundan isə belə qənaətə gəlirik ki, ölkədə ictimai-siyasi vəziyyətin pozulması, inzibati hüquq sistemini zədələyə biləcək fikirlərin formalaşması, dövlət haqqında hansısa mənfi imicin formalaşması üçün çalışan maraqlı qüvvələr var və hesabat sanki onların verdiyi faktlara söykənməyən və qərəzli fikirlərin əsasında hazırlanıb. Məsələn, Barak Obama dövründə dövlət katibi işləyən Con Kerrinin vaxtında hətta biz bəyan etmişdik ki, bu cür sənədlər Kerrinin şəxsi ofisində hazırlanır. Bunu demək üçün müəyyən faktlarımız da var idi...”

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top