"Ramiz Mehdiyevin YAP-a gətirdiyi adamların hamısı rüşvətxordur"

SİYASƏT 03 mar 2021, 20:12
YAP-ın növbədənkənar qurultayının hansı səbəbdən keçiriləcəyi ilə bağlı çoxsaylı ehtimallar var. Bəzi müşahidəçilər hesab edirlər ki, YAP Ramiz Mehdiyevin partiyadakı adamlarından qurtulmaq istəyir.

məsələ ilə bağlı Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının sədri  Hafiz Hacıyev bu ehtimalların doğru ola biləcəyini deyib.

O,  YAP-da ciddi dəyişikliklər edilməsinin vacibliyini vurğulayıb:

“Bilirsiniz, Yeni Azərbaycan Partiyası artıq Ramiz Mehdiyevin partiyasıdır. Rəhmətlik Heydər Əliyevin qurduğu partiyadan əsər-əlamət qalmayıb. R.Mehdiyev şəxsi münasibətləri olan, öz nəslindən olan, ermənilərlə qarışığı olan insanları YAP-a yığdı və həmin partiya da ölkə prezidentinə hər zaman xəyanət edib, bu gün də xəyanət etməyə davam edir. Düşünürəm ki, YAP təcili olaraq buraxılmalıdır. YAP-dan çıxan, R.Mehdiyevin komandasından olanların hamısı rüşvətxordur. Onun qohumu olan “Qaçqınkom” sədri Əli Həsənov 2 milyard  pul yedi, YAP-ın müavinidir. O, həbs edilməlidir! YAP-dan olan icra hakimlərinin əksəriyyəti, onların müavinləri tutuldu. Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının  sədri, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri tutuldu. Yəni YAP dövlət başçısına baş qaldırdı. Ona görə də təcili həmin partiyanı buraxmalıdırlar. Çünki Prezidentin xalq arasında böyük nüfuzu var və o, Azərbaycan xalqının birliyinin lideridir. Bu mənada düşünürəm ki, YAP nə qədər tez Ramiz Mehdiyevin komandasından canını qurtarsa, o qədər yaxşıdır”.

H.Hacıyev düşünür ki, YAP artıq cəmiyyətdə nüfuzunu itirmiş, xəyanətkar siyasi partiyadır:

“YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov birbaşa  Mehdiyevin sağ əlidir. Siyavuş Novruzov, Əli Həsənov və digərləri Ramiz Mehdiyevlə bağlı olan insanlardır və onlar hər dəqiqə xəyanət edirlər. Xəyanət də heç zaman dövlət üçün yaxşı nəticə vermir. Ona görə də YAP Prezidentin 44 günlük qələbəsinin də yanında dura bilməz. Onların heç birinin qohumu, bacısı oğlu, qardaşı oğlu cəbhəyə getmədi, bununla da xalq arasında böyük ruh düşkünlüyü yaratmağa cəhd elədilər. Bu gün də onların xəyanətləri davam edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top