Adil Qeybulla: “... o zaman sərt karantin rejimi mütləqdir”

SOSİAL 02 mar 2021, 08:43
Azərbaycanda koronavirusa yoluxanların sayında ötən həftə ilə müqayisədə artım müşahidə edilir. Belə ki, fevralın 28-də açıqlanan məlumata görə, ölkədə 270 nəfər koronavirusa yoluxub, 117 nəfər müalicə olunaraq sağalıb.

Azərbaycanda indiyədək ümumilikdə  234 537 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan  228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib, aktiv xəstə sayı 2 549 nəfərdir.

Onu da qeyd edək ki, dünyada da yoluxma və ölüm sayında son günlər artım müşahidə edilir. Bu, əsasən Britaniya ştammı sayəsində baş verir. Bu COVİD-19-un Britaniya ştammı (mutasiya) daha sürətlə yayılır və bu, Avropa ölkələri arasında yayılmaqdadır.

Biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların sayı 114 milyon 738 min 603 nəfərdir. Bu virusdan ölənlərin sayı isə 2 milyon 544 min 265 nəfərdir.  İndiyə qədər 90 milyon 294 min 960 nəfər koronavirusdan müalicə alaraq sağalıb.

Son sutkada dünyada 311 min 937 nəfər koronavirusa yoluxub, 6 min 226 nəfər isə dünyasını dəyişib.

Bu, ötən həftə ilə müqayisə də artımdan xəbər verir.

Dünyada və Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi də davam etdirilir.

ÜST-ün Avropa regional bürosunun rəhbəri Hans Kluge bildirib ki, Koronavirus pandemiyası 2022-ci ilin əvvəlində yoxa çıxa bilər. Hans Kluge söyləyib ki, pis ssenari geridə qalıb:

“Biz virus barədə 2020-ci ildəkindən daha çox bilirik”, - deyə ÜST rəsmisi qeyd edib.

H.Kluge əlavə edib ki, 2022-ci ildə də pandemiya tam başa çatmayacaq.

Sosial şəbəkələrdə, cəmiyyətdə belə bir fikir var ki, Azərbaycanda mart ayından etibarən sərt karantin rejimi tətbiq ediləcək. Bəs indiki şərtlər daxilində bu nə qədər realdır? “Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, hazırkı şəraitə görə karantin rejiminin sərtləşdirilməsini uyğun saymır:

“Yoluxma sayı cüzi qalxırsa karantin rejimini sərtləşdirmək lazım deyil. Lakin əgər yoluxma pik həddə çatarsa, o zaman sərt karantin rejimi mütləqdir. Hazırkı situasiyada buna gərək duymuram. İndi Avropada koronavirusun Britaniya ştammı geniş şəkildə yayılır. Buna görə də bəzi ölkələrdə karantin rejimi sərtləşdirilir. Azərbaycanda isə hələ ki bu ştammın yayılması müşahidə edilmir. Əgər yayılarsa, mövcud vəziyyət təhlil edilib, qərar qəbul oluna bilər”.

Professor hesab edir ki, iyun ayına qədər biz pandemiyadan yaxa qurtara bilərik: “Hesab edirəm ki, iyun ayında biz pandemiyanı tam nəzarət altına ala biləcəyik. ÜST-in də bu yöndə müsbət açıqlamaları var. Ona görə də düşünmürəm ki, bu ili də ötən il olduğu kimi sərt karantin rejimində, qapalı vəziyyətdə keçirək”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top