Lerikin icra başçısı jurnalistin evini əlindən aldı — SENSASİON İDDİA


GÜNDƏM 10 fev 2021, 15:45
Azərbaycan Jurnalistlər birliyinin üzvü, Lerik rayon sakini İlham İbadlı redaksiyamıza məktub ünvanlayıb. Məktubda rayon İcra Hakimiyyətinin başçısı haqqında ilginc məlumatlar yer alıb.

Demokrat.az KONKRET.az-a istinadən həmin məktubu olduğu kimi dərc edir:

“Yaxın günlərin söhbətidir. Mətbuat səhifələrində ölkə Prezidenti cənab İlham Əliyevin dövlət məmurlarına bir müraciətini oxudum. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev belə deyir:  “Mətbuata heç vaxt hücum etmək olmaz. Xüsusilə, dövlət işində işləyənlər tərəfindən, məmurlar tərəfindən və digər vəzifəli şəxlər tərəfindən yolverilməzdir. Mən yenə deyirəm ki, özüm bunu heç vaxt etməmişəm, etməyəcəm də və bütün məmurlara deyirəm ki, məndən nümunə götürsünlər”.

Yuxarıda qeyd etdiyim ölkə Prezidentinin şəxsən dedikləridir. Bəs görün Lerikin İcra başçısı Rövşən Bağırov yoldaş nə edir? Mən 2008-ci ildə Lerik rayonunda ev almışdım. Evi alarkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq ruhunda bir teleqram da göndərdim. Söz yox, həmin il evlə bağlı bizə sənəd verə bilmədilər. Yəni hələ sənədləşmə getməmişdi. Lakin bir il sonra evin mənə verilməsilə bağlı 20 iyul 2009-cu il tarixli Təhkim aktı da verildi. Həmin Təhkim aktında qeyd olunur: Balanslaşdırılma müəyyən vaxt tələb etdiyindən yuxarıda qeyd olunmuş mənzil vətəndaş İlham İbadova bu mənzil üzərində mülkiyyət hüququ saxlamaq şərti ilə, ona Təhkim olunmuşdur.

Lerik Rayon İcra Hakimiyyətində 5 rəsmi şəxsin imzası ilə verilmiş sənəd və mənim mənzili təhvil almaq ilə imzam. Həmin sənəd Lerik rayon İcra Hakimiyyətindən tələb edilib alına bilər. Mənim özümdə də həmin sənədin surəti var. Lakin müəyyən səbəblər üzündən 2019-cu ilin 26 sentyabrda Lerikdə bir qrup müftəxor evimə hücum etmiş və əmlakımda evdə qalmaq şərtilə evimi zəbt etmişlər Evimi kimlər zəbt edib? 1-cisi Lerikin İcra başçısı Q.Bagırov yoldaş və Lerik rayonundan Milli Məclisə deputat “seçilmiş” İqbal Fatimoğlu.

Bu hadisə nəyə görə baş verib? Mən 2019-cu ildə Azərbaycan Respublikasının Hesablama Palatasının sədrinin qəbulunda olmuşam. Ona Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisində yol vermiş nöqsanlardan söhbət açmışam. Sədrə həmin yolun bərbad olması barədə video-kaset təqdim etmişəm. Xahiş etmişəm ki, Lerik Rayon İcra Hakimiyyətindən Azərbaycan Respublikasının Sərəncamı ilə ayrılmış milyonların hara getməsi ilə maraqlansın, bu faktı araşdırsın. Söz yox, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çox obyektiv addım atdı. Lerikə nümayəndə göndərdi. Və nümayəndələri vasitəsilə videodakı faktların reallığını araşdırdı. Sonradan kimlərinsə əli iləsə məsələ dayandırıldı. Sonradan mən Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, şəxsən nazirin öz qəbulunda Lənkəran şəhərində oldum.

“Relax” istirahət mərkəzində baş verən qanuni olaylarla bağlı birbaşa nazirə sözümü dedim. Həm də qəbul prosesində ona Lerikli bir qızın, yəni Sevinc Nəsirovanın kimlər tərəfindən itkin düşməsinin araşdırılmasını xahiş etdim. Lakin nazir faktla bağlı tədbir görməkdənsə, elə səhərisi günü, hadisələr mənim ziyanıma işlədi. 2008-ci ildən yaşadığım ev qeyri-qanuni zəbt edildi. Fakt da araşdırılmır. Əksinə, Lerikin İcra başçısı məni məhkəməyə vermiş, qiyabi məhkəmələr təşkil etdirmiş, cərimə kəsdirmişdir. Bütün bunlar hamısı qiyabi olub. Yəni mən həmin məhkəmələrdə iştirak etməmişəm. Nədən cərimə olduğumu da bilmirəm.

Görünür, ölkə Prezindetinin dediklərini və etdiklərini onun yerlərdəki nümayəndələri qulaqardına vurur. Bu saymazlıq deyilmi? Bu, Prezidentin dediyi, bu da İcra başçısının etdiyi

İlham İbadlı. Lerik rayonu, Azərbaycan Jurnalistlər birliyinin üzvü”.

Redaksiyadan: Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

 
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top