DYP-dən velosipedçilərə xəbərdarlıq: bu əməllərin cəriməsi var

SOSİAL 08 fev 2021, 15:03
Yollarda hərəkət edən velosipedçilər bir çox hallarda qaydaları pozaraq həm özlərinə, həm də digər hərəkət iştirakçılarına təhlükə yaradırlar.

Təhlükələrin və qəzaların azaldıması məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Demokrat.az vasitəsilə velosiped sürücülərinə müraciət edib. 

"Velosiped sürücülərinin diqqətinə çatdırıram ki, siz yol hərəkətində bir nəqliyyat vasitəsi idarə etdiyinizə görə bütün yol hərəkəti qaydalarına riayət etməlisiniz. Yəni, digər nəqliyyat vasitələrinin sürücüləri kimi yollardakı nişanların, svetoforların tələblərinə birmənalı şəkildə riayət etməli, o cümlədən digər nəqliyyat vasitələrinin sürücüləri kimi sağa və ya sola dönən zaman əl işarəsi ilə dönmə siqnalları verməlisiniz. Velosipedin ümumi istifadədə olan yolda idarə  edilməsinə 14 yaşdan icazə verilir. Lakin biz dəfələrlə uşaqların yolda velosipedlə hərəkətinin şahidi oluruq. Bu isə həm təhlükəli, həm də qanunvericiliyin tələbinə ziddir".




Vaqif Əsədov onu da qeyd edib ki, səkilərdə və piyada yollarında velosipedlərin hərəkəti qadağandır. Velosiped sürücüləri yolun hərəkət hissəsinin yalnız sağ kənarı ilə və piyadaların hərəkətinə mane olmamaq şərtilə yol çiynində hərəkət edə bilərlər. Qanunvericilikdə velosiped sürücülərinin təhlükəsizlik dəbilqələrindən istifadə etməsi məcburi olmasa da, tövsiyə edirik ki, öz təhlükəsizliklərini qorumaq üçün dəbilqələrdən istifadə etsinlər. Bundan əlavə velosipedi idarə etməyə mane olan yükün daşınması da qadağandır. İdarə edilməsinə mane olan o deməkdir ki, velosipedin sükanını tutmağa çətinlik yaradan, ağır olduğuna və ya ləngər vurduğuna görə velosipedin aşması təhlükəsini doğuran, sürücünün öz yerində rahat oturmasına mane olan hallar nəzərdə tutulur. Həmçinin iki və daha çox zolağı olan yollarda sola dönmək və piyada keçidindən keçmək istəyərkən, sürücü velosipeddən düşməli və velosipedi əli ilə itələyərək yolu digər istiqamətə keçməlidir. Çox təəssüf ki, velosipedçilər bu qaydalara riayət etmirlər.

Şübhəsiz ki, bu qaydaların pozulmasına görə qanunvericilikdə inzibati məsuliyyət tədbirləri də nəzərdə tutulub. Yəni velosiped sürücüsü sadalanan qayda pozuntularını törədərsə, yol polisi tərəfindən saxlanılaraq cərimə oluna bilər.

Xatırladırıq ki, velosipedçilərin hüquq və vəzifələri "Yol Hərəkəti Haqqında Qanun"un 38-ci və 46-cı maddələri ilə tənzimlənir. Bu maddələrin tələbi pozulduqda onlar da sürücü olaraq inzibati məsuliyyətə cəlb edilirlər. Amma bu barədə sizə məlumat verməkdə məqsədimiz inzibati tənbeh tədbirləri keçirtmək deyil, təbliğatın gücləndirilməsi və velosipedçilərin ən azından özlərinin yol hərəkətində təhlükəsizliyinin təmin edilməsidir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top