Tanınmış şəxsiyyətlər M.Ə.Rəsulzadə haqqında — Nəsiman Yaqublunun araşdırması


GÜNDƏM 31 yan 2021, 13:46
Bu gün Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu Məhəmməd Əmin Rəsulzadənin  anadan olmasının 137-ci ildönümüdür. Bütün həyatını və fəaliyyətini Azərbaycan xalqının azadlığına həsr etmiş bu görkəmli şəxsiyyət həm də zəngin siyasi, tarixi, elmi və ədəbi irs qoyub getmişdir.Onun fəaliyyəti eyni zamanda digər xalqların rejimlərə qarşı apardığı  mübarizələrlə  yaxınlıq yaratmış və onlara da öz töhfəsini vermişdir.Beynəlxalq “Prometey” hərəkatında və sovet rejiminə qarşı antibolşevik təşkilatlarda yer alan M.Ə.Rəsulzadə digər xalqların tanınmış siyasi xadimlərinin də rəğbətini qazanmışdır.Bunu nəzərə alıb M.Ə.Rəsulzadə haqqında tanınmış şəxsiyyətlərin fikirlərini və tanınmış mütəfəkkir,  böyük bəstəkar Ü.Hacıbəylinin onun haqqında  qeydlərini oxuculara təqdim edirəm. 

Üzeyir Hacıbəyli (Azərbaycanın görkəmli mütəfəkkiri və bəstəkarı):  “Məhəmməd Əmində natiqlikdə “patent” qazanmış olan “arator”lara məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəyişmə kimi hərəkətlər yox idi. Bunların əvəzində özgə bir hal var idi ki, o da getdikcə qızışıb sözlərinin dəruni qəlbdən söylədiyini eşidənlərə hiss etdirməklə dərin bir təsir oyatmaq idi. Qol atmaqdan bu yaxşıdır. Bunda ixlasi(ürəyi təmizlik)) qəlb və səmimiyyətlə bərabər, deyilən kəlamda bir də böyük bir ciddiyyət mövcud olduğuna hər kəs inanıb natiqin hər bir sözünə lazımınca əhəmiyyət verirdi. O idi ki, hər bir cümlə axırında alqışlar yağırdı.”

Seyid Həsən Tağızadə (İran Senatının sədri, İranın Böyük Britaniya Böyükelçisi): “Rəsulzadə bütün ömrüm boyunca  Şərq dünyasında rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə, nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən fədakar, mücahid və örnək bir insan idi. Belələrinə zamanımızda və hələ bizim tərəflərdə rastlaşmaq həmən-həmən imkansız olduğu kimi bütün dünyada da rastlanmaz”.

İosif Vissarionoviç Stalin (Sovet dövlətinin tanınmış xadimi, Sovet İttifaqına 31 il baş-çılıq etmiş şəxs): “Siz keçmiş mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi budur. Çar istibdadına  qarşı mücadilələrinizi, Sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün dəyərli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insan deyilsiniz. Məncə ,Sizə azadlıq verilməlidir”.

Həmdulla Sübhi Tanrıövər (Türkiyənin Mətbuat və  Milli Təhsil Nazirliyində yüksək vəzifə¬lərdə çalışmış,  Türkiyənin Rumıniya Böyükelçisi olmuşdur): “Ustadı uzun illərdən bəri tanıyıram. Onunla məmləkətin həm daxilində, həm xaricində bərabər çalışmışıq. Eminlə “Türk Yurdu”nda, “Türk Ocağı”nda, Ankarada və Buxarestdə bir yerdə olmuşuq. 
Çox qiymətli dostumuzu itirdik. Bədbəxt türk elləri bizə çox qiymətli övladlar göndərdi: Qaspiralı İsmayıl, Əli bəy Hüseynzadə, Ağaoğlu Əhməd, Yusif Akçura, Cəfər Seyidəhməd, Sədri Məqsudi və daha bir çoxları. Məhəmməd Əmin Rəsulzadə bunlardan biri idi. Türk millətləri üçün onların hürriyyət və istiqlalları yolunda can verənlərin röyaları təhəqqüq edəcəkdir”.

Senator Sedlitski (Polşanın tanınmış ictimai xadimi, senator, Varşavadakı Şərq İnstitutunun direktoru) – “...Bu həm də ona görə xoşdur ki,  öz azadlığı uğrunda mübarizə aparan, Şərq xalqlarından daha birisinin tarixini göstərən bu kitabın müəllifi Azərbaycan Milli Hərəkatının ideoloqu və Milli Müsavat Partiyasının lideri, Müstəqil Azərbaycanın Milli Şurasının keçmiş sədri, görkəmli dövlət xadimi və patriotu Məhəmməd Əmin bəy Rəsulzadədir”.

Zəki Vəlidi Toğan (Böyük mütəfəkkir, icti¬mai-siyasi xadim, Başqırdıstan Respub¬lika-sının ilk rəhbəri): “Biz Rusiya əsiri türklər 1917-ci il inqilabına qüvvələri bir zümrə olaraq girdik. Bunu təmsil edən Məhəmməd Əmin Rəsulzadə oldu. Rusiya inqilabı başlandıqdan sonra Azər-baycan türk mərkəziyyət “Müsavat” partiyası proq¬ramı bizə gəldi. Məhəmməd Əmin Rəsul¬za-dənin göndərdiyi proqram və məktub Peterburqda bom¬ba kimi partladı.
...Əgər bu mühit əzizləri seçən bir mühit olsaydı, mən mərhum Məhəmməd Əmin Rəsulzadənin əziz olaraq seçilməsinə rəy verərdim. Bu günə qədər onun əleyhinə olanlar tövbə etməlidir. Yoxsa Allah günahlarını bağışlamaz!
Məhəmməd Əmin Rəsulzadəni öldükdən sonra da yaşatmaq üçün azərbaycanlılar    onun yolunu davam etdirməlidir!”

Cəfər Seyidəhməd Krımər (Krım tatarlarının lideri, Krım Cümhuriyyətinin keçmiş Hərb və Xarici İşlər Naziri): “Bir gün həyatınızı  yazacaq bəxtli bir türk gənci, yaxud da şəxsiyyətinizi canlandıracaq bir türk sənətkarı, ömrünüzün hər dövrünü qavrayıb anladıqca “nə şərəflidir mənə ki, bu yaşamağa dəyər səhifələri canlandırıram” – deyə sevinəcəkdir, bunların əsərlərini oxuyan və ya seyr edənlər də Sizi daima sonsuz məhəbbət, hörmət, rəhmətlə anacaqlardır”. 
        
Noy Jordaniya (Gürcüstanın sabiq prezidenti, 1918-1921-ci illər):  “M.Ə.Rəsulzadənin kitabı məhz böyük bir mədəni məsələni  - ənənələrin mühafizəçiləri nöqteyi -nəzərindən təfsir edən dairələrə cavabdır. İmperializmin bütün növləri üçün eyni bir xəstəlik xarakterikdir: tarixi korluq. Tarix onlardan asılı olmayaraq öz yolunu davam etdirməkdədir; olacağa çarə yoxdur”.

Abdulla Battal Taymas (Kazan türklərinin lideri): “Məhəmməd Əmin Rəsulzadə yalnız azərbay¬canlılar üçün deyil, bütün türklər üçün böyük bir də¬yərdi. Ölümü də bütün türklük üçün böyük bir dərddir. O, inandığı mübarizə uğrunda hər şeyini, ailəsini, rahatlığını, səhhətini, nəhayət,  həyatını fəda etmişdi. Özü də nadir olan bir idealist idi. O, bu dünyadan ayrılmışsa da, tarix səhifələrimizdə, beynimizdə və qəlblərimizdə daima yaşayacaqdır.

Məhəmməd Əmin Rəsulzadə bir cəmiyyət adamı idi. Cəmiyyətimizi yaşatmağa və səadətə çatdırmağa çalışanlardan idi. Məhəmməd Əmin Rəsulzadənin apardığı mübarizə və ideal ölməyəcəkdir, yaşayacaqdır, dayanmayacaq  və  irəli gedəcəkdir”.

Moderator.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 apr 2021, 13:05
11 apr 2021, 11:12
Top