Deputat: “Türkiyə Silahlı Qüvvələrinin Qarabağda olması Prezidentin prinsipial mövqeyindən irəli gəlir”

GÜNDƏM 30 yan 2021, 17:23
“Azərbaycan 44 günlük müharibədə parlaq qələbə qazandı. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması proseslərin məntiqi davamıdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, mərkəzin fəaliyyətə başlaması Qarabağda sülhün bərqərar olmasında, qarşılıqlı əməkdaşlığın formalaşmasında mühüm rol oynayacaq: “2020-ci ilin noyabrın 10-da Ermənistan, Rusiya və Azərbaycan arasında imzalanmış bəyanatla ölkəmizin ərazi bütövlüyü təmin olundu. Ermənistan kapitulyasiya etdi. Birgə Monitorinq Mərkəzinin yaradılması bəyanatda əksini tapıb. Türkiyə Silahlı Qüvvələrinin Qarabağa gəlməsi Azərbaycan Prezidentinin prinsipial mövqeyi olub. Türkiyə Vətən müharibəsində Azərbaycana həm siyasi, həm də mənəvi dəstək verib. Qardaş ölkənin bu dəstəyi davam etməkdədir. Azərbaycan Türkiyəni hər zaman yanında hiss edir. Qarabağdakı vəziyyət mərhələli şəkildə həll edilir. Bu məsələ ilə bağlı Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyi ortadadır”.

Qeyd: Yanvarın 30-da Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub. Açılışda Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər. Bildirilib ki, Mərkəzin əsas məqsədi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış  üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir. Qeyd edilib ki, Türkiyə-Rusiya Birgə Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Bundan əlavə hər iki tərəfin istifadəsi üçün ayrı və ümumi monitorinq mərkəzləri, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var. Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki ədəd idman şəhərciyi, eləcə də iki ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir. Bütün əraziyə, perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub. Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş istirahət otaqları da hazırlanıb. Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir. Monitorinq Mərkəzində həm Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu xidmət göstərəcək. Monitorinq mərkəzinin Türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, Rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top