Deputat: “Siqaretin qiymətinin artırılması ilə büdcəyə kifayət qədər vəsait daxil olacaq”

GÜNDƏM 28 yan 2021, 16:36
“Siqaretin qitmətinin artırılmasında iki məqsəd var. Birinci təbii ki, insanların səhhəti üçün zərərlidir, ikincisi, büdcəyə kifayət qədər vəsait daxil olacaq”.

Bunu millət vəkili Rüfət Quliyev deyib. Onun sözlərinə görə, bütün dünya ölkələrində siqaretin qiyməti süni formada aksiz və vergilərə görə kifayət qədər qaldırılıb. Burada da səbəb qeyd olunan amillər olub.

R. Quliyev bildirib ki, aksiz dərəcəsinin qaldırılması Azərbaycanda tütünçülüyün inkişafına da təsir edəcək: “Yerli istehsalçılar da bundan ağıllı istifadə etməlidirlər.

Burada tək qiymətdən söhbət getmir, dünya ölkələrinin bir çoxunda siqaretin reklamı qadağandır, siqaret çəkilən yerlər məhdudlaşdırılıb, hər yerdə çəkmək olmaz. Mən özümdən misal çəkim, artıq siqaret çəkməyi iki dəfə azaltmışam, çünki çəkmək üçün müəyyən yer tapmalıyam, bu da ona gətirib çıxarır ki, siqaret çəkməyi avtomatik azaldırsan. Bu proses hər yerdə gedir”.

Millət vəkili bildirib ki, bu gün yerli istehsal 70-80 faizdən yuxarı təşkil edir: “Burada mən iki məqama toxunmaq istəyirəm: yerli brendlərin daha da inkişaf etdirmək lazımdır. İstənilən məhsulda yerli brendin öndə getməyi daha çox iqtisadiyyata uyğundur. Düzdür, dünyaca məşhur brendlərin burada istehsalı da yerli istehsal sayılır, amma daxil olan vəsaitin bir qismi məhz ada görə həmin brendlərin sahibinə verilir. Bu gün dünya marketinqində  keyfiyyətdən çox brendin özünə üstünlük verilir.

İkinci məsələ, Azərbaycanda  tütünçülüyün inkişafı ilə bağlı cənab Prezidentin tapşırığı var. Əfsuslar olsun ki, biz sürətlə tütünçülüyü inkişaf etdirə bilmirik. Sovet dövründə Azərbaycanda 60 min tona qədər tütün istehsal olunub, satılırdı. Bu gün isə bu  rəqəm kifayət qədər azdır.

Tütünçülük zonalarında tütün əkib, həmin keyfiyyətli, ətirli tütündən istehsalda istifadə edə bilsək, xaricə sata bilərik, həm də 10 minlərlə fermer işlə təmin olunar. Bu biznesdən əvvəl sosial məsələdir və buna kifayət qədər diqqət ayrılır. Mən həmişə təklif etmişəm ki, əkib, becərib, quru tütünün alıcısını axtarmaqdansa, dünyada olan beş-altı transmilli şirkətləri çağırıb onlarla saziş bağlamaq daha yaxşı olar. Tütünü istehsal edib satmaq yox, əvvəlcədən həmin şirkətlərin istədiyi keyfiyyətdə tütün əkmək daha məntiqli olar.

Bir məqamı da deyim ki, 16 il əvvəl biz dünya təcrübəsindən istifadə edərək siqaretin reklamını qadağan etdik. Bu qadağa daha çox dünyada tanınmış siqaret satıcılarının xeyrinə oldu. Yerli məhsulların isə tanınmaq imkanı olmadı. Reklamın qadağan olunmasının yerli istehsala fəsadı oldu. Amma dünyada məşhur siqaret markaları var və bu gün onların reklama ehtiyacı yoxdur.

İnanıram ki, əgər  bu biznes düzgün formada qurulsa, istənilən qazancı götürmək olar. Nəzərə alsaq ki, Avropa ölkələrinin çoxunda tütün istehsalına qadağa var, artıq subsidiyalar ayrılmır və belə bir situasiyada bundan səmərəli şəkildə istifadə etmək mümkündür”.(yenisabah.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top