SOCAR investorlara 20 milyon dollar faiz ödənişi etdi


MALİYYƏ 13 yan 2021, 13:55
SOCAR dövriyyəyə buraxdığı istiqrazlar üzrə investorlara 20 milyon ABŞ dolları faiz ödənişi edib.

Bu barədə Oxu.Az-a “SOCAR Capital”dan məlumat verilib.

Belə ki, 2016-cı ildə daxili bazar üçün beş il müddətinə dövriyyəyə buraxılan SOCAR istiqrazları dördüncü ilinə yekun vurub. Bildirilib ki, bu emissiya ilə SOCAR qiymətli kağızlar bazarında böyük uğurlar qazanıb və bu istiqrazlar təkrar bazarda da ən çox satılan qiymətli kağız statusunu qorumağı bacarıb.

Əlavə edilib ki, SOCAR istiqrazları dövriyyəyə buraxıldığı ilk vaxtlardan etibarən daxili kapital bazarlarında əhəmiyyəti dərəcədə canlanmaya səbəb olub. Belə ki, 100 milyon dollarlıq istiqrazlar üçün tələb 200 milyon dolları ötüb. Bu günə qədər istiqrazlar üzrə investorlara 20 milyon dollar faiz ödənişi edilib və növbəti faiz ödənişinin 17 yanvar 2021-ci il tarixində baş tutması gözlənilir.

Qeyd edək ki, SOCAR-ın daxili bazar üçün istiqrazları 2016-cı ilin oktyabr ayından dövriyyəyə buraxılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi beş faiz və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər üç aydan bir olmaqla, ildə dörd dəfə ödənilir.

Bu il ərzində də SOCAR-a məxsus 100 milyon ABŞ dolları məbləğində istiqrazlar dövriyyəyə buraxılacaq. Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların emissiyası nəzərdə tutulub.

Bildirilib ki, istiqrazların sahibi qiymətli kağızların nominal dəyərindən illik 4,5 faiz olmaqla tədavül müddəti bitənə qədər faiz əldə edəcək. İstiqrazların əsas məbləğinin ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən beş il təşkil edir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top